Əliyevlərin Gürcüstandakı biznesi – Banklar (II yazı)


Tbilisidə bizi şəhərlə tanış edən taksi sürücüsü gürcülərin öz ölkələrini Sakartvelo adlandırdıqlarını söyləyir. Azərbaycandan olduğumuzu biləndən sonra isə “SOCAR” yanacaqdoldurma məntəqəsini göstərib, gülərək əlavə edir ki, indi biz Gürcüstana “SOCARvelo” deyirik.

Kasıb Gürcüstan neft pulları ilə zəngin olan Azərbaycan üçün cəlbedici ölkədir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda yalnız yanacaqdoldurma və maye qaz məntəqələri açmaqla kifayətlənməyib. Gürcüstanın təbii qazla təchizatı da ARDNŞ tərəfindən həyata keçirilir. Regionu Avropa ilə birləşdirəcək Bakı-Axalkalaki-Qars dəmir yolunun tikintisində də Azərbaycanın payı olduqca yüksəkdir. Dəmir yolunun inşası üçün Azərbaycan Gürcüstana 750 milyon ABŞ dolları həcmində azfaizli kredit verib. Eyni zamanda, yolun inşasını Azərbaycan şirkətləri həyata keçirir.

Xarici investisiyaya ehtiyacı olan Gürcüstan hakim Əliyevlər ailəsinin də diqqətini çəkib. Əliyevlər ailəsinə məxsus və ailəyə yaxın oliqarxlar Gürcüstanda geniş biznes şəbəkəsi qurublar. Əliyevlər ailəsi Gürcüstanda bank-maliyyə sektoruna, daşımaçılıq, turizm və qida sənayesinə külli miqdarda investisiya qoyub. Hakim ailə biznesini gizlətmək üçün digər ölkələrdə olduğu kimi, Gürcüstanda da “proxy”lərdən geniş istifadə edir.

“Paşa  Bank in Georgia”

“Pasha Bank Georgia”  Tblisinin mərkəzində Şoto Rustavelli küçəsi 15 ünvanında yaraşıqlı tarixi binada yerləşir. Gürcüstan Ədliyyə Nazirliyinin Milli Dövlət Qeydiyyat Agentliyinin rəsmi reystr bazasındakı  (https://enreg.reestri.gov.ge) məlumatlara görə, “Pasha Bank Georgia”nın təsisçisi Azərbaycanda qeydiyyatdan keçmiş “Paşa Bank”dır. Rəsmi qeydiyyat  sənədlərini araşdırarkən məlum olur ki, “Paşa Bank” Qapalı Tipli Səhmdar Cəmiyyətinin (QSC) səhmdarlarının  22 oktyabr 2012-ci il tarixində Bakıda keçirilən  ümumi yığıncağının qərarı ilə “Pasha Bank Georgia” Səhmdar Cəmiyyətinin yaradılması barədə qərar verilib. Yığıncağa  Mir Camal Paşayev sədrlik, Arzu Əliyeva isə katiblik edib. Ümumi yığıncaqda “Paşa Bank”ın səhmlərinin 10 % -nin sahibi Arif Mir Cəlal oğlu Paşayev, səhmlərin 60% -nin sahibi Mir Camal Hafiz oğlu Paşayev və səhmlərin 30 % -nin sahibi olan “ADOR” MMC-nin direktoru qismində  prezident İlham Əliyevin qızı Arzu Əliyeva iştirak edib.

 

“PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbədənkənar ümumi yığıncağının protokolu

Yığıncağın qərarı ilə “Pasha Bank Georgia”nın ilkin nizamnamə kapitalı 35 milyon gürcü larisi miqdarında müəyyən edilib. Göstərilən məbləğ “Paşa Bank” tərəfindən ödənilib. Gürcüstan Ədliyyə Nazirliyinin Milli Dövlət Qeydiyyat Agentliyinin rəsmi internet saytında yer alan məlumatlara görə, “Pasha Bank Georgia” 12 dekabr 2012-ci ildə rəsmi qeydə alınıb.

Qeyd edək ki, Azadlıq Radiosunun hazırda həbsdə olan əməkdaşı Xədicə İsmayıl “ADOR” MMC ilə bağlı  araşdırmasında  MMC-nin Əliyevlər ailəsinə məxsus olduğunu göstərmişdi. “Paşa Bank”-ın səhmlərinin 10% -nə sahib olan Arif Paşayev prezident İlham Əliyevin qaynatasıdır. Səhimlərin əhəmiyyətli hissəsinə – 60% -nə sahib olan Mir Camal Paşayev isə prezidentin xanımı Mehriban Əliyevanın əmisi, Azərbaycanın ABŞ-dakı sabiq səfiri, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevin oğludur.

“Paşha Bank”ın səhmdarlarının 22 oktyabr 2012-ci il tarixli yığıncağında  Azərbaycan prezidentinin qızı Arzu Əliyevanın “Paşa Bank” QSC-də 30% səhimə sahib olduğu göstərilib. 2013-cü ildən etibarən bankın illik hesabatlarında səhmlərin 45%-nin Arzu Əliyevaya, 45% -lik səhm paketinin prezident İlham Əliyevin digər qızı Leyla Əliyevaya, 10% səhm paketinin isə Arif Paşayevə məxsus olduğu göstərilir. Mir Camal Paşayevin sahib olduğu 60% -lik səhm paketinin Leyla və Arzu Əliyevalar arasında bölüşdürülməsi onu göstərir ki, prezident İlham Əliyev ən yaxın qohumlarını ölkənin nəhəng holdinqindən uzaqlaşdıraraq, “Paşa Holdinq”ə tam olaraq sahiblənib.

Onu da qeyd edək ki, “Pasha Bank Georgia” fiziki şəxslərə və kiçik sahibkarlara bank xidməti göstərmir. Bank əsasən iri şirkətlərə, xüsüsən, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərilə işləyir. “Pasha Bank Georgia”-nın rəsmi internet səhifəsində (www.pashabank.ge) yer alan məlumatlara görə, 2014-cü ilin dekabr ayına olan hesabatda “Paşa Holdinq”in aktivlərinin təxminən 3 milyard avro olduğu qeyd edilib.

 

Azadliq.org