SOCAR Londonda minlərlə adama qonaqlıq verib FOTO


SOCAR-ın vitse-prezidenti «Bloomberg»ə deyib ki, Londonda adamların əhvalını pozmamaq üçün qənaət eləmirlər

download
Rövnəq Abdullayev isə Bakıda hər manata qənaətdən danışır…
Bir neçə gün əvvəl Londonda ənənəvi beynəlxalq neft həftəsi keçirilib. Neft həftəsi çərçivəsində keçirilən tədbirə bu sahə ilə bağlılığı olan minlərlə şəxs qatılıb. ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi yazır ki, bu tədbir neftin istehsalından tutmuş, satışına qədər müxtəlif profil üzrə fəaliyyət göstərən bu şəxslər üçün o qədər də yaxşı olmayan dövrə təsadüf edirdi

Məqalədə həmçinin bildirilir ki, ötən ayın axırlarında Rusiya ilə OPEK-in neftin hasilatını azaldacağı barədə xəbərlər yayılarkən qiymət bir az qalxdı. Amma bu haqda deyilənlər şayiə olaraq qaldı. “Rosneft”in prezidenti Seçin kifayət qədər ritorik sual verir: “Hasilatı kim azaldacaq? Səudiyyə Ərəbistanı? Iran? Meksika?”

Indi dünyada gündəlik neft artığı 1,7 milyon barrel təşkil edir. Seçin şikayətlənərək deyir ki, heç kim hasilatı azaltmaq istəmir.

“Bloomberg” onu da qeyd edir ki, tədbirdə iştirak edənlər üçün əvvəlki dövrlə müqayisədə vəziyyətin çox acınacaqlı olmasına baxmayaraq, bu, olduqca böyük ziyafət idi: “Stolların üstü hər cür yeməklərlə dolu idi. Sanki tədbir neftin bir barrelinin 100 dollar olduğu şəraitdə keçirilirdi”.
“Bloomberg” tədbirdə Azərbaycanı təmsil edənləri də diqqətdən kənarda qoymayıb.
“Azərbaycanı bu tədbirdə SOCAR təmsil edirdi. Neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanda əhalinin sosial vəziyyətinin pisləşməsinə və küçələrə çıxaraq etiraz aksiyaları keçirməsinə səbəb olub. Bütün bunlara baxmayaraq, SOCAR ”Park-Leyn Grosvenor House Hotel”də minlərlə qonağa böyük ziyafət verib. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov deyir ki, “biz adamların əhval-ruhiyyəsini pozmamaq üçün qənaət etmədik”, – deyə “Bloomberg” yazır.
Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev bugünlərdə mediaya açıqlamasında hər manata qənaət etməyə çalışdıqlarını bildirmişdi. SOCAR prezidentinin sözlərinə görə, kompüterləşdirmə işinin başa çatdırılmasına yetərincə maliyyə vəsaiti olmadığından şirkət yeni tikilmiş ofisə köçə bilmir. Belə çıxır ki, Bakıda qənaət rejiminə keçənlər Londonda böyük vəsaitlər hesabına başa gələn ziyafətlərdən çəkinmirlər.

One comment

Comments are closed.