AXCP Sədri Razi Nurullayev:Türkmən problemi Türkiyə üçün namus və şərəf məsələsidir


Türkiyədə baş verən hadisələrin Azərbaycanın da gələcəyinə ciddi təsiri ola bilər. Türkiyə nə qədər güclü olsa və qlobal bid dövlətə çevrilsə, Azərbaycan da bir qədər güclü olar. Üç ildən çoxdur ki, Qərb Türkiyəni münaqişənin düz ortasına atmaq istəyirdi. Ədalət namizə demək lazımdır ki, Türkiyə üzərinə götürdüyü qonşularla “0” münaqişə strategiyasına əməl etməyə xeyli səy göstərirdi. Amma, artıq doğru zamanda doğru qərar verməyin zamanı gəldi.

Doğru qərarın verilməsini labüd edən iki məsələ var. Birincisi, Kürd Dövlətinin yaranma təhlükəsi və AKP-nin son seçkidən tam qələbə ilə çıxmaması ucbatından hakimiyyəti itirmək təhlükəsi ilə üz-üzə qalması.

ABŞ və NATO Türkiyəni İŞİD-lə mübarizəyə cəlb etmək üçün çox səy göstərib. Türkiyə isə uzun müddət dirəniş göstərdi. Çünki, müharibəyə cəlb olunmaq və ölkəni terror xaosuna bürümək ona sərf etmirdi. Digər yandan, Qərb Türkiyənin irəli sürdüyü şərtlərlə razılaşmırdı.

Qərb hesab edirdi ki, Kürdlər İŞİD-i zəiflədə biləcək və mövqelərini möhkəmləndirəcəklər. Bu zaman, müharibədən uğur və qələbə ilə çıxmış Kürdlər daha çox avtonomiya, daha çox güzəşt və ən nəhayət öz dövlətlərini qurmaq barədə razılıq ala bilərlər.

Uzun müddət keçdi, lakin Kürdlər İŞİD ilə bacara bilmədi. Əksinə, İŞİD daha da gücləndi. Qərb birbaşa quru döyüşlərində itki vermək istəmədiyindən, region dövlətlərinin gücü ilə İŞİD üzərində qələbə çalmaq istəyir. Türkiyənin müdaxiləsi olmadan isə bu çətin görünür. Ona görə də, ABŞ ilə Türkiyə arasında razılıq əldə olundu.

Belə demək olar ki, Türkiyə ABŞ-dan razılıq ala bildi ki, Suriya ilə olan 90 km-lik ərazidə 50 km irəliləyərək bufer təhlükəsizlik zonası yaratsın. Bu isə artıq Türkiyənin sərhədində Kürd dövlətinin yaranmasını mümkünsüz edir. Türkiyəyə yaşl işıq yandırılıb və o artıq regionda hökm verən tərəfə çevrilib.

Bu anlaşmada Türkmənlərə ayrılan yer də əhəmiyyətidir. Ərdoğan türkmənlərin xilaskarı və onların qaraçuxası rolunu oynayacaq. Bir zamanlar, İsrail prezidentinə “Siz çocuq qatilisiniz” deyərək seçicilərin ürəyinə yol tapan Ərdoğan indi AKP-nin itirdiyi reytinqi türkmənlərlə balanslaşdıracaq. Türkiyə həm də doğru zamanda doğru qərar qəbul edərək qlobal oyunçuya çevrilməkdədir.

Türkmən məsələsinin həll edilməsi həm də Türkiyə üçün namus və şərəf məsələsidir. Son zamanlar zəifləmiş və hakimiyyəti itirmək təhlükəsi ilə üzləşən AKP seçicilərin rəğbətini qazanmaqdadır.

Təkrar seçkilər keçiriləcəksə, AKP təkbaşına hökumət qura biləcək. Bütün bu məsələlələrə həm də təkrar seçki prizmasından baxmaq lazımdır. AKP-nin əsas hədəfi isə HDPyə verilən səsləri təkrar qazanmaqdır. Artıq HDP lideri Səlahəttin Dəmirtaş “xalq düşməni” elan edilib. Barış da pozulub və xaosdan can qurtarmaq və müharibəyə son qoymaq istəyən seçicilər HDP-yə yox, AKP-yə səs verəcəklər.

img_0326-1