AXCP-dan Qarabağ təklifi: Vahid Qərar Şurası yaradılsın


 

AXCP Qarabağ danışıqları ilə bağlı Azərbaycan dövlətinin maraqlarının təmin olunması, Azərbaycan dövlət başçısının sülh danışıqlarında xalqımızın bütün zümrələrinin maraq və istəklərini özündə ehtiva edən mövqe sərgiləməsi üçün “Vahid Qərar Şurası”nın yaradılması təklifini irəli sürüb.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməməsi və hazırkı status-kvonu qoruyub saxlamaq cəhdi Qarabağ danışıqlarında Azərbaycan dövləti üçün əlverişsiz mövqe yaradır. Bu səbəbdən də Azərbaycanın qəbul etdiyi Yeniləşmiş Madrid Prinsiplərindən (2009-cu il, mərhələli şəkildə işğal olunmuş rayonların qaytarılması) imtina edib.

Qarabağ danışıqlarının nəticəsiz olaraq uzun müddət aparılması, Ermənistanın işğal etdiyi torpaqları azad etməkdən imtina etməsi, hazırkı status-kvonun saxlanılması və birtərəfli qaydada Ermənistana sərf edən danışıqlar prosesinin müxtəlif adlar altında davam etdirilməsinın nəticəsində qarşı tərəf – Ermənistan əlavə zaman qazanmış olur. 22 illik atəşkəs rejimi vəziyyətində (Bişkek protokolu, 21 may 1994-cü il) dəfələrlə Ermənistan tərəfindən atəşkəs pozulmuş, Azərbaycanın hərbi qulluqçuları və dinc sakinlər elan olunmamış müharibə vəziyyətində ölümlərlə üz-üzə qalıb. Nəticədə Azərbaycan vətəndaşları qətlə yetirilib. Lakin bunun müqabilində beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupu tərəfindən Ermənistana qarşı ciddi tənbeh tədbirləri görülməyib, birmənalı münasibət bildirilməyib. Bu da Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır.

Azərbaycan dövlətinin və prezidentin danışıqlarda sərt iradə nümayiş etdirməsinə rəğmən, beynəlxalq təşkilatlar və ATƏT-ə üzv olan dövlətlər tərəfindən ona təzyiqlər edilir. İşğalçı və işğala məruz qalan dövlət arasında fərq qoyulmur. Təzyiqlərin arxasında isə Ermənistanın deyil, Azərbaycanın yeni kompromislərə vadar edilməsi durur.

Hesab edirik ki, Azərbaycan dövlətinin və təmsilçilərinin danışıqlarda mövqeyinin gücləndirilməsi üçün xalqın vahid mövqeyinin formalaşması danışıqlarda əlavə üstün imkanlar yaratmaq gücündədir. Bu, eyni zamanda Qarabağ anlaşmasının ölkə daxilində digər siyasi qüvvələr tərəfindən siyasi hakimiyyətə qarşı istifadə olunmaması və bütünlükdə Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi və ictimai qüvvələrin vahid mövqeyinin müəyyən edilməsi üçün də vacibdir. Bu mövqe işğal olunmuş torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpası, nəticədə münaqişənin həlli yolunda ciddi və Azərbaycan dövlətinin xeyrinə bir dönüş yaradar, Ermənistanı isə haqsız olduğuna görə çətin duruma sala bilər.

“Vahid Qərar Şurası”-nın yaradılması

Vahid Qərar Şurasının məram və məqsədi dövlətin taleyüklü məsələsi olan Qarabağın azadlığı məsələsində Xalq və Dövlətin bir orqanizm kimi çalışmasını ortaya qoymaqdır.

“Vahid Qərar Şurası”nın fəaliyyəti

1.VQŞ-nın tərkibi dövlətin müəyyən etdiyi siyahıya uyğun – tanınmış ictimai xadimlər, ölkədə nüfuz malik olan müxtəlif ictimai qurumlar, bütün siyasi partiyalar, o cümlədən nizamnaməsində Qarabağla bağlı müxtəlif fikir və məramlar qeyd edilən ictimai birliklər, işğalda olan rayonların millət vəkilləri və həmin rayonlarda ictimaiyyət arasında xüsusi nüfuza malik ziyalı və ağsaqqallar, 20-25 nəfər tanınmış KİV rəhbərlərindən ibarət geniş tərkibli heyət təşkil edilir;

2.VQŞ-nın bu geniştərkibli heyətindən Şuranın Dövlətin və Xalqın dəyişməz, vahid mövqeyini əks etdirən qərar layihəsinin hazırlanması üçün işçi qrupu yaradılır;

3.VQŞ-nın prinsipləri beynəlxalq qanunları rəhbər tutaraq dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı, Azərbaycan xalqının milli mənafeyini təmin edən, Ermənistanın işğalında olan Qarabağ və ətraf rayonların qeyd-şərtsiz azad olunması prinsipi çərçivəsində Azərbaycan dövlətinin tərkibində hansı dərəcədə statusun verilməsi məsələsinin konkret detallar üzərində qurulur;

4.Qarabağ və ətraf rayonlara dəymiş maddi və mənəvi ziyanın sərhədlərinin (dərəcəsi) işçi qrupu tərəfindən qiymətləndirilməsi və vahid formatda beynəlxalq təşkilatlara təqdim edilməsi, ardından isə Ermənistandan təzminatın tələb edilməsi üçün müvafiq sənədlər hazırlanır. Bunun üçün İşçi Qrupuna beynəlxalq təşkilatların, müstəqil beynəlxalq auditorların, qiymətləndiricilərin və ekspertlərin dəvət edilməsi də vacibdir.

5.ATƏT-in Minski qrupunun fəaliyyətin ilə bağlı VQŞ-nın mövqeyini müəyyən etmək və vahid münasibəti, o cümlədən potensial islahat təkliflərinin ATƏT-in üzv dövlətlərinə təqdim edilməsi;

6.BMT-nin Qarabağla bağlı 4 məlum qətnaməsini Ermənistan tərəfindən icra edilməməsinin müvafiq beynəlxalq təşkilatlar qarşısında yazılı şəkildə qaldırılması və onlardan yazılı cavab tələb edilməsi;

  1. Alınan cavabların ictimaiyyətə təqdim edilməsi və cavabların ölkəmizin xarici diplomatiya sahəsində apardığı səylərdə istifadə edilməsi;

  2. VQŞ-da Xarici İşlər Nazirliyinin Qarabağla bağlı bu günə qədər gördüyü işlərin hesabatının dinlənilməsi və qiymətləndirilməsi, yaxın gələcək üçün qəti qərarların fonunda sözü gedən nazirliyə tövsiyyələrin edilməsi;

9.VQŞ-da Qarabağ məsələsinin həll olunmasına mane olan açıq tərəflərin rəsmi olaraq elan edilməsi;

10.Azərbaycanın təkzib olunmaz ədalətli mövqeyini, arqumentləşdirilmiş müraciətini bütün müvafiq beynəlxalq təşkilatlara, dünya ölkələri birliklərinə və 193 dünya ölkələri hökumətlərinə, prezidentlərinə, parlamentlərinə, XİN-ə xəbərdarlıq bəyənnaməsi kimi göndərilməsi və rəsmi cavabların alınmasına nail olunması;

11.VQŞ-da atəşkəsin zaman ölçüsünün təyin və son tarixinin bəyan edilərək dünya ictimaiyyətinə dövlətin mövqeyi kimi çatdırılması;

12.VQŞ yuxarıda qeyd olunan məsələləri atəşkəsin konkret müəyyən olunmuş zaman daxilindəki müddətində həyata keçirir.

13.VQŞ-nın qəbul etdiyi vahid sənədin qurumda təmsil olunan bütün üzvlər tərəfindən “Qarabağ-Azərbaycan” sənədi kimi qəbul edilməsi əsas şərtdir.

14.VQŞ-nın qəbul etdiyi “Qarabağ-Azərbaycan” sənədi dövlət başçısı tərəfindən imzalanır və hüquqi status daşıyır.