YAP hakimiyyəti şəhid ailələrinə nifrət edir 



35-i legioner (xarici) olmaqla Rio Olimpiyadasında iştirak edən 56 nəfərdən ibarət milli yığmamıza qızıl medala görə 400.000 manat ayıran hakimiyyətin şəhid ailələrinə 11.000 manatı belə çox görməsi barədə saysız misallar var.

Görəsən hər dəfə şəhid ailəsinin ölkəyə səs salan fəryadlarından sonramı o 11.000 manat məsələsi həll olunmalıdır?! Son günlərdə hamımızın utanc keçirdiyimiz briqada komandiri, polkovnik-leytenant şəhid Raquf Orucovun ailəsinin bəyanatından sonra bu gün aprel döyüşlərində ağır yaralanaraq şəhid olan tankçı Rahim Tağıyevin xanımı Vüsalə Tağıyevanın müraciətini oxudum:
”Qeydiyyatım Mingəçevirədir, yoldaşımın qeydiyyatı Şəkiyədir. Xəstə olduğuma görə tez-tez maşın tutub Şəkiyə gedə bilmirəm. Mənim o qədər pulum da yoxdu ki, yollara pul töküm. Mən heç bir sənəd ala bilməmişəm. Mingəçevir İcra Hakimiyyətinə gedirəm deyirlər get Şəkiyə, Şəki İcra Hakimiyyətinə gedirəm deyirlər “get Bakıya”. Mən yollarda qalmışam. Mən yasımla məşğul olum, yoxsa yollarda can çürüdüm. Bir nəfər gəlsin maraqlansın Rahim rəhmətə gedəndən sonra üstümə neçə dəfə Təcili Yardım gəlib. Bəs mən insan deyiləm? Dərdimi kimə deyim? Dövlətin bir adam yoxdurmu ki, mənimlə maraqlansın? Təkbaşına 3 uşağa baxıram. Müdafiə Nazirliyi niyə şəhidi ilə maraqlanmır? Niyə maraqlanmırlar? Məktəb açılır, mən bu uşaqlara heç nə almamışam. Mən bu uşaqları nə ilə məktəbə yola salım? Atam yox, qardaşım yox. Təkbaşına, pulsuz 3 uşaqla Bakıya necə getməliyəm? O gün mənə həkimdən dərman yazıblar, ala bilməmişəm. Niyə bizim ailə ilə maraqlanan yoxdur? Bu gün mən 3 uşağa tək başına necə baxım? Rahim sağ olsaydı özü öz balalarına baxacaqdı. Mən neyləyim? Mən xəstəyəm, Şəkiyə getmişəm halım dəyişib, yoldaşımın qəbri üstünə gedirəm halım pisləşir. Qalmışam iki rayonun arasında”.
Qeyd: Müraciətin ictimailəşməsində yardım etmənizi xahiş edirəm.

Aslan Ismayılov