Vaşinqton: Natiq Cəfərlini azad edin!



“Biz REAL hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsindən çox narahatıq,” deyə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Toner bəyan edib. O, habelə ABŞ hökumətinin digər azərbaycanlı siyasi fəalların həbsindən eyni dərəcədə narahat olduğunu bəyan edib.

“Biz qəti şəkildə Azərbaycan hökumətini öz fündamental azadlıqlarından yararlanan bu və digər fəalları həbsdən azad etməyə çağırırıq,” deyə Toner Amerikanın Səsinin sualına cavabda bildirib.

ABŞ hökumətinin sözçüsü Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental azadlıqlarına hörmət etməyə və ölkənin gələcək istiqaməti ilə bağlı dialoq açmağa çağırıb.

Konstitutsiya dəyişiklikləri ilə bağlı referendum təşəbbüsünə toxunan Mark Toner rəsmi Bakını həmin dəyişiklikləri Avropa Şurasının Venesiya Komissiyasına və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə (ODIHR) təqdim etməyə çağırıb.