Müsavat Milli Şura birgə mitinq qərarı verdi


Müsavat Partiyası sentyabrın 24-nə referendum əleyhinə növbəti mitinq təyin edib. Qərar partiya divanının sentyabrın 14-də keçirilən toplantısında verilib.

Bu haqda partiyanın mətbuat xidməti xəbər verir.

Xəbərdə bildirilir ki, müzakirələr zamanı referenduma çıxarılan təkliflərə etiraz edən ictimai-siyasi təşkilatların birgə aksiyasının keçirilməsi məqsədəuyğun hesab edilib. Bu səbəbdən sentyabrın 24-də birgə mitinqin keçirilməsi qərara alınıb.

Sentyabrın 24-də birgə mitinqin keçirilməsi qərara alınıb.

Divanın toplantısında həmçinin, Müsavat Partiyasının sentyabrın 18-nə təyin edilən mitinqinə hazırlıq məsələləri də müzakirə olunub.

Müsavat Partiyasının Konstitusiya dəyişikliklərinin əleyhinə olan digər siyasi qüvvələrlə razılaşdırmadan verdiyi birgə mitinq qərarına isə müttəfiqlərin münasibəti indilikdə bəlli deyil.

Müsavat Partiyası Konstitusiyaya dəyişikliklərin əleyhinədir. Partiya dəyişikliklərə etiraz olaraq sentyabrın 18-də mitinq keçirmək qərarı verib.
Bakı şəhər İcra Hakimiyyəti, hələlik, Müsavat partiyasının müraciətinə cavab verməyib.

Demokratik Qüvvələrin Milli Şurası da bundan bir gün əvvəl-sentyabrın 17-də növbəti aksiyasını keçirmək istəyir. Onların da aksiyasına şəhər rəhbərliyi mövqeyini bildirməyib. Ancaq Milli Şura sentyabrın 11-də Bakıda «monarxiyaya son, talana yox» şüarı ilə aksiya keçirib.

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Azadliq Radiosuna istinad