Vətəndaş cəmiyyətinin əksəriyyəti sınaqdan üzüağ çıxa bilmədi


images-cms-image-000026649

Ölkəni 18-20 yaşlı gənc idarə edə bilər, amma hakim olmaq üçün 30 yaş tələb edilir”

26 sentyabr referendumu bitdi və MSK nəticələri elan etdi.Növbəti mərhələ beynəlxalq və yerli təşkilatların münasibətinin müzakirə predmetinə çevrilməsidir. Bu baxımdan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliylə söhbətimiz də də yalnız referendum, seçki, seçici fəallığı deyil, həm də vətəndaş cəmiyyətinin mövcud durumu ətrafındakı suallara cavab almağa çalışdıq. 

 

– Anar bəy, 26 sentyabr referendumuna çıxarılan dəyişikliklər Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla, üzərinə götürdüyü öhdəliklərlə hansı ziddiyyətlər təşkil  edir?

– Məsələ burasındadır ki, sentyabrın 26-da keçirilən referendum ölkənin konstitusion islahatlara olan ehtiyacları ilə bağlı heç də mütənasiblik təşkil etmirdi. Demokratik ölkələrdə qəbul olunmuş praktikaya görə, hər bir ölkədə konstitusiyaya dəyişikliklər və əlavələr edilərkən referenduma çıxarılan məsələlər islahatçı xarakter daşımalıdır. Əgər kimsə konstitusiyaya təkliflər irəli sürürsə, əvvəlcə bu dəyişikliklərə olan ehtiyac ortaya çıxmalıdır. Misal üçün, bu il Böyük Britaniyada keçirilən brexit. Buna cəmiyyətin ictimai-siyasi bir ehtiyacı vardı. Böyük Britaniya cəmiyyəti iki qütbə bölünmüşdü: bir qisim ölkənin Avropa Birliyində üzvlüyündə yaratdığı çatışmazlıqlar və nöqsanlarla bağlı mövqe paylaşırdı. Digər tərəf isə Böyük Britaniyanın Avropa Birliyində üzv olmasıyla bir sıra üstünlüklər əldə etdiyini, sosial-siyasi sistemi inkişaf etdirəcəyini, ölkənin dünyaya inteqrasiya və mövqeyinin güclənməsilə bağlı mövqe ortaya qoyurdu. Bu məsələlər aylarla müzakirə olunandan sonra referendum keçirildi. Ona görə də referendum aktı gündəmə çıxarılarkən, ilk növbədə,bir suala cavab verilməlidir: ortaya qoyulan məsələ nə dərəcədə ölkədəki ictimai-siyasi ehtiyaclara mütanasibdir. Əfsuslar ki, nə 26 sentyabr, nə də 2009 və 2002-ci il referendumları ictimai-siyasi ehtiyacları və zərurəti ödəmirdi. 2002-ci ilin referendumuna çıxarılan məsələlərdən biri parlamentarizmlə bağlı yeni ənənələrin ortaya çıxmasıydı, həmin dövrə qədər qarışıq seçki sistemi idi, referendumla proposional seçki qaydasından imtina olundu. O zaman böyük kəsim dəyişikliklərin əleyhinə çıxdı. 2009-cu ilin referendumunda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanın ləğvi müddəası gündəmə gətirildi. Bu təşəbbüsün özü nə dərəcədə cəmiyyətin ehtiyaclarına və zərurətə mütənasaib idi? Cəmiyyətdə belə bir zərurət yox idi, ancaq təklif gündəmə gətirildi və dəyişiklik referendumla gerçəkləşdi. 26 sentyabra gələk, sual yaranır, nədən biz referenduma getdik?

– Hakimiyyət rəsmiləri, məsələn, prezidentin köməkçisi Əli Həsənov və baş nazirin müavini Əli Əhmədov 26 sentyabr referendumunu islahatlarla bağlayır. Siz necə düşünürsünüz?

– Mən onların nəzərdə tutduqları siyasi islahatlar proqramlarından xəbərdar deyiləm. Hesab edirəm ki, Referendum Aktı gündəmə çıxarılandan sonra Azərbaycan hökuməti tərəfindən nə adlarını çəkdikləriniz, nə də digərləri tərəfindən Konstitusiyaya dəyişikliklərə ehtiyac və zərurətlə bağlı geniş, aydın izahata rast gəlmədim. Onların hamısının açıqlamalarını ciddi şəkildə izləmişəm. Əslində, referendumda islahatçı təşəbbüs yoxdur, islahat niyyəti olduğunu deyirlər, o zaman sual yaranır: niyə prezidentlik müddəti 5 ildən 7 ilə artırılır, parlamentin səlahiyyətləri isə 5 ildə saxlanılır? Əgər hakimiyyət bölgüsünün balanslaşdırılmış, Avropa məkanında olduğu kimi saxlanmasını istəyiriksə, Qərb ölkələrinin hamısında qanunverici orqanla icra hakimiyyəti arasında balanslı bölgü var, buna diqqət etməliydik.

– Hətta 26 sentyabrda prezidentə parlamenti buraxmaq səlahiyyəti də verildi…

– Məsələ ondadır ki, Avropa ölkələrinin yalnız parlamentar sistemlərində prezidentə 7 illik müddət verilir. Əgər prezident icra hakimiyyətinin yox, dövlət hakimiyyətinin başçısıdırsa, onun mövqeyi qanunverici, məhkəmə və icra hakimiyyətinə münasibətdə də balanslaşdırılmış olur. O, daha çox dövlət hakimiyyətinin təmsilçisi kimi çıxış edir. Azərbaycanda isə prezident həm də icra hakimiyyətinin başçısıdr, yəni prezident mərkəzi və yerli icra strukturlarının rəhbəri olmaqla yanaşı, bütün digər hakimiyyət orqanları ilə müqayisədə daha çox səlahiyyət əldə edib. Eyni zamanda, onun səlahiyyət müddəti 5 ildən 7 ilə uzadılır, parlamentin səlahiyyəti isə 5 ildə saxlanılır. Başqa bir misal, İtaliya parlament tipli respublikadır, 7 illik prezident səlahiyyəti var, amma o, dövlətin başçısıdır, icra hakimiyyətinin yox. İrlandiyada o cür, qarışıq prezidentlik institutudur.

– Qayıdaq 26 sentyabrda referemduma çıxarılan dəyişikliklərin beynəlxalq öhdəliklərə cavab verib-verməməsinə…

– Dünyada dövlət hakimiyyəti orqalarının bölgüsüylə bağlı bəlli təcrübə var, bu, Avropa və Amerika dövlətləri tərəfindən qəbul edilir və hakimiyyət orqanları arasında balansın qorunmasna yönəlib. Venesiya Komissiyasının referendumla bağlı rəyindən əlavə əvvəlki referendunla bağlı xeyli sənədləri var. Ancaq bunlar daha çox tövsiyə xarakteri daşıyır. Onlar deyir: əgər konstitusiyanızı təkmilləşdirmək istəyirsinizsə, təklif olunan tövsiyələrə əsaslana bilərsiniz. Məsələ ondadır ki, Azərbaycanda referendumlar islahat niyyətilə keçirilmir, hakimiyyətin daha çox avtoritarlaşmasına və onun hüquqi əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Bəli, 26 sentyabra qədər də avtoritar rejim vardı, ancaq bundan sonra rejimin hüquqi əsasları, fundamenti möhkəmləndirilir. Adi bir misal, prezident, yaxud deputatlığa namizədin yaş həddi 30-dan aşağı endirilir. Ancaq bir çox orqana seçilmək üçün 5 illik təcrübə tələb olunur və 30 yaşdan yuxarı şəxslərə üstünlük verilir.

– Başqa bir misal, avtobus sürücüsü üçün 21 yaş tələb olunur, amma prezidentliyə namizədə 18 yaş, bu, necə izah oluna bilər?

– Axı bunun izahı yoxdur. Çünki absurddur. Baxın, məhkəmə hakimləri və müstəntiq olmaq üçün 20 yaşında şəxsləri qəbul etmirlər. Onlar yalnız bir müddət təcrübə toplayandan sonra məhkəmə hakimliyinə imtahanlarda iştiraka imkan verilir. Qəribə vəziyyət yaranır, ölkəni 18-20 yaşlı gənc idarə edə bilər, amma hakim olmaq üçün 30 yaş tələb edilir.

– 26 sentyabr referendumuyla bağlı sualımıza “Turan” İA-nin direktoru Mehman Əliyev bildirmişdi ki, referendumlar hakimiyyətin ötürülməsi üçündür. Bundan əlavə, sosial şəbəkələrdə və mediada referendumun hakimiyyətin Əliyevlər ailəsinin növbəti nümayəndəsi üçün keçirildiyi bildirilirdi. Bunlar barədə nə deyə bilərsiniz?

– Əvvəla, bu fikrin altından qırmızı xətt çəkməliyik ki, 26 sentyabr referendumu islahatçı xarakter daşımır. Məqsəd avtoritar hakimiyyətin möhkəmləndirilməsidir. Ancaq hakimiyyətin gələcəkdə Əliyevlər üçün uzun sürdürülməsinə meyl olub-olmamasına gəlincə, məsələ ondadır ki, ölkə başçısı 26 sentyabr referemdumuyla hakimiyyətdə uzun müddət qalmaq niyyətini ortaya qoydu.

– 2009-cu il referendumunda da eyni niyyət idi…?

– Bəli. 26 sentyabr referendumunda isə söhbət bir şəxsin uzun müddətli hakimiyyətindən gedir. Biz geniş fantaziya qurub kimlərin prezidentliyə namizəd olacağı üzərində düşünsək, bunlar ehtimal olacaq. Məsələ ondadır ki, hazırki hakimiyyət ömrünü uzatmaqdan ötrü 26 sentyabr referendumuna rəvac verib. Belə olanda kimlərin gələcəkdə namizəd olacağı üzərində qalsaq, bu, spekulyasiyalara yol açacaq. Biz yalnız referendumun islahatçı xarakter daşımadığını, bir siyasi komandanın öz hakimiyyətini uzatmağa yönəldiyini deməliyik.

– 2002, 2009 referendumları, 2013, 2015-ci il prezident və parlament seçkiləri 10 gün əvvəl keçirilən ümumxalq səsverməsindən hansı əlamətlərinə görə fərqləndi? Söhbət seçici fəallığından və saxtakarlıq faizlərindən gedir…

– Ötən illərlə müqayisədə seçici fəallığı çox kəskin şəkildə aşağı düşüb. MSK-nin hansı rəqəmlər açıqlamasından asılı olmayaraq biz mətbuat, sosial media və MSK-nin özünün məntəqələrdə quraşdırdığı kameraları izləməklə nə qədər seçicinin prosesə qatıldığını müşahidə edə bildik. Mən sentyabrın 26-da MSK-nın kameralarından prosesi izləyirdim, elə məntəqələr olurdu ki, saat 8-dən 10-a qədər cəmi 10-13 nədər seçici gəlmişdi. Bu, həm regionda, həm də paytaxtda olub. Düzdür, regionlarda fəallıq daha aşağıydı, amma MSK 60-70 faiz rəqəmlər deyirdi. Azərbaycan seçkilərində pik nöqtə 8-dən 15.00-a qədər olur, MSK-nın məlumatlarında da bu,  özünü göstərir. Amma 26 sentyabrda kameraları müşahidə etdikdə 2-3 saatlıq intervalda 8-10 seçicinin gəldiyini görürdüm. Bunu topladıqda, 1000 nəfərlik məntəqədə seçici sayı 120-150 nəfər olub, 12-15 faizlik rəqəm. Amma MSK 60-70 faizin üzərində dayanır. Anlaşılmazdır, insanlar MSK-nin kameralarından hər şeyi görür, hətta bəziləri kameralar vasitəsilə çəkilişlər də edib paylaşdılar da. El dililə desək, kor-kor, gör-gör, hər şey ortadadır. Yəni seçici fəallığıyla MSK-nin rəqəmləri şişirdilib və Azərbaycandakı reallığı əks etdirmir. Saxtakarlıqlara gəlincə, bunlar ənənəvidir və biz həmin pozuntuları 2013-cü ildə yox, 2003-cü ildə də müşahidə etmişik. Adları seçici siyahısında olmayanları qrup halında məntəqələrə gətirtdirib səs verdirirdilər. Sadəcə, əvvəllər “karusel”ə salınan adamlar paltarlarını dəyişirdilərsə, indi cəmiyyətdən təpki olmadığından ona da ehtiyac görmürlər. O cümlədən, məntəqələrdə müşahidəçilərin sayı azdır və müstəqil maşahidəçiləri prosesdən kənarlaşdırıblar. İstənilən formada ənənəvi qanun pozuntularından istifadə olunur, qutulara saxta bülletenlər atılır, adları seçici siyahısında olmayanları seçkiyə buraxırdılar, hətta bir çoxunun barmaqları mürəkkəbə batırılmadan, bunlar hamısı MSK-nin kameralarında görünürdü. Beləliklə, səsvermənin təşkili ilə bağlı prosedurların heç birinə əməl olunmur. Mən bir videoya rast gəldim, seçicilərin əlində mürəkkəbi yoxlayan həm də yüzbaşıymış, bu adamdan vəzifəsini soruşurlar, yüzbaşı olduğunu söyləyir, həm də əlində barmaqlardakı mürəkkəbi yoxlayan aparatla məntəqə qarşısında dayanıb. Bu, rüsvayçı bir mənzərəydi.

– Dedikləriniz belə bir sual yaradır: seçki monitorinqi imkanı qalıbmı, yoxsa hər şey bitib?

– Son illər vətəndaş cəmiyyətinə, siyasi partiyalara edilən təzyiqlər nəticəsində seçki prosesinin monitorinqi zəifləyib, bunu etiraf etmək lazımdır. Həm insanların seçki prosesinə inamı zəifləyib, həm də insanlar gördükləri pozuntularla bağlı araşdırmaların aparılmamasından və saxtakarlıq edənlərin cəzalandırılmamasından sarsılıb. Digər tərəfdən, hakimiyyətin təzyiqləri öz işini görür. 26 sentyabr referendumunda partiyalara və ictimai təşkilatların nümayəndələrinə, mitinqlərə çıxanlara hansı təzyiqlərin göstərildiyini hamımız gördük. Mitinqçilərin saatlarla polis bölmələrində saxlanılmaları, sutkalıq inzibati cəzalara məruz qaldıqları fakt idi. Sonuncu amil odur ki, 2013-14-cü illərdə vətəndaş cəmiyyətinə edilən təzyiqlər də öz işini görüb. İllərdir QHT sektorunda seçki prosesinin monitorinqini aparan insanların sayı azalır.

– Əgər seçki müşahidə institutu sıradan çıxarılırsa, bunun dövlət üçün ziyanı nə ola bilər?

– Seçki müşahidə institunun varlığı seçkiylə bağlı şəffaflığın vacib şərtlərindən biridir. Biz seçki prosesində şəffaflıqdan danışırıqsa, bunu müstəqil müşahidə olmadan təsəvvür edə bilmərik. Mümkün deyil ki, həm seçki şəffaflığından danışsanız, həm də müstəqil müşahidəçilərə şərait yaratmırsınız. Hazırda Azərbaycanda seçkilərin şəffaflıği ilə bağlı ciddi problem var. Baxın, hansı yerli qeyri-hökumət təşkilatları seçki prosesində rahat fəaliyyət göstərirlər? Prosesi müşahidə edən təşkilatların hər biri hökumətə yaxın, heç bir metodologiyası  və maliyyə mənbələri bəlli olmayan qurumlardır. Beynəlxalq müşahidçilərə baxın, içərisində bir qədər mötəbər olan Avropa Şurası Parlament Assambleyasıydı, ancaq bu missiya  7 nəfərdən ibarət idi, Azərbaycanda isə 5 min məntəqə var. 7 nəfər 26 sentyabrda 5 min məntəqəni necə gəzib rəy verə bilər? ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları adlı mötəbər bir qurum var ki, AŞ PA-dan qat-qat peşəkardır. Ümumiyyətlə, AŞ PA peşəkarlıq baxımından seçki institutu sayılmır, bu, daha çox siyasi institut olduğundan siyasi rəylər verir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Müşahidə Missiyası kimi peşəkar seçki institutu və yerli müstəqil QHT-lər seçki prosesini müşahidə etmirlərsə, biz prosesin şəffaflığı haqqında danışa bilmərik. Hakimiyyətin icra orqanları yüzminlərlə adamı məntəqələrə aparıb onları süni müşahidəçi qiyafəsində təqdim edə bilər. Bunu da onların seçki şəffaflığının yaraşığı hesab edə bilər. Xeyr, seçkilərdə şəffaflığın yaraşığı seçki prosesində baş verən pozuntulara irad bildirən, təkliflər verən, aktlar yazan, alternativ mövqe qoyan təşkilatlardır. Həmin təşkilatların isə fəaliyyəti dəhşətli dərəcədə aşağı düşüb, beynəlxalq müşahidə qruplarna isə dəvətlər göndərilmir, 2013-cü ildən bəri ATƏT heç bir seçki prosesinə müşahidəçi göndərməyib. Yerli QHT-lərə 2010-cu ildən sonra yaradılmış şəraitdən isə xəbərdarsınız. Maraqlı bir fakt, 26 sentyabr referendumu əvvəlki referendumlardan fərqli olaraq Bakıda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri tərəfindən də müşahidə olunmadı.

– Əgər AŞ PA-da “kürü diplomatiyası” adlı hesabat açıqlandısa, bu qurumun 7 nümayəndəsinin 26 sentyabr referendumunu müşahidə etməsi Azərbaycan hökumətinə nə dərəcədə lazımdır?

– Tam əminliklə deyirəm ki, 26 sentyabrda Bakıya gələn beynəlxalq müşahidəçilərin müşahidəçiliyi gerçək deyil, saxtadır. Bu cür qruplar Azərbaycan kimi ölkələrdə vaxtaşırı “yağışdan çıxan göbələklər” kimi görünürlər, müxtəlif  biznes və siyasi maraqlar əsasında fəaliyyət göstərirlər, qısa müddətdə hazır bəyanatlara qol çəkib ölkəni tərk edirlər. Necə ki, biz qutulara saxta bülletenlərə tullanmasının şahidi oluruq, o cür də saxta müşahidəçilər gəlirlər. Ancaq bu şəxslərə qarşı Avropada çox ciddi təpkilər var, xarici mətbuatda bugünlərdə onların fəaliyyəti işıqlandırıldı, elə oktyabrın 4-də referendumun nəticələri haqda Avropada Demokratik Seçkilər Uğrunda Platforma bəyanatla çıxış etdi. Artıq bir sıra təşkilatlar həmin beynəlxalq müşahidəçilərin hərəkəti haqda təpkilərini ifadə edirlər. AŞ PA, Avropa Parlamentinin üzvləri bu məsələdə çox narahatdırlar. 2010-cu ildə parlament seçkilərinin müşahidəsilə bağlı Belçikadan və Avstriyadan olan deputatların fəaliyyəti bu ölkələrin öz mediasında sərt tənqid olunmuşdu.Yəni bu təpkilər var, sadəcə, biz bu işlə bağlı sistemli fəaliyyətin nəticəsini görmürük. Bir daha deyirəm, ifşa olunanlar, bəyanatlar var, elə xatırlatdığınız “kürü diplomatiyası” hesabatı. Amma bu iş sistemli getməlidir.

– İşin sistemli aparlması kimlərdən asılıdır?

– Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar bu məsələdə sərt olmalıdır. Konkret olaraq, deputatlarının seçkiləri müşahidə etmısilə bağlı sərt kodekslər müəyyən etməlidirlər.

– Bəs Azərbaycan QHT-ləri və siyasi partiyalarının rolu nədən ibarət olmalıdır?

– Biz Bakıdakı səfirliklərə və gələn diplomatlara öz etirazlarımızı ifadə edirik. Məsələn, təpki göstəriləsi şəxslərdən biri də AŞ PA-nin məruzəçiləridir, hər ikisi 26 sentyabrda Bakıda olublar. Bu adamlar özlərində necə əminliktapırlar ki, 7 nəfərlik missiyayla bütün ölkədə keçirilən referenduma münasibət bildirirlər. Sual verilməlidir; siz statistik göstəriciləri hardan bilirsiniz? Sizin ölkə üzrə normal dislokasiyanızvə müşahidə metodologiyanız yoxdursa, 7 nəfərlə müşahidə aparıb rəy bildirməyiniz necə mümkündür? Bu, gülməli və absurd bir məsələdir. Hesab edirəm ki, onlara çox ciddi təpki olacaq. AŞ PA və Avropa Parlamentində olan bir sıra deputatlar münasibətlərini bildirəcəklər. Ötən həftə Avropa Parlamentində sosial-demokratlar qrupu 26 sentyabr referendumunun nəticələrinə dair qətnamə layihəsini çıxarsalar da, sənəd keçməyib. Bununla bağlı bir sıra deputatlardan səbəbini soruşdum, Andreas Qross bildirdi ki, o, çirkin oyunlarda yoxdur və etiraz edir. Amma nə edək ki, Avropa strukturlarında fürsətcil və korporativ maraqları olan bəzi insanlar da var.

– Mart ayında imzalanan Əfv fərmanından sonra hökumətin bir sıra məsələlərdə yumşalma edəcəyi barədə fikirlər yayıldı. Bu mənada sizin təşkilatın bərpa ediləməsilə bağlı ümidlər varmı?

– Son 2 ildə baş verənlər təkcə bizim təşkilata deyil, Azərbaycan vətəndaş cəmiyyətinə mənfi təsirini göstərdi. Əlbəttə, hər birimiz proseslərlə bağlı mövqeyimizi qoymağa çalışırıq. Elə QHT-lər var ki, zamanında 20-25 işçisi olub, çox ciddi araşdırmalarla məşğul olublar. Məsələn, bizim təşkilat seçki prosesinin başlanğıcının sonuna qədər müxtəlif formalarda təlim və seminarlar keçirməyə çalışıb. Bunun üçün ekspertləri cəlb etmişik. Hazırda həmin imkanlar yoxdur. Söhbət məndən gedirsə, könüllü olaraq kimlərəsə kömək edə bilərəm. Ancaq əvvəlki qaydada qurumu saxlayıb və layihələr həyata keçirmək mümkünsüzdür. Bir daha deyirəm, fərdi qaydada çalışmaq mümkündür, dostlar kömək edirlər. Məsələ ondadır ki, məlum repressiyalardan sonra bir çox üzvümüz ölkəni tərk etdi, yaxud yeni iş yerləri tapdılar. Bilirsiniz, əvvəlki komandanı bərpa etmək üçün ölkədə iki istiqamətdə köklü dəyişikliklər olmalıdır: birinci, hakimiyyətin vətəndaş cəmiyyətinə siyasi münasibəti dəyişməlidir. Hakimiyyət vətəndaş cəmiyyətinə immunitetinin çox zəif və dözülməz olduğunu başa düşməlidir. Nə üçün hakimiyyət birdən-birə vətəndaş cəmiyyətini məhv etmək xətti götürdü? Çünki vətəndaş cəmiyyətinin tənqidləri qarşısında duruş gətirəcək gücdə olmadığını dərk etdi. Bu gün hakimiyyətin 26 sentyabrda keçirdiyi referendumu çox rahat şəkildə tənqid atəşinə tuta bilirik. Ona görə ki, hakimiyyət ortaya mövqe qoymaqda çətinlik çəkir. Əslində hakimiyyət immunitetini artırmaq haqda düşünməlidir.

– Anar bəy, bugünlərdə Əliməmməd Nuriyevin rəhbərliyi ilə bağlı Açıq Hökumətin Təşkilinə dair Hökumət-Vətəndaş Platforması yaradılıb. Bu qurumda müstəqil QHT-lərin təşkil olunması, hökumətlə dialoq aparması mümkündürmü və ümumiyyətlə, platforma nəyəsə nail ola biləcəkmi?

– Mən bütün təşəbbüslərə normal baxır və heç bir təşəbbüsün beşikdəcə boğulmasını istəmirəm. Elə bu platformanın da uğurlu işlər görməsini arzu edirəm. Amma Azərbaycan cəmiyyətində elə fundamental məsələlər var ki, onlar həll edilmədən bu cür təşəbbüsləri gündəmə gətirmək hazırlıqsız və bəsit görünür. Yəni 2013-15-ci illərdə QHT-lərlə bağlı qanunvericiliyə edilən dəyişikliklər aradan qaldırılmadan hansı müstəqil qeyri-hökumət təşkilatıyla bir masa arxasında oturacaqlar? Əgər hakimiyyətin xoş niyyəti varsa, niyə QHT-lərlə bağlı məhdudiyyətləri aradan qaldırmır? Əgər hakimiyyət xaricdən maliyyələşməyə mənfi yanaşırsa, niyə Avropa Birliyindən 13 milyon yardım aldı? Niyə Beynəlxalq Valyuta Fondundan, Dünya Bankından, Ümumdünya Ticarət Təşkilatından yardım almaq istəyir? Deməli, yardım ona görə lazımdır ki, ölkədəki maliyyə resurları sosial-iqtisadi və hüquqi-siyasi inkişafımıza yetmir. Vətəndaş cəmiyyəti də zatən bununla məşğul idi. Vətəndaş cəmiyyəti media, insan hüquqları, Avropa Məhkəməsinə işlərin hazırlanması, qanunun aliliyi, SPİD-ə qarşı mübarizəylə bağlı maliyyə alırdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə şpris, dərmanlar, vərəm, malyariya əleyhinə vaksinlər tapılmırdı. Xarici təşkilatlar, Türkiyə, Almaniya bu istiqamətdə Azərbaycana yardımlar göstərdilər. Hər bir ölkə fəlakətdən və problemlərdən təcrid olunmayıb. Azərbaycanın da belə probelmləri var. Necə olur ki, dövlət maliyyə dəstəyi alanda yaxşı olur, qeyri-dövlət sektoru alanda pis? Bax, bu kimi fundamental məsələlər həll olunmadan, vətəndaş cəmiyyətilə hökumət arasında dialoqun başlanması imitasiya xarakteri daşıyır. Hazırda mənim üçün rəhbəri olduğum QHT-nin hansı durumda olduğu önəmli deyil. Daha önəmlisi siyasi məhbuslardır, vətəndaş cəmiyyətinin, ifadə azadlığının və sərbəst toplaşmaq azadlığının problemləridir. Mən özümü ifadə etmək üçün vaxtilə dostlarımla birgə QHT yaratmışdım, daha kompleksli işlər görməyə çalışırdım və müəyyən qədər də nailiyyətlərimiz olmuşdu. Bu gün həmin imkan əlimdən alınıbsa, tək mən varam, ifadə azadlığımdan, media hüquqlarımdan istifadə edib tənqidi fikrimi də bildirəcəyəm. İnsanlar ona görə QHT təsis edirlər ki, hər hansı problemin daha asan şəkildə həllinə yardım etsinlər. Bizi bir araya gəlməyə qoymurlarsa, fərdi olaraq bu problemlərə öz münasibətimizi bildirməliyik. Bu gün hökumətdən fundamental həllini gözlədiyim məsələ siyasi məhbusların azad olunmasıdır. Bununla paralel siyasi niyyət və siyasi iradə ortaya qoymaqdır. Siyasi iradə olmayacaqsa, yaradılan o qurumlarda, platformalarda özümü artıq hesab edirəm.

– Nəhayət, yekunda siz həbsdə olarkən haqqınızda deyilən bir fikrə münasibətinizi bilmək istərdim. Əvəz Həsənov siz həbsdə olarkən “Facebook”da yazmışdı ki, Anar Məmmədlinin də səhvləri olub. Nədən ibarətdir onun dediyi səhvləriniz?Bu barədə danışmağınızı istərdim…

– İnsan həbsdə olanda, özü, ailəsi ağır durumda olarkən onun səhvləri kiminsə yadına düşürsə, bunları həmin adam tutulana qədər demək lazım idi. İkinci, hansı səhvlərdən söhbət getdiyini bilmirəm. Ümumiyyətlə, həbsdə olarkən vətəndaş cəmiyyətindən, jurnalistlərdən, öndə gedən ziyalılardan, partiyalardan çox böyük dəstək görmüşəm. Kimlərsə hansısa mövqe bildiribsə, bu, mənim üçün önəm daşımır. Çünki mən həbsdə olarkən Respublika Prokurorluğunun,hakimiyyətin mənə münasibətindəki yanlışlıqlarla, özümün təqsirsizliyimlə bağlı çalışmalarda olmuşam. Əgər kiminsə mövqeyi hakimiyyətin mövqeyi ilə üst-üstə düşürsə və hakimiyyətin haqlı olduğunu hesab edirlərsə, mənim onlara daha sözüm yoxdur. Baxsınlar məhkəmə stenoqramına, görsünlər ki, əleyhimə hansı ifadələr var, ümumiyyətlə, məhkəmə şousu hansı formada keçirilib. Üçüncü, iş görüləndə nöqsanlar da ola bilər, mən 20 yaşımdan proseslərə qoşulmuşam, hansısa mərhələdə səhvim olubsa, növbəti mərhələdə həmin səhvi aradan qaldırmağa çalışmışam. Ona görə bu cür yanaşmaları doğru saymıram, əslində, mənim daha çox incikliklərim var. Azərbaycan vətəndaş cəmiyyəti 3-4 nəfərin həbsi nəticəsində tam iflic oldu. “Uşaqlığın son gecəsi” filmində deyildiyi kimi, ətin hamısını yeməyəcəklər. Yəni hamını tutası deyildilər ki. Nə baş verirdi ki, Azərbaycanda? Bəlkə mən bir sıra avtoritar rejimlər haqda daha çox məlumatlı olduğumdan arxayın danışıram. Orta Asiya respublikalarında və Belarusda vətəndaş cəmiyyətinin hansı məşəqqətlərə məruz qaldıqlarını bilirəm. Amma hesab edirəm ki, Azərbaycan vətəndaş cəmiyyəti 5-6 nəfərin həbsindən, bank hesablarının dondurulmasından, hakimiyyətin apardığı siyasi kampaniyadan bu cür vəziyyətə düşməməliydi. Əfsuslar ki, son iki il vətəndaş cəmiyyəti üçün bir sınaq oldu və böyük əksəriyyət həmin sınaqdan üzü ağ, alnı açıq çıxa bilmədi. Çox təəssüf!

Meydan TV