Məhkəmə Əli İnsanov barəsində yeni həbs qərarı çıxartdı


sp94fc70

Keçmiş nazir məhkəməyə gəlməkdən imtina etdi

“Bu, çox uğursuz şərləmədir və həbs müddətimin qurtarmasına 9 gün qalmış azadlığa çıxmağımın qarşısını almaq üçün atılmış addımdır”

Keçmiş səhiyyə naziri Əli İnsanova verilmiş 11 illik cəzanın müddətinin başa çatmasına bir neçə gün qalmış onun barəsində yenidən üç aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə “Azadlıq”a sabiq nazirin vəkili Toğrul Babayev məlumat verib.

Vəkil bildirib ki, oktyabrın 11-də Qarabağ Rayon Məhkəməsində rayon prokurorluğunun təqdimatına baxılıb.

Hazırda Qaradağ Rayon Prokurorluğunda Əli İnsanov barəsində avqust ayında başlanmış yeni cinayət işinin istintaqı gedir. Prokurorluq istintaqın davam etdiyini, Əli İnsanov azadlığa çıxarsa, istintaqın gedişinə mane ola biləcəyi ehtimalını əsas gətirərək, keçmiş nazir barəsində yenidən həbs qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə prokurorluğun təqdimatını təmin edib.

Müdafiəçinin sözlərinə görə, Əli İnsanov məhkəmədə iştirakdan imtina edib. Keçmiş nazir məhkəməyə bu barədə yazılı ərizə göndərib.

Bununla belə, Əli İnsanov barəsindəki yeni həbs qərarına münasibət bildirib: “Mənə qarşı irəli sürülmüş ittiham yalandır. Bu, çox uğursuz şərləmədir. Mənim 11 illik həbs müddətimin qurtarmasına 9 gün qalmış azadlığa çıxmağımın qarşısını almaq üçün atılmış addımdır”.

Toğrul Babayev əlavə edib ki, Əli İnsanov barəsində yeni həbs qərarından apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilən İnsanovun azadlığa çıxmasına az qalmış onun barəsində yeni cinayət işi başlanıb. Ona qarşı CM-nin 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1-ci (qanunsuz narkotik vasitələrin, psixotrop dərmanların əldə olunub saxlanılması) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, Əli İnsanov saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı Anar Məmmədova zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb; onun kamerasından psixotrop tərkibli dərman tapılıb.

Əli İnsanov isə bu ittihamların uydurma olduğunu və onu həbsdə saxlamaqdan ötrü saxta cinayət işi quraşdırıldığını bildirir.