“Bizi bunların əlindən alın…”


Ağsu sakini “Socar”ın vitse-prezidentinin özbaşınalıqlarından haray çəkir

Ağsu rayonu Nöycü ərazi bölgəsini təmsil edən 6 kəndin Ağsaqqallar Şurasının sədri Səfa Mustafa oğlu İsmayılov redaksiyamıza şikayət məktubu yollayıb. O, ailəsinin üzləşdiyi problemlə, məmur özbaşınalığıyla bağlı dərdlərindən yazır, əlinin heç yerə çatmadığını, kimsənin onları dinləmədiyini bildirir. Məktubda deyilir:

“Çox hörmətli “Azadlıq” qəzetinin dəyərli əməkdaşları, sizdən xahiş edirəm bizim ailəmizə kömək edin. SOCAR-ın vitze-prezidenti Mikayıl İsmayılov vəzifəsindən və pulundan yararlanaraq bizim ailəmizin həyatını puç edib. Mikayıl İsmayılovun qoçuları mənim içində 3 tövləsi və çoban evləri olan 137 hektar torpağımı əlimdən alıb və traktorun ağzına verərək uçurdub. Dəfələrlə çobanlarımı döyüblər, fermamızda saxladğımız itlərimizi güllələyiblər. Binədə olan qoyun tövləmizi yandırıblar. Buna etiraz edən oğluma Mikayıl İsmayılovun qardaşı silahla hədə-qorxu gəlib. Bu təzyiqlərdən oğlum ağr xəstəliyə tutuldu. Onu İrana müalicəyə aparsam da, həkimlər heç bir kömək edə bilmədi, oğlum öldü. Faciələrimizlə bağlı haralara müraciət etsəm də, heç bir nəticəsi olmadı. Mikayıl İsmayılov pul gücünə bizim haqqımızı, övladımın qanını batırdı.

Hörmətli redaksiya, Mikayıl İsmayılovun ürəyi bununla soymayaraq, bizim icazəmiz olmadan qanuni sənədlərlə ailəmizə məxsus olan 2 hektar pay torpağımızı qazdırıb torpağını daşıtdırib. Mən onun özünə bunun Allahsızlıq olduğunu bildirsəm də, heç bir nəticəsi olmadı. Bizi saymadan torpağımızı qazdırıb içində olan çınqılı satdıraraq pul qazanır. Biz isə həyatımızdan qorxaraq heç nə deyə bilmirik. Bununla bağlı aidiyyəti qrumlara yazaraq məlumat versəm də, Mikayıl İsmayılovun qorxusundan kimsə haqqımızı müdafiə etmir. Ümidimiz tək sizədir, bizi bunların əlindən alın.

Biz Yeni Azərbaycan Partiyasının üzvü idik. Artıq ailəlikcə bu partiyadan istefa verdik!

Mən Ağsu rayonunda ilk yaranan Fermer Təsərrüfatının sədri olmuşam. Nöycü ərazi bölgəsini təmsil edən 6 kəndin Ağsaqqallar Şürasının sədriyəm. Fermer təsərrüfatı üzrə respublikanın ən qabacıl fermerlərindən biri olmuşam. 1994-ci il sentyabrın 20-də Heydər Əliyevin keçirdiyi müşavirədə qabaqcıl fermer kimi mən də xüsusi dəvətlilərdən biri olmuşam. Heydər Əliyev bizim əməyimizi də dəyərləndirdi və bizə diqqət göstərilməsi üçün xüsusi tapşırıq verdi. Bu da bunların diqqəti…

Hörmətli redaksiya, inanırıq ki, Allah sizin vasitənizlə bizim ailəmizi ölümün pəncəsindən xilas edəcək. Sizdən artıq dərəcədə xahiş edirəm, ailəmizə dəstək olun. Mikayıl İsmayılovun ailəmizin başına açdığı müsibəti işıqlandırın ki, bəlkə kimsə qeyrətə gəlib bu harın məmurun dərsini versin. Azərbaycanın müqəddəs yükünü çiyinlərinizə aldığınız üçün bir vətəndaş olaraq sizə dua edirik. Allah sizləri qorusun yaxşı ki varsınız”.

Azadliq qəzeti