Mirzə Xəzər: Azərbaycanın təzə peyda olmuş“xilaskar” – səfir Arif Məmmədov kimdir?


İ22 ildir xalqı nağıllarla doydururlar. Bu da növbəti Məlikməmməd və əjdaha nağılıdır. İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin rəhbəri, bundan əvvəl isə Azərbaycanı 5 il Avropa Şurasında, 7 il Avropa İttifaqında təmsil etmiş Arif Məmmədovun ətrafında süni şəkildə qızışdırılan hay-küyü qalmaqal adlandıranlara inanmayın.

arif

Arif Məmmədovu hakimiyyət daxilində üsyanın cəsur cəngavəri kimi sizə təqdim edənlərə də inanmayın. Arif Məlikovu xarici işlər nazirliyində gizli “anti-Əliyev qrupunun” təşkilatın rəhbəri kimi sızə sırıyanlara da inanmayın. Hakimiyyət daxilində heç bir üsyan baş vermir. Heç bir gizli təşkilat yoxdur.

Hakimiyyətin texnoloqları tərəfindən səliqə ilə hazırlanan “qalmaqal” və “dissident” ssenarisi həyata keçirilir. Bu ssenarinin baş qəhrəmanı rolunu Arif Məmmədov məharətli aktyor kimi bacarıqla oynayır.

Brüsseldə verdiyi bəyanatlarında hakimiyyəti tənqid edir: sitat “Bəziləri bunu SSRİ-də 30-cu illərin sonlarındakı repressiyalarla müqayisə edirlər. Deyərdim ki, indi edilənlərə hakimiyyətin marazmından başqa ad vermək olmaz. Beləsi nə 30-cu, nə 40-cı, nə də inkvizisiya illərində olub.” Hünərli adamdı! Kimdi bu, zəmanəmizin Məlikməmmədi Arif Məmmədov?

 

1983-1988-ci illərdə SSRİ Müdafiə Nazirliyinin hərbi institutunun (Военный институт Министерства обороны СССР, Военный Краснознамённый институт Министерства обороны СССР) şərqşünaslıq fakultəsində təhsil alıb. Bu hərbi təhsil ocağına yalnız və yalnız xüsusilə seçilmiş və arxası çox güclü olan kürsantlar təhsil alırdılar.

Məlumdur ki, bu institutun şərqşünaslıq fakultəsinin məzunları (hərbi qulluqçuları) SSRİ Müdafiə Nazirliyinin müvafiq bölməsi tərəfindən Yaxın Şərq ölkələrində, eləcə də Əfqanıstanda xüsusi (kəşfiyyat və əks-kəşfiyyat) tapşırıqlarını və əməliyyatlarını həyata keçirmişlər.

Arif Məmmədovun bu hərbi məktəbə qəbul edilməsində Heydər Əliyevin rolu olduğunu təxmin etsək, yanılmarıq. 1983-cü ildə Heydər Əliyev SSRİ-ni idarə edən Siyasi Büronun üzvü kimi güclü nüfuza və geniş səlahiyyətlərə malik idi. Arif Məmmədovun məhz onun tövsiyəsi ilə instituta qəbul olunduğunu istisna etmək olmaz. Arxiv materiallarına görə, institutun xarici dillər fakultəsinin 500 hərbi qulluqçusu xarici ölkələrdə döyüş vəzifəsini mərdlik və cəsarətlə yerinə yetirdiklərinə görə SSRİ-nin və xarici ölkələrin orden və medallarını almışlar.

 

Arif Məmmədovun 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra məslək yolunda sürətlə irəliləməsini də bura əlavə etsək, mənzərə aydınlaşar. Arif Məmmədovun Nederland və İngiltərədə təhsilini davam etdirməsi də Heydər Əliyevin özünə və varisinə sədaqətli kadr hazırladığını göstərir.

Əliyev rejiminin bu, “üsyankar diplomat” serialının nə qədər davam edəcəyini təxmin etmək çətindir. Bəlkə də Avropa Oyunları bitəndən sonra bu “üsyankar diplomat” serialı da bitər.

Arif Məmmədov o zaman Heydər Əliyevə, bu gün də İlham Əliyevə sadiq olan bir diplomatdır. Onun “üsyankar” bəyanatları isə sovet kəşfiyyat məktəbini bitirmiş məharətli aktyorun monoloqundan başqa bir şey deyildir. Bu monoloqlar daxildə xalqı çaşdırmaqdan çox, xaricdə Qərb ölkələrinin tənqidlərini neytrallaşdırmağa xidmət edir.Rejimin Arif Məmmədov tamaşası Avropa ölkələrini Azərbaycan hakimiyyətinin avtoritar rejim olmadığına, liberallaşdığına, hətta hakimiyyət daxilində tənqidlərə yol verdiyinə inandırmağa yönəlmişdir.
Mirzə Xəzər