Lavrov -Qarabağda əməliyyat başlasa, Rusiya müdaxilə edəcək?”


 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2016-cı ilin yekununa dair keçirdiyi böyük mətbuat konfransında Azərbaycanın maraqlarına uyğun olmayan bəzi fikirlər səslənib. 

S.Lavrov “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi” sualına belə cavab verib: “Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil”.

Rusiyanın XİN başçısı Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərtinin və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbinin hər zaman qüvvədə qaldığını da söyləyib.

S.Lavrovun çıxışı onu deməyə əsas verir ki, rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqe Azərbaycanın ərazi bütövlüyünün təmin edilmə baxımından qənaətbəxş deyil və suveren hüquqlarının pozulmasıdır.

XİN başçısının “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” tipli bəyanatı münaqişənin həllində vasitəçilik edən dövlətə inamsızlığı artırır. S.Lavrov çıxşında tərəf saxladığını gizlədə bilməyib.

Heç kimə sirr deyil ki, bir dövlətin ərazi bütövlüyü məsələsi beynəlxaq hüquqa əsasən yalnız həmin dövlətin müsətsna hüquqlarına daxildir. Münaqişənin həllində vasitəçilik etmək istəyənlər bu amili mütləq nəzərə almalıdırlar. Əks halda, belə bir sual yaranır: Rusiya Dağlıq Qarabağı hansı ölkənin ərazisi sayır?

Təbii ki, həmin bölgə və Ermənistanın işğal etdiyi digər ərazilər Azərbaycan torpaqlarıdır. Bəs onda Dağlıq Qarabağ münaqişəsi necə Azərbaycanın daxili işi sayılmır? Məgər Rusiya ilə bağlı belə bir hadisə baş versəydi, federasiyanın ərazi bütövlüyünü hansısa dövlət və güclər həll edərdi?

Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupu və həmsədr dövlətlər beynəlxalq vasitəçi kimi çıxış edərək qan tökülməsinin qarşısını almaq niyyətində olduqlarını bildirirlər. Bu, onlara Azərbaycanın ərazi bütövlüyünü və həmin torpaqlarda rəsmi Bakının suveren hüquqlarını pozmaqda kimsəyə haqq qazandırmır.

S.Lavrovun çıxışı həm də vasitəçilərə olan inamsızlığın göstəricisidir. Həmin qrup və həmsədr dövlətlər bu kimi bəyanatları və işğalçını müdafiə edən mövqeləri ilə Azərbaycana ərazi bütövlüyünü tam təmin etməyə mane olurlar.