“Daşkəsən Filizsaflaşdırma”ya investor tapılmayıb


«Daşkəsən Filizsaflaşdırma» ASC-nin satışı üzrə investisiya müsabiqəsi bu dəfə də baş tutmayıb.

daskesen77_0

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ötən ilin iyulundan başlanan investor axtarışını «səssizcə» davam etdirir.

Bu gün – fevralın 1-də Müsabiqə Komissiyası sərmayə yatırmağa iddialı şirkətlərin təkliflərini müzakirə etməyə başlamalı idi. Ancaq ƏMDK, heç bir açıqlamasız, yeni müsabiqə keçirilməsi barədə elan dərc edib. «İnvestorlar kombinata niyə maraq göstərməyiblər» qəbilindən suallar davamlı sükutla qarşılanıb.

Dövlət 10 milyon manatından keçdi

ƏMDK təkliflərini komissiyaya təqdim etmək üçün iddiaçılara daha 2 ay vaxt verib. «Daşkəsən Filizsaflaşdırma» ASC özəlləşdirməyə açılandan bəri istehsalı dayandırıb. Ötən il müəssisədə 25,5 min ton – əvvəlki ilin 20 faizi qədər dəmir filizi konsentratı buraxılıb. Kombinatda çalışan 300-dən çox fəhlə və texniki heyətin bu dövrdə əmək haqqı alıb-almadığı haqda suallara da cavab verilmir.

ƏMDK aprelin 4-də açılması nəzərdə tutulan müsabiqə təklifləri üçün minimal şərtlərə əl gəzdirib. Zavodun yenidən qurulmasına, yeni istehsal müəssisələrinin yaradılmasına, ən azı, 600 milyon ABŞ dolları həcmində sərmayə tələbi dəyişilməz qalıb. Amma komitə zavodun 99,22 faiz səhmini alacaq investordan, əvvəl olduğu kimi, 110 milyon manat deyil, 100 milyon manat istəyir. Bu vəsait 6 ay içində dövlət büdcəsinə köçürülməlidir.

Belə də investor axtararlar?

Qəribədir ki, ƏMDK son 20 ilin ən iri özəlləşdirmə layihəsi üçün investoru yalnız öz internet səhifəsində axtarır. Komitə bu məqsədlə sosial şəbəkə imkanlarından belə yararlanmır.

Ötən il «Daşkəsən Filizsaflaşdırma» ASC-nin özəlləşdirməyə hazırlanması və investor axtarışında yardımçı olmaq üçün «KPMG Azerbaijan Limited» şirkəti ilə müqavilə bağlansa da, şirkətin korporativ saytında bu haqda hər hansı məlumat yoxdur. Hərçənd, müsabiqə uğurla başa çatsa, qalib şirkət KPMG-yə 160 min manat ödəməyə boyun olacaq.

«Baku Steel Company» MMC-dən xəbər yoxdur

Azərbaycanın qara metallurgiyası sahəsində inqilabi dəyişiklərə yol açacağını bəyan etmiş «Baku Steel Company» MMC də konkret hərəkətə keçməyib. Ötən ilin dekabrında «Danieli & C. Officine Meccaniche S.p.A» şirkəti ilə birgə Sumqayıtda 5 zavodun tikintisinə 1 milyard 225 milyon avro sərmayə qoymaq haqda planlarını qarşılıqlı müqavilə ilə təsdiqləyən poladəritmə nəhəngindən, hələ ki, səs-soraq yoxdur.

Azadliq.info