HRW Avropa Birliyinə cagırış etdi İ.Əliyevə təzyiq edilsin


Avropa Birliyi (AB) rəsmiləri Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməlidirlər. Onu siyasi fəalları, jurnalistləri və hökuməti tənqid edənləri həbsdən buraxmağa, müstəqil qruplara basqını dayandırmağa, onların fəaliyyətinə imkan verməyə çağırmalıdırlar. «Human Rights Watch» beynəlxalq insan haqları təşkilatının bəyanatında belə deyilir.

Bu gün – fevralın 6-da Brüsseldə İlham Əliyevin AB rəsmiləriylə görüşü olacaq. Prezident Brüsselə Azərbaycanla AB arasında razılaşmayla bağlı danışıqların açılışına gedib. Onun Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker, Avropa Şurasının prezidenti Donald Tusk və başqa rəsmilərlə görüşü olmalıdır.

«KONKRET ÖHDƏLİKLƏR QOYUN»

Görüş ərəfəsi 76 insan haqları təşkilatları AB rəsmilərinə məktub göndərib. Onlar qurumu bu görüşlərdən yararlanmağa, İlham Əliyevin qarşısına konkret öhdəliklər qoymağa çağırıblar.

«AB cəsarətli hüquq müdafiəçilərini həmişə tərifləyib, onlara arxa duracağına söz verib… AB ilə Azərbaycanın yeni əməkdaşlıq dönəminə qədəm qoyduğunu nəzərə alsaq, qurumun həmin vədlərinə əməl etməsinin zamanıdır. AB sözünün üstündə dayanmalı, Əliyevin müxaliffikirli qüvvələrə basqısını, insan haqları məsələsini gözardı etməməlidir». Bunları HRW – un AB direktoru Lotte Leicht deyib.

Qurum 2016-cı ildə Azərbaycan hökumətinin məhz beynəlxalq təzyiqlərə görə 17 nəfəri –siyasi motivlərlə həbs olunmuş hüquq müdafiəçiləri və jurnalistləri, siyasi məhbusları azadlığa buraxdığını xatırladır. Ancaq 2016 və 2017-ci illərdə hökumətin basqısının daha da gücləndiyini, onlarla siyasi fəalın, bloqqerlərin müxtəlif ittihamlarla, çox vaxt da narkotiklə bağlı cinayətlərdə, ya da qanunsuz silah saxlamaqda, vergidən yayınmaqda, xuliqanlıqda, təxribatda, bəzənsə dövlət xəyanətdə günahlandırılaraq içəri salındığını, uzunmüddətli həbslə cəzalandırıldığını bildirir.

Human Rights Watch. Karikatura.

Human Rights Watch. Karikatura.

ÖN TARİXÇƏ

Ötən ilin sonunda keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» yazan iki gənc – Bayram Məmmədov və Qiyas İbrahimov tutulub. Onları narkotiklə bağlı cinayətlərdə günahlandırıblar, hərəsinə 10 illik həbs cəzası verilib. Gənclərin NİDA Vətəndaş Hərəkatının digər üzvü Elgiz Qəhrəman da oxşar cinayətdə günahlandırılıb, 5 il yarım həbs cəzası alıb.

HRW son illər Azərbaycan hökumətinin müstəqil qrupların, tənqidi jurnalistikanın fəaliyyətini məhdudlaşdırmaq cəhdlərini artırdığını, bundan ötrü təqib və həbslərə əl atmaqla yanaşı, sərt qanun və qaydaların da müstəqil təşkilatların fəaliyyətinə imkan vermədiyini vurğulayır. 2013-2015-ci illərdə siyasi motivlərlə həbs edilmiş onlarla şəxsin, o cümlədən REAL Hərəkatının lideri İlqar Məmmədovun hələ də həbsdə olduğunu qeyd edir. Halbuki Avropa Şurasının Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətinə müraciət etmiş, onun azadlığa buraxılmasını istəyib. Avropa İnsan Haqları Məhkəməsi isə İlqar Məmmədovun həbsinin siyasi xarakterli olması barədə hələ 2014-cü ildə qərar çıxarıb.

HRW azadlığa çıxan siyasi fəalların sonrakı təqiblərdən qurtarmaq niyyətiylə ölkəni tərk etdiyini, bəzilərinin – araşdırmaçı jurnalist Xədicə İsmayılovanın, vəkil İntiqam Əliyevin ölkədən çıxışının yasaqlandığını, bəzilərininsə fəaliyyətini, sadəcə, dayandırdığını bildirir.

İ.Əliyev və A.Merkel

İ.Əliyev və A.Merkel

«AB-NİN GÖZLƏNTİLƏRİ VURĞULANMALIDIR»

Vətəndaş cəmiyyətinə basqıları artırdığına görə Azərbaycan hökuməti Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) qurumunun tələbləriylə üz-üzədir. 2015-ci ildə Azərbaycanın qurumdakı statusu tam üzvlükdən namizədliyə qədər azaldılıb. 2016-cı ildə də EITI Azərbaycanın statusunu dəyişməkdən imtina edib və ölkədə insan haqlarıyla bağlı durumu inkişaf etdirmək, QHT-lərin fəaliyyətinə şərait yaratmaq məqsədiylə islahatlar aparılmasını istəyib. HRW Azərbaycan hökumətinin bu tələblərə cavab olaraq bəzi qaydaları dəyişdirdiyini, ancaq bu səthi dəyişikliklərin duruma təsir etmədiyini vurğulayır.

«AB-nin Azərbaycanla işbirliyi Lissabon razılaşmasının 21-ci maddəsinə uyğun aparılmalı, demokratik prinsiplər, qanunun aliliyi, insan haqları və fundamental azadlıqlarla bağlı prinsiplərə əməl edilməlidir… Azərbaycanla danışıqlarda AB-nin gözləntiləri – insan haqlarıyla bağlı durumun inkişafı, o cümlədən siyasi fəalların və jurnalistlərin təcili və şərtsiz azadlığa buraxılması baxımından gözləntiləri vurğulanmalıdır», – L.Leicht deyib.

«Əməkdaşlığı konkret irəliləyiş olmadan dərinləşdirmək Azərbaycanda ədalətsizlik nəticəsində həbsə atılmış, ya da hökumətin bütün basqılarına rəğmən fəaliyyət göstərən insanlarda AB-nin onlardan imtina etməsi, onları başlı-başına buraxması kimi təsəvvür yarada bilər», – o, sözlərinə əlavə edib.