Partiya sədri İslam Oyunlarına sərt etiraz elədi


İslam Həmrəyliyi Oyunları oyunları…
 
Bu üç sözün birləşməsinin hərfi, siyasi, fəlsəfi, məcazi anlamları tamam fərqli mənalar kəsb edir. Min illlərdir islam ölkələrində yaşayan insanların başına həmrəylik adı altında oyunlar açılır. Həmrəylik, birlik adı altında gələn yeni ideyalar, təriqətlər, məzhəblər daha dərin parçalanmalarla, daha qanlı toqquşmalarla nəticələnir.
 
Xaricdən maliyyələşən, idarə olunan proseslər nəticəsində müsəlmanlar o qədər parçalanıb, o qədər bir-birinə düşmən kəsilib ki, bir-birinə başı elə qarışıb ki, bu prosesi qızışdıranlar, idarə edənlər, maliyyələşdirənlər haqda düşünmək belə istəmirlər. Bu ayrı-ayrı təriqətlər bir-birinin müsəlmanlığını belə qəbul etmir, onu kafirdən də betər adlandırır, başqa təriqətə aid olduğuna görə başını kəsir.
 
Böyük dövlətlərin oyuncağı olan islam ölkələrinin rəhbərləri, din xadimləri bu münaqişələri, düşmənçiliyi ortadan götürmək üçün demək olar ki, heç bir addım atmır, əksinə daha kəskin münaqişələr üçün fətvalar verir və islam həmrəyliyi adı altında qanlı oyunlar davam edir.
 
Əsas suallardan biri islam oyunlarında hansı müsəlmanların iştirak edəcəyidir- Əl Asxa, Əl Nusra, Taliban, Təkfirçi,Vahabi, İŞİD-çilər, Xomeyniçilər, mötədillər, ilımlılar, yalnız adı müsəlman olanlar?
 
Real güc olanlar, əldə silah döyüşənlər iştirak et
məyəcəksə, real meydanda olmayanların, bu məsələlərə münasibət bildirməyə cəsarəti, mövqeyi olmayanların həmrəyliyi nəyə təsir edəcək ki?
 
Bu oyunlardansa bu dövlət başçılarının atəşkəs, sülh, barış əldə olunana qədər fasiləsiz danışıqlar masası arxasına keçməsi daha doğru olmazmı? Görünür böyük dövlətlər müsəlman ölkələri liderlərinə hələ icazə vermirlər və bunlar da oyun oyunu oynamaq zorundadılar.
 
Azərbaycan əhalisinin maddi durumu günbəgün pisləşir, manat 2.5 dəfə dəyərdən düşüb, hər şeyin qiyməti 2-3 dəfə artıb, əməkhaqları isə ən yaxşı halda əvvəlki kimi qalıb. Bir sözlə azərbaycanlıların yaşam səviyyəsi 2-3 dəfə pisləşib, hakimiyyət bu məsələlərlə bağlı heç bir real addım atmır, əvəzində olan-qalan maliyyəni də İslam oyunlarına yönəldirlər.
 
Ölkə başçısı 2017-ci ilii Azərbaycanda islam həmrəyliyi ili elan edib. İlham Əliyev prezident olduğu 14 il ərzində bir dəfə də olsun ziyalılarla, ağsaqqallarla, mətbuat nümayəndələri ilə, partiya sədrləri ilə görüşməyib, milli dövlət quruculuğu yolunda bütün ömürlərini fəda etmiş insanlar, müstəqil yurnalistlər təzyiq, təqib, çətinliklər, iztirablar içində, ölkədə milli həmrəylikdən – ölkə başçısının fəaliyyətindən birbaşa asılı ı olan məsələdən əsər-əlamət yox, ölkə başçısı daha geniş bir məsələdən – islam həmrəyliyindən danışır.
 
Və ölkə gündəmini 6-cı muğam müsabiqəsinin münsifi kim olacaq kimi absurd bir məsələ işğal edir…
 
Onsuz da televiziyalar səhərdən-axşama muğam müsabiqəsidir, hakimiyyətin səyi nəticəsində azərbaycan xalqı hansı artistin harda, nə etdiyi haqda dərin bilgıilərə malikdir, bu lüt ətcəbala televiziyalara baxan heç kim inanmaz ki, bu ölkə islam ölkəsidir, bu millətin 20 faiz torpağı işğal altındadır…
 
İslam Həmrəyliyi adı altında oyunun da zülmü o biri oyunlar kimi mənim millətimin başının bəlasıdır…
 
Neynəmək olar, bəlalardan yan keçmək üçün lazım olanlar hələ də yetərli deyil….
 
Məni ən çox düşündürən və hələlik cavab tapa bilmədiyim suallardan biri də İslam oyunlarında xanımların da iştirak edib-etməyəcəyi, iştirak edəcəksə hicab məsələsinin nə cür həll olacağıdır.
 
Əhməd Oruc
Azadlıq Partiyasının sədri