MTN polkovniki insult keçirib; Akif Çovdarov: “İlqar elə getdi, Mirəzizdə belə. Növbədə mənəm”


wp-1478491787434.jpg
MTN-in əks kəşfiyyat şöbəsinin rəisi olmuş polkovnik Mirəziz Əsgərov fevralın 14-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında insult keçirib. O, dərhal Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb. Bu haqda həbsdə olan MTN generalı Akif Çovdarov fevralın 15-də öz məhkəməsində məlumat verib. Çovdarov bu hadisəni həm də özünə xəbərdarlıq kimi qiymətləndirib.

“Mirəziz Əsgərov dəfələrlə müayinə və müalicə tələb edirdi. Amma ona heç bir ixtisaslı həkim-kardioloq tərəfindən yardım göstərilmədi. Məndə də bu xəstəliklər var. Birinci İlqar (2015-ci ilin dekabrında təcridxanada intihar etmiş keçmiş Antiterror Mərkəzinin rəisi İlqar Əliyevi nəzərdə tutur – red.) getdi, indi də Mirəziz belə oldu. Növbədə mənəm”, – deyə Çovdarov bildirib.

Mirəziz Əsgərovun səhhətinin həbsxanada pisləşdiyini, ürək xəstəliyinə tutulduğunu vurğulayan Çovdarov özünün də durumunun ağır olduğunu, amma müayinə və müalicəsinə imkan yaradılmadığını, müraciətlərinə isə cavab verilmədiyini deyib: «İnsan nə qədər yazar ki, «müayinə edin»?! Hər yerə yazmışıq. Hakim deyir mənlik deyil, idarə deyir mənlik deyil. Bəs kimlikdir?».

Məhkəmə iclasına gəlincə, vəkil Cavid Rzazadə səhhəti ilə əlaqədar iclasa qatıla bilmədiyi üçün fevralın 20-ə təxirə salınıb.