I vitse-prezident təyinatına ReAl-dan reaksiya


ReAl hərəkatı ölkə başçısı İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

real-herekati

“21 fevral 2017-ci ilə Prezident İlham Əliyev sərəncam imzalayaraq həyat yoldaşı Mehriban Əliyevanı ölkənin birinci vitse-prezidenti təyin edib.
ReAl olaraq 2009-cu və 2016-cı illərdə keçirilmiş referendumlarla Konstitusiyaya edilən anti-demokratik və bir ailənin dövlət hakimiyyətini zəbt etməsinə yönələn dəyişikliklərə qarşı qəti mövqeyimizdə qalaraq bəyan edirik:
Prezident İlham Əliyevin Birinci vitse Prezident təyinatı ilə bağlı verdiyi 21 fevral 2017-ci il sərəncamı respublika dəyərlərinin məhvinə yönəlib; müasir və demokratik dövlət idarəetmə prinsiplərinə zidd olmaqla yanaşı ölkənin imicinə böyük zərbədir.
Respublikaçı Alternativ (ReAl) hesab edir ki, bu addım ölkədə mövcud sosial-iqtisadi problemləri nəinki həll etməyəcək, onları daha da dərinləşdirəcək. Azərbaycanın təhlükəsiz və firavan gələcəyi respublika dəyərlərinin tam şəkildə bərqərar edilməsindən, insan hüquq və azadlıqlarının tam şəkildə qorunmasından, azad və ədalətli məhkəmə sistemindən və digər zəruri siyasi və iqtisadi islahatlardan asılıdır. ReAl, bu gələcəyi ölkəyə bəxş edənə qədər təmkinlə və ardıcıl olaraq fəaliyyətini davam etdirəcək!”