Almaniya ilə Türkiyə arasında diplomatik gərginlik


Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Türkiyənin ədliyyə nazirinin iştirakı ilə Almaniyada yaşayan türklərlə görüşün ləğv edilməsi iki ölkə arasında ciddi diplomatik qalmaqal yaradıb.

6000


Bu barədə Fransada açıqlama verən nazir Bəkir Bozdağ bildirib ki, Almaniya görüşə az qalmış gözlənilmədən toplantıya icazə verməyib. Səbəb isə çox bəsit göstərilib: “Toplantının keçiriləcəyi məkanda yeraltı qaraj yoxdur”.

Türkiyə rəsmiləri isə bunu bəhanə adlandırıb və Almaniyanın birmənalı şəkildə Türkiyəyə qarşı addım atdığını bəyan ediblər.

Nazir Bəkir Bozdağ deyib ki, PKK-ya, FETÖ-ya qucaq açan Almaniyanın Türkiyənin rəsmi dövlət adamlarının qatılacağı toplantını gülünc iddia ilə ləğv etməsi qəbuledilməzdir və bunun qarşılığı veriləcək.

Bu açıqlamadan az sonra Almaniyanın Türkiyədəki səfiri Martin Erdman Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN nümayəndəsi Kamal Bozay tərəfindən qəbul edilən Erdmanna vəziyyətlə bağlı yaranan narahatlıqlar çatdırılıb və etiraz notası təqdim edilib.

Yeri gəlmişkən, Türkiyə iqtidarına müxalif olan FETÖ üzvlərinin bir qrupuna sığınacaq verən Almaniya rəsmi Ankaranın israrlı tələblərinə baxmayaraq, onları geri təhvil verməkdən imtina edib. Məhz bu səbəbdən iki ölkə arasında diplomatik böhran yaşanırdı. Bugünkü hadisə isə vəziyyəti daha da dramatikləşdirib.