Mehman Hüseynov 2 il müddətinə həbs edildi – Vəkil danışır Video


M.Hüseynovun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna deyib ki, Mehman Hüseynovun 2 il həbs cəzası alması qərarından apellyasiya şikayəti veriləcək.

«Bu qərar qanunsuzdur, əsassızdır və bundan apellyasiya şikayəti verəcəyik», –deyə vəkil vurğulayıb.

+++

«Mehman Hüseynovun 2 il həbs alması siyasi iradəni göstərir. Mən düşünürəm ki, məhkəmə müstəqil qərar vermədi».

Bunu Mehman Hüseynovun vəkili Elçin Sadıqov məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib.

2 il verildi

Martın 3-də Suraxanı Rayon Məhkəməsində bloqqer Mehman Hüseynova 2 il həbs verilib.

Bu haqda Suraxanı rayon Məhkəməsi qərar verib.

Bir qədər öncə iddiaya baxan hakim Ceyhun Qədimovun sədrliyi ilə məhkəmə heyəti müşavirəyə getmişdi. Hakim yarım saatlıq müşavirədən qayıdaraq qərarı elan edib.

Mehman Hüseynovun CM-nin 147.2-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunması istənilirdi. Onun polisə böhtan atdığı iddia olunurdu. Mehman Hüseynov yanvarın 10-u açıqlamasında polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

3 il istənildi

Martın 3-də Suraxanı Rayon Məhkəməsində bloqqer Mehman Hüseynova 3 il həbs istənilib. Bu haqda məhkəmədə bloqqeri məhkəməyə vermiş Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin nümayəndəsi Əlirza Əbilov çıxışında bildirib.

 

İddiaya baxan hakim Ceyhun Qədimovun sədrliyilə məhkəmə heyəti müşavirəyə gedib.

Mənbə  Azadliq.org