Ukraynanın azərbaycanlı naziri rüşvətxorluqla həbs olundu və infarkt keçirdi


Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb.

roman-nesirov-300x188


Bu barədə “Ukrainskaya Pravda” nəşri Ukrayna Milli Antikorrupsiya Bürosuna istinadən məlumat yayıb.

“Nəsirov Feofaniyada (Kiyev xəstəxanası-red) “qaz işi” çərçivəsində aparılan axtarış zamanı saxlanılıb”, – deyə Bürodan bildirilib.  Bundan əvvəl DFX binasında axtarış aparılıb.

Məlumata görə, hazırda Nəsirov barəsində istintaq tədbirləri həyata keçirilir.

R.Nəsirovun vəkilləri onun huşsuz vəziyyətdə olduğunu əsas gətirərək, istintaq tədbirlərinin qanuna zidd aparıldığını iddia  edirlər. Onlar R.Nəsirovun saxlanılması qərarından şikayət verəcəklərini bildiriblər.

Vəkil Denis Fetisovun sözlərinə görə, R.Nəsirov Ukraynanın 364-cü maddəsi üzrə (vəzifədən sui-istifadə) şübhəli bilinir.

Məlumata görə, huşsuz vəziyyətdə olan Roman Nəsirov “Feofaniya” klinikasından xərəklə  kardioloji korpusa aparılıb.

Həkimlər R.Nəsirovun infarkt keçirdiyini bildiriblər.

7-2

Qeyd edək ki, bir müddət əvvəl Ali Radanın deputatı Aleksandr Onişenko barəsində “külli miqdarda dövlət əmlakının talanması» maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək “Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə, ölkə daxilində hasil olunan qazı aşağı salınmış qiymətlərlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Qeyd olunan hərəkətlər nəticəsində dövlətə 120,5 mln. dollar ziyan dəydiyi qeyd olunur. Sonradan Rada Onişenkonun cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsinə razılıq verib, lakin qərar qəbul edilməzdən əvvəl Onişenko ölkəni tərk edib. Deputat həmçinin dövlətə xəyanətdə və Ukraynada vəziyyəti gərginləşdirməyə hazırlıq görməkdə şübhəli bilinir