Hollandiyanın xarici işlər naziri: Bizi niyə sanksiya ilə təhdid etdiklərini anlamıram


Hollandiyanın xarici işlər naziri Bert Koenders Hollandiya ilə Türkiyə arasında yaşanan böhranla bağlı BBC-yə müsahibə verib.

543765390

Əmək Partiyasından olan B.Koenders və Avropa Parlamentinin hollandiyalı millət vəkili Emine Bozkurt Hollandiyanın Hertogenbosch şəhərində təşkil edilən Hollandiya-Türk Qadınlar Birliyinin yemək mərasimində iştirak ediblər.

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın “Biz Hollandiyanı və hollandiyalıları Srebrenitsa qətliamından tanıyırıq” ifadələrinə cavab verən Koenders “Xüsusilə Almaniya və Hollandiyaya qarşı Erdoğanın sözlərinə baxarsaq istifadə olunan dildə gərginliyin artdığını gördük. Təbii ki, bizim üçün nasizm və Srebrenitsa qətliamı ilə bağlı söylənilənlər yanlışdır, doğru deyil və qəbul edilməzdir.

Bizi niyə sanksiya ilə təhdid etdiklərini anlamıram. Bu günə qədər aldığımız tədbirlər baxımından bir alternativimiz yoxdur. Amma təbii ki, ən önəmlisi bir nöqtədə bu gərginliyin azalmasına ümid edirik” deyib.

“Onların soylarının, xarakterinin necə xarab olduğunu 8 min bosniyalını orada necə qətl etdiklərindən bilirik” -deyə dünən Ankarada çıxış edən Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib.

Erdoğan Hollandiyaya dəstək verən Almaniya kansleri Angela Merkelə də etirazını bildirərək “sənin ondan fərqli olmadığını da bilirik” ifadəsini işlədib.

Koenders bu gərginliyi seçimlər üzündən artması barədə sualı cavablayarkən “Xeyr. Bu bizim üçün seçimlərlə bağlı olan bir məsələ deyil. Təbii ki, bir seçim ərəfəsindəyik, amma bu gərginliyin seçimlər üzündən meydana gəldiyi anlamına gəlməz.

Türkiyə hökumət üzvlərinin Hollandiyada seçki kampaniyası tələbləri üzündən bir anlaşılmazlıq yaşadıq” deyib.

“Sanksiya təhdidi çox yersizdir”

Koenders “Bu axşam burada gördüyünüz kimi seçkilərlə, referendumla bağlı da Hollandiyada kampaniya aparmaq imkanınız var. Burada Türkiyə referendumu üçün səs verə bilirsiniz. Ancaq bütün bu şərhlər daxilində bunun yaxşı olmayacağını düşündük və buna bir çarə tapmağa çalışdıq ” ifadələrini işlədib.

“Biz Çavuşoğlunun konsulluq binasında və ya türk hökumətinə aid bir binada görüşünün təşkil edilməsi istiqamətində bir çıxış yolu tapmağa çalışarkən, bizə böyük bir sanksiya təhdidi gəldi. Bu çox yersizdir.

Bu səbəbdən də enmə haqlarını qaldırdıq, sonra birdən-birə heç bir icazə almadan və ya başqa bir haqqdan istifadə etmədən başqa bir nazir gəldi. Bu çox təhlükəli idi” – deyə hollandiyalı nazir hadisələrin inkişafını şərh edərkən söyləyib.

Nazir gərginliyin azalacağına ümid etdiyini vurğulayıb.

Hollandiya hökuməti ötən həftənin şənbə günü türk seçicilərlə görüşmək üçün Rotterdama ucan xarici işlər naziri Mevlüt Çavuşoğlunun və ailə və sosial siyasət naziri Fatma Betül Kayanın təyyarəsinin enməsinə icazə verməmişdi.

Bundan sonra hadisələrin inkişafı iki ölkə arasında diplomatik böhranın ortaya çıxmasına səbəb olub.