TeliaSonera: “Azercell-in arxasında kimin durduğunu bilmirik”


İsveçin TeliaSonera qrupu 2008-ci ildə Azercell şirkətinin özəlləşdirilməsi zamanı yüz milyonlarla dollar vəsaitin mənimsənilməsini “narahatedici əməliyyat” adlandırıb.


150602122415_teliasonera_gettty_624x351_getty

BBC Azərbaycancanın Azercell şirkətinə ünvanladığı suallara TeliaSonera cavab verib və o, Azərbaycandakı partnyorunun benefisial sahibinin kim olduğunu bilmədiyini desə də, onun “siyasi hakimiyyətə” yaxın olduğunu ehtimal edib.

Bundan əvvəl İsveç televiziyası və Şərqi Avropa ilə Mərkəzi Asiya ölkələrinin araşdırmaçı jurnalistlərini bir araya gətirən OCCRP qrupunun birgə araşdırmasında iddia edilib ki, İsveçin telekommunikasiya şirkəti TeliaSonera Azərbaycanda “prezident ailəsi ilə razılığa gələrək 790 milyon ABŞ dolları dəyərində hökumət aktivlərinin mənimsənilməsinə” kömək edib.

Azərbaycan hökuməti iddiaları Qərbdə özünə qarşı yönəldilmiş kampaniyaların bir hissəsi hesab etdiyini deyir.

İsveçdə bir qrup media qurumunun ötən həftə birgə dərc etdirdiyi və TeliaSoneranın daxilindən əldə etdikləri sənədlərə əsasən apardıqlarını dedikləri araşdırmaya görə, şirkət hakim ailəyə yardım əvəzində Azərbaycanda işləmək üçün lisenziya və icazə alıb.

Araşdırmada iddia olunur ki, mənimsənilmə Azercell Telecom-un TeliaSonera tərəfdaşı tərəfindən özəlləşdirilməsi zamanı baş tutub. Bu tərəfdaşın prezident ailəsinə yaxın olduğu iddia edilir.

“Tərəfdaşımızın son benefisial sahibinin kim olduğunu dəqiq bilmirik. Biz onların Azərbaycanın siyasi hakimiyyətinə yaxın olduğunu güman edirik. [Ancaq] Biz prezident ailəsi və yaxud da başqa bir konkret şəxsin adını çəkməmişik”, TeliaSonera BBC Azərbaycancaya bildirib.

Prezidentin mətbuat xidmətindən bu barədə reaksiya almaq mümkün olmayıb.

85845-1

Bundan öncə isə Azərbaycan prezidentinin sözçüsü Əli Həsənov bu iddiaları “çirkin kampaniya” adlandırıb. “Qərbin müəyyən dairələri ilə sıx bağlılığı olan bu tipli qurumlar müstəqil siyasət yürüdən və kimlərinsə iradəsinə baş əyməyən dövlətlərə qarşı bir təzyiq vasitəsidir”, o deyib.

Benefisial sahib kimdir?

Benefisial sahib çirkli pulların yuyulması kontekstində işlənən bir termindir. Belə bir nəzarət imza səlahiyyəti və ya leqal tituldan fərqlidir. Bu termin hüquqi şəxsin bilavasitə və ya dolayısı ilə sahibi olan və yaxud qərarların qəbul edilməsində əhəmiyyətli təsir göstərə biləcək şəxs və ya şəxslər qrupunu əks etdirir.

Benefisial faktiki olaraq aktivlərin sahibi olsa da, onun adı sənədlərdə göstərilməyə bilər. Bir çox hallarda benefisiarlar nominal firmalar və direktorlardan ibarət zəncir arxasında qalırlar ki, bu da çirkli pulların yuyulması və korrupsiya kimi qeyri-qanuni məqsədlər üçün istifadə oluna bilər.

“Biz 2013-2014-cü illərdə öz təşəbbüsümüzlə və beynəlxalq Norton Rose Fulbright hüquq şirkətinin dəstəyilə məsələni araşdırmışıq – və bu çox mühümdür – onun yekunlarını İsveç ədliyyə orqanları və prokurorluğa təhvil vermişik. Məsələnin cinayət təşkil edib-etməməsini və onun nə kimi cinayyət əməli olduğunu müəyyən etmək İsveç prokurorluğuna aiddir”, – TeliaSonera qrupu bildirir.

“6 aydan artıqdır ki, materialları prokurora təhvil vermişik və işi hüquqi müstəvidə yalnız o davam etdirə bilər”.

TeliaSonera-nın vitse prezidenti ötən həftə sərmayəçilərə email göndərərək bildirib ki, şirkətin Azərbaycanda əməliyyatları şirkətin əvvəlki rəhbərliyinin əldə etdiyi razılaşmanın nəticəsidir və hazırkı rəhbərlik bu sövdələşmədə “iştirak etməyib”. Şirkət hazırda idarəçiliyində “yüksək etik qaydalar”a əməl etdiyini bildirir.

“Bizim Azercell şirkətində idarəedici nəzarətimiz var və onu bütün TeliaSonera qrupunda olduğu kimi yüksək etik qaydalara uyğun idarə edirik”, TeliaSoneradan BBC Azərbaycancaya verilən cavabda deyilir.

TeliaSonera deyib ki, məsələ ilə bağlı çoxlu suallar yaransa da, işlə əlaqədar kifayət qədər məlumat olmadığı üçün polisə yox, prokurorluğa müraciət etməyi qərara alıb

BBC