“Əliyev rejiminin gələcəyi yoxdur, ona yalnız avtoritar qəsbkar kimi baxılacaq”


008dfvgbh8
“Hazırkı sistem ölkənin resurslarını talayıb, çarə islahatlardadır, bu da Əliyevlər sülaləsinin sonu deməkdir”

Azərbaycanda hakimiyyət ciddi qorunan ailə biznesidir. Bunu Opendemocracy.net portalında Sergey Rumyantsev yazır və bunun səbəblərini araşdırır.

Bakı Dövlət Universitetinin məzunu olan Rumyantsevin sosiologiya üzrə doktorluq dərəcəsi var və Berlindəki Müstəqil Sosial Araşdırmalar Mərkəzinin (CISR) tədqiqatçısıdır.

Hakimiyyətin ailə daxilində üçüncü transferi

Müəllif paytaxt Bakıda ucu-bucağı görünməyən fasadların həyatın daha çirkin tərəfini ört-basdır etdiyini yazır.

“Əcəba, bütün bu fasadlar və hasarlar sökülsəydi, qarşımızda necə bir Azərbaycan görərdik?”. Bu sualı qoyan Rumyantsev ölkə rəhbərlərinin texniki baxımdan seçildiyini, amma əslində, hakimiyyətin irsən keçdiyini qeyd edir. “Sonucda Əliyevlər ailəsi 20 ildən çoxdur ölkəyə nəzarəti saxlayır. Üstəlik, fevralda birinci xanım Mehriban Əliyeva birinci vitse-prezident təyin olunub. Yəni, ölkə başçısının başına bir iş gəlsə, ölkəni onun ambisiyalı həyat yoldaşı idarə edəcək” yazan müəllif vurğulayır ki, bu zaman Əliyevlər ailəsi daxilində hakimiyyətin üçüncü transferi baş verəcək, daha dəqiqi, Əliyevlər-Paşayevlər ailəsinə keçəcək.

“Kral evi”nin qaydaları

“Böyük ehtimalla, “Kral evi”nin qaydalarına uyğun olaraq, ikinci Heydər Əliyev, hazırkı prezidentin oğlu bu yüksək posta hazırlanır. İndiki məqamda durumun necə inkişaf edəcəyini söyləmək spekulyativ olardı. Amma bir şey aydındır – 2020-ci ildə növbəti parlament seçkiləri imitasiyasından sonra gənc Əliyev parlamentdə otura bilər. Bu da onun İlham Əliyevin varisi kimi rəsmi nominasiyası yönündə ilk addım olar”, – deyə məqalədə qeyd olunur.

YAP=Kompartiya

Müəllif daha sonra yazır ki, 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyevin ölkənin siyasi mənzərəsini yenidən qurub, avtoritar rejim yaratdı. O, islahatlara, radikal siyasi-ictimai dəyişikliyə vaxt sərf etmədi, öz bildiyi yolu seçdi. Sədri olduğu Yeni Azərbaycan Partiyası bütün paralellərdə keçmiş Kommunist Partiyasını yada salır. Sovet ideologiyası populist millətçilik şüarları ilə əvəzlənib. Politbüro daha yoxdur, amma ölkənin ən böyük partiyasının daimi sədrinin prezidentliyə namizədliyini vermək ənənəsi qalır…

Yazıda ölkədə müxalifətin sıxışdırılmasından da söz açılır. Müxalifət partiyalarına resurs uğrunda mübarizə məkanı qalmadığı vurğulanır.

Deputat mandatı – sədaqətə görə mükafat

“Heydər Əliyev rejimin imicini yaxşılaşdırmaq xatirinə bütün bu qruplara kiçik güzəştlərə gedərdi. Amma onun əksinə olaraq, İlham Əliyev dövründə hökumətə qarşı hər hansı mübarizə sona çatıb. Hətta bunun imitasiyasına da yol verilmir. Parlamentə deputatlar seçilmir, təyin olunur. Parlamentdəki yer sədaqətə görə mükafat sayılır. İcra hakimiyyəti başçıları təyin olunur. Ən yüksək postları tutan rəsmilər də uzun illər Əliyevlərə sadiqlik ortaya qoymuş şəxslərdir. Hökumətdə mövqe tutmaq ailə və regional əlaqələrdən asılıdır. Ən çox arzulanan vəzifələr də «silovik»lərdir, yəni, təhlükəsizlik xidmətləri, Daxili İşlər Nazirliyi, ordudakı postlar”, – deyə müəllif yazır.

Sədaqəti satın almağa pul qalmayanda

Məqalədə qeyd olunur ki, 2014-cü il böhranı hakimiyyətin artan ambisiyalarına böyük zərbə oldu. Hakim ailənin iqtisadi çətinliklərlə bacarmadığı ortaya çıxdı. Hazırda kiçik miqyasda sosial itaətsizliyi hakimiyyət dərhal yatırdır. Amma problem qalmaqdadır: daha sədaqəti satın almağa resurs da azalıb.

“İndilik böhran ötüşə, Əliyevlər də hakimiyyətdə qala bilər. Amma iqtisadi çətinliklər yenə qayıdacaq, yaxud neft və qazın tükənəcəyi gün gələcək. 25 illik müstəqillik dövründə Əliyevlər sülaləsi miras aldığı ölkədə davamlı rifahı irəlilətmək gücündə olmadığını göstərib” yazan müəllif hazırkı sistemin yalnız ölkənin resurslarını yaxşıca taladığını, əvəzində çox az şey yaratdığını vurğulayır və çarəni yalnız radikal iqtisadi islahatlarda görür. “Bu halda isə Əliyevlər bürokratların və büdcə işçiləri ordusunun dəstəyini itirmiş olar, Əliyevlər sülaləsinin də sonu gələr. Bu zaman onların sonunu müxalifətin etirazları deyil, sırf iqtisadi və sosial itaətsizlik gətirər”, – deyə müəllif əlavə edir.

Avtoritar qəsbkar və siyasi oksümoron

Sergey Rumyantsevin fikrincə, hazırkı sistemin dizaynı onun uzunmüddətli gələcəyinin olmadığını göstərir: “Əliyevlərin məqsədlərinə nə dərəcədə çatmalarından asılı olmayaraq, İlham Əliyevin ömürlük prezident, yaxud sultan elan olunacağı günü ağla gətirmək çətindir. Bugünkü reallıqda, Azərbaycanın Avropa siyasi arenasında rol oynamalı olduğu bir dönəmdə Əliyevlər ailəsinə yalnız avtoritar qəsbkar kimi baxılacaq – prezident sülaləsinin özü belə siyasi oksümoron (siyasətə zidd) sayılacaq”.

Məqalənin orijinalı – İngilisRus dillərində.

Azərbaycancası Azadlıq Radiosundan götürülüb. Başlıqlar redaksiyaya məxsusdur.