BMT İnsan Haqları Komitəsi Azərbaycana qarşı qərar verdi


BMT-nin İnsan Hüquqları Komitəsi (İHK) Azərbaycanda ifadə azadlığı hüququnun pozuntusu ilə bağlı ilk qərarını qəbul edib.

1490459009_bmt2

Qərar Media Hüququ İnstititunun jurnalist Yaşar Ağazadə və hüquq müdafiəçisi Rəsul Cəfərovun informasiya əldə etmək hüququnun pozulmasından göndərdiyi şikayətlə bağlıdır.

Bu haqda AzadlıqRadiosuna 2014-cü ildə bir müddət fəaliyyətini dayandırmalı olmuş Media Hüququ İnstitutunun İdarə Heyətinin üzvü Rəşid Hacılı məlumat verib.

“İndiyədək Avropa Məhkəməsinin Azərbaycanda ifadə azadlığı hüququnun pozuntusu ilə bağlı xeyli qərarları olub. Ancaq informasiya əldə edilməsi hüququnun pozuntusu ilə bağlı beynəlxalq qurumların qərarları olmamışdı”, deyən R.Hacılıya görə, hökumətin belə qərarlara əməl etməsi ölkədə çox önəmli dəyişikliklərin başlanğıcı ola bilər.

R.Hacılının bildirdiyinə görə, BMT-nin İnsan Hüquqları Komitəsinə jurnalist Yaşar Ağazadə və hüquq müdafiəçisi Rəsul Cəfərovun informasiya əldə etmək hüququ pozulduğu, yerli məhkəmələr ədalətli qərar vermədiyi üçün şikayət göndərilib.

Qərara görə, 2010-cu ilin martında Rəsul Cəfərov istifadə üçün boş olan radio tezlikləri haqqında məlumat verilməsi xahişi ilə Milli Teleradio Şurasına (MTRŞ) müraciət edib. MTRŞ sorğuya tam cavab verməyib.

Həmin ilin mayında Ağazadə və Cəfərov MTRŞ-yə Bakıda və Abşeron yarımadasında teleradioyayım üçün lisenziya verilməsi xahişi ilə müraciət ediblər. Bu dəfə də onlara rədd cavabı verilib.

MTRŞ məhkəməyə verilib, ancaq yerli məhkəmələr Y.Ağazadə və R.Cəfərovun şikayətlərini rədd edib.

Bundan sonra Media Hüququ İnstitutu Vətəndaş Hüquqları və Siyasi Hüquqlar Paktında təsbit olunan ifadə azadlığı hüququnun pozuntusu ilə bağlı BMT-nin İHK-yə şikayət gödərib.

Şikayətdə qeyd olunub ki, Azərbaycanın elektron KİV-lərində müstəqil yayımçılar demək olar ki, yoxdur. Tezliklərin paylanmasına, lisenziyaların verilməsinə və reklam bazarına Azərbaycan hökuməti tam nəzarət edir, elektron KİV-ləri nəzarətdə saxlayır. Beləliklə də, ölkədə plüralizm təmin olunmur.

BMT-nin İHK öz qərarında qeyd edib ki, şikayətçilərin ifadə azadlığı hüququnun pozuntusuna yol verilib. Komitə qeyd edir ki, hökumət hüquqları pozulan şəxslərə tam kompensasiya verilməsini təmin etməlidir.

“Hökumət həmçinin gələcəkdə belə pozuntuların qarşısını almalıdır. Boş radio tezliklərinə lisenziyaların müntəzəm və açıq müsabiqələrə zəmanət verən açıq və şəffaf prosedurlar əsasında paylanması üçün tele-radio qanunvericiliyinə yenidən baxılmalıdır”, qərarda ifadə edilib.

azadliq.org