Mehman Hüseynovun işgəncə ilə bağlı şikayəti təmin edilmədi


Martın 28-də Bakının Səbail rayon məhkəməsində həbsdə olan bloqqer Mehman Hüseynovun işgəncəyə məruz qalması haqda şikayətinə baxılıb.

mehman-mehkeme

Dörd saatdan çox davam edən məhkəmə prosesinin sonunda hakim Aytən Əliyeva bloqqerin şikayətini təmin etməyib. Məhkəmə prokurorluğun Mehman Hüseynov haqda qərarını haqlı sayıb.

Bakı Şəhər Prokurorluğu Mehman Hüseynovun yanvarın 9-da inzibati qaydada saxlanılarkən Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalması haqda söylədiklərini əsassız hesab edib və onun cinayət işi başlanması haqda müraciətilə bağlı rədd qərarı çıxarıb. Mehman Hüseynovun vəkilləri prokurorluğun bu qərarından məhkəməyə şikayət etmişdi.

Bliqqerin vəkilləri qapalı keçirilən məhkəmə haqda Azadlıq Radiosu-na bildirib ki, hakim onlar 7 vəsatət qaldırıblar, hakim heç birini təmin etməyib. Hətta vəkillərə və Mehmanın özünə 132 səhifəlik iş materialları ilə tanış olmağa da şərait yaradılmayıb.

Vəkil Elçin Sadıqov deyir ki, məhkəmədə bloqqer məruz qaldığı işgəncələr haqda ətraflı danışmaq istəsə də, hakim ona mane olmağa çalışıb. Buna baxmayaraq, Mehman Hüseynov bu haqda danışıb.

“Məhkəmə tələm-tələsik keçirildi. Çıxarılan qərarı qanunsuz hesab edirik və üç gün ərzində apellyasiya şikayəti verəcəyik. Hakim qərarın yalnız nəticə hissəsini elan etdi, hətta şikayətimizi niyə təmin etmədiyini də əsaslandırmadı”, – Elçin Sadıqov belə deyir.

Bloqqerin digər vəkili Fuad Ağayev hesab edir ki, məhkəmənin tələskənliyi səbəbsiz deyil. Müdafiəçi deyir ki, Mehman Hüseynovun böhtana görə iki il azadlıqdan məhrum edilməsinə dair qərarda prokurorluğun qərarına istinad olunub. Prokurorluq Mehmanın işgəncəyə məruz qalmadığı nəticəsinə gəlib və məhkəmə də hökmünü bununla əsaslandırıb.

Martın 29-da Bakı Apellyasiya Məhkəməsində həmin hökmdən verilmiş şikayət üzrə ilkin baxış iclası keçiriləcək. Fuad Ağayev deyir ki, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılana qədər işgəncə ilə bağlı məhkəmə qərarının da qüvvəyə minməsinə çalışırlar.

“Bu gün baş verənlər məhkəmə deyildi, sadəcə, məhkəmə görüntüsü yaratmışdılar. Mən işə bu gün qoşulmuşdum, işlə tanış olmaq üçün vaxt lazım idi. Mənə 132 səhifəlik işlə tanış olmaq, surətlərini çıxarmaq üçün cəmi yarım saat vaxt verildi. Bu müddətdə heç 132 səhifəni oxumaq mümkün deyil, nəinki müdafiə qurmaq. Biz əlavə şahidlərin dindirilməsi, Nəsimi Rayon Polis İdarəsində olan videokameraların yaddaşındakı görüntülərə baxış keçirilməsi, Mehman Hüseynovun tibbi komissiyadan keçirilməsi haqda vəsatətlər vermişdik. Heç biri təmin olunmadı”, – bloqqerin başqa bir vəkili Şəhla Hümbətovanın sözləridir.

Vəkillər prosesin gedişində hakim Aytən Əliyevaya etiraz veriblər. Amma etiraz baxılmamış saxlanıb.

Fuad Ağayev deyir ki, hakimin bu qərarı da qanunsuz idi. Çünki hakimə verilən etiraza məhkəmənin sədri baxıb qərar verməlidir.

Vəkillər Səbail Rayon Məhkəməsinin qərarını alan kimi apellyasiya şikayəti verəcəklərini bildiriblər.

azadliq.org