Mehman Hüseynovun apellyasiya məhkəməsi başladı


Bloqqer Mehman Hüseynova 2 il həbs cəzası kəsilməsi haqda Suraxanı Rayon Məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə məhkəmə baxışı başlanıb.

mehman-mehkeme

Martın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə bu işə ilkin baxış iclası keçirilib. İclasda Mehman Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şəhla Hümbətova 10-dan çox vəsatət qaldırıblar.

Vəkillər məhkəmədən bunları istəyiblər

Vəkillər bu məhkəmənin yerli və beynəlxalq ictimaiyyətin diqqətində olduğunu bildirərək, prosesin audio-videoyazısına icazə verilməsini, müdafiə etdikləri şəxsin onların yanında oturmasını, həbs-qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəzlənməsini, məhkəmənin qismən istintaq aparılmaqla keçirilməsini istəyiblər. Onlar əlavə şahidlərin, o cümlədən xüsusi ittihamçı – Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin məhkəmədə dindirilməsini, Mehman Hüseynov saxlanan zaman Nəsimi Rayon Polis İdarəsindəki müşahidə kameralarının məhkəməyə təqdim edilməsini, cinayət işinə xitam verilməsini, bu olmazsa, işin birinci instansiya məhkəməsinə qaytarılmasını da gərəkli sayıblar.

Olay Nəsimi rayonunda olub, amma…

Vəkillər bildiriblər ki, Musa Musayevin böhtan saydığı fikirlər Nəsimi Rayon Məhkəməsinin qarşısındakı müsahibədə səslənib. Hadisə Nəsimi rayonu ərazisində baş verdiyindən, polis rəisinin şikayətinə Suraxanı Rayon Məhkəməsi baxa bilməzdi. Bunu ciddi pozuntu adlandıran vəkillər həmin işə baxmış hakim haqqında xüsusi qərar çıxarılması haqda da vəsatət qaldırıblar.

Polis rəisinin nümayəndəsi Əlirza Əbilov bütün vəsatətlərə etirazını bildirərək, onların təmin olunmamasını xahiş edib.

Mehman Hüseynovun özü vəkillərinin vəsatətlərini belə qiymətləndirib: “Vəkillərim nə deyirlərsə, düz deyirlər”.

Həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətə də Mehman Hüseynovun mövqeyi özünəməxsus olub: “Təmin olunsa, lap yaxşı. Olunmasa da, heç vecimə deyil”.

Vəsatətlərin heç biri təmin edilməyib. Məhkəmə baxışı aprelin 10-a təyin olunub

azadliq.org