Prezidentin ailə üzvləri 1 milyardlıq təyyarə alır


Ölkəyə verdiyi mənfəət barədə heç bir məlumatın olmadığı bir şirkət və 10 ədəd yeni “Boeing-737 MAX”

aliyev-ailesi-mesel

İlham Əliyevin övladlarının “Silk Way Airlines” aviaşirkəti və ABŞ-ın Boeing” aerokosmik korporasiyası 10 ədəd “Boeing-737 MAX” markalı sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.

Müqavilə bu gün Bakıda şirkətin daxil olduğu “Silk Way Holding”in prezidenti Zaur Axundov və “Boeing”in baş vitse-prezidenti Marti Bentrott tərəfindən imzalanıb. İmzalama mərasmində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta iştirak edib.

Müqavilənin ümumi dəyəri təxminən 1 mlrd. ABŞ dolları təşkil edir.

ABŞ-ın İxrac-idxal bankı (“Ex-Imbank”) ilə ilkin müzakirələr əsasında hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

“Silk Way Holding”in “Boeing-737 MAX” hava gəmilərinin gətirilməsinə dair razılaşma ötən ilin yayında Böyük Britaniyada “Farnborough Airshow – 2016” Beynəlxalq aerokosmik salonu çərçivəsində əldə edilib. İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonuna kimi, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

“Silk Way Holding”in prezidenti Zaur Axundov jurnalistlərə bildirib : “”Silk Way Airlines” “Boeing” istehsalı olan 10 yeni və müasir təyyarə alacaq. Biz bu təyyarələri əməliyyat və maliyyə lizinqi əsasında digər aviaşirkətlərə verməyi planlaşdırırıq”.

İmzalanma mərasimində iştirak edən səfir n ölkəsinin Azərbaycanda yaradılan aşağı büdcəli “BUTA AIRWAYS” şirkəti ilə əməkdaşlığa hazır olduğunu deyib. Xatırladaq ki, “BUTA AIRWAYS” də İlham Əliyevin törəmə ailə şirkətlərindən biridir.

“Boeing” şirkətinin Baş Vitse-Prezidenti Marti Bentrottun sözlərinə görə, Azərbaycanın aldığı müasir təyyarələr 189 sərnişin üçün nəzərdə tutulub. Bu təyyarələr çox səmərəli və etibarlıdır. “İmzalanan müqaviləni ABŞ və Azərbaycan arasında çox mühüm ticarət müqaviləsi hesab edirik”,- deyə o bildirib.

Xatırladaq ki, hökumət mənbələri “Silk Way Holding”in 10 ədəd yeni təyyarə almasını Azərbaycanda mülki aviasiyanın inkişafının yeni mərhələsi adlandırırlar. Xatırldaq ki, 1 milyard dollarlıq təyyarələr alan “Silk Way Holding” Azərbaycanda zərərlə işləyən şirkət kimi tanınır, ölkənin büdcəsinə nə qədər vergi ödədiyinə dair heç bir şəffaf bilgi yoxdur…