“Namərddirlər, ona görə də namərd üsullarla mübarizə aparırlar”


Köməkçisinə yeni ittiham verilməsinə AXCP sədrindən sərt reaksiya

AXCP sədri Əli Kərimli köməkçisi və “Azadlıq” qəzetinin yayım direktoru, 8 aydır həbsdə saxlanan Faiq Əmirliyə yeni ittihamlar verilməsinə münasibət bildirib. Ə.Kərimli feysbuk səhifəsində yazıb:

071100083885

Bu adamlarda utanmaq hissi heç yoxdur. Dünya bunların Azərbaycandan çıxardıqları 10 milyardlarla dollar sərvətdən danışır, yalnız bircə şirkət vasitəsilə ölkədən bir ildə 1 milyard avro çıxardıqları, sonra da həmin şirkətin 31 milyon manat vergi borcunu sildirdikləri lap bugünlərdə ifşa olunub, ancaq utanmaq, xalqa hesabat vermək əvəzinə haqqı, doğru sözü dilinə gətirənləri maliyyə yeyintisi ilə şərləyib, ittiham edirlər.

Köməkçim, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə qarşı  Cinayət Məcəlləsinin 2 maddəsilə yeni saxta ittiham irəli sürüblər. Bəli, özlərinə yaxın bir şirkəti 1 ildə 31 milyon manat vergidən azad edənlər 70 min manatdan artıq halalca pulu dövlətin himayəsindəki “Qasid” firması tərəfindən mənimsənilən, borc içində batan, əməkdaşlarına aylarla maaş verə bilməyən “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlini vergidən yayınmada ittiham edirlər.

Vəzifə səlahiyyətlərindən sui-istifadə edib ölkədən milyardları oğurlayanlar, ən uzaq qohumlarını da oliqarx edənlər “Azadlıq” qəzetinin yayım direktorunu vəzifəsindən sui-istifadə etməkdə ittiham edirlər. Həm də sən demə, Faiq bəyin “vəzifəsindən” sui-istifadəsi ağır nəticələr veribmiş. Həyasızlıq deyilmi?

Nədir Faiq Əmirlinin günahı? Hansı cinayəti törədib Faiq Əmirli? Bu adam yeniyetmə vaxtlarından Xalq Hərəkatına qoşulub, bütün şüurlu həyatını ölkəsinin demokratikləşməsi uğrunda mübarizəyə həsr edib. Ehtiyacı olsa da, ona edilən şirnikləndirici təkliflərdən hər zaman imtina edib. Əqidəsinə, getdiyi yola xəyanət etməyib.

Və günün birində dinlə, dindarlıqla heç bir əlaqəsi olmayan bu adamı Fətullah Gülənin “imamı” elan edib tuturlar. Faiq bəyin “imam” olduğunu sübut etmək üçün onun maşınının yük yerinə guya Gülənçiliyi təbliğ edən bir neçə kitab atırlar. Ancaq ağıllarınına gəlmir ki, kitabın redaktoru baş prokurorun əmisidir. Sonradan bu fakt da, kitabın maşının yük yerinə əməliyyatçılar tərəfindən qoyulması da sübut olunur. Yenə də utanmaq, etiraf etmək yoxdur. Faiq bəyi 8 ay bu gülünc ittihamla həbsdə saxlayırlar. Saxlayırlar ki, Faiq bəyin həbsindən sonra çapını dayandırdıqları, bu günlərdə saytını da blokladıqları “Azadlıq” qəzetini tamamilə məhv etsinlər, bir də məndən qisas alsınlar.

Müavinlərimin, müşavirlərimin, partiya funksionerlərinin, qaynımın həbsi, indi də köməkçim Faiq Əmirliyə qarşı yeni saxta ittihamların irəli sürülməsi şəxsən mənə qarşı təzyiqdir, məndən fəaliyyətimə görə qisas almaqdır. Namərddirlər, ona görə də namərd üsullarla mübarizə aparırlar. Faiq bəyin nə günahı var? Faiq bəyin azyaşlı övladlarının nə günahı var?

Vətəndaşlarımız bilsin ki, hazırda bizim məşğul olduğumuz siyasətdən daha çox haqq mübarizəsidir. Biz susmadığımız üçün, cinayətkarlara cinayətkar dediyimiz, hakim ailənin korrupsiyasını ictimailəşdirdiyimiz üçün, haqqı tapdalananları, əzilənləri müdafiə etdiyimiz üçün, hərtərəfli inkişaf edən, hüquqa hörmət qoyulan, vətəndaşlarına sahib çıxıb qucaq açan daha fərqli bir Azərbaycan arzuladığımız, onun uğrunda gecə-gündüz çalışdığımız üçün bu repressiyalara məruz qalırıq. Ancaq heç bir repressiya haqq mübarizəsini durdura bilməz! Oğru və saxtakarlar əbədiyyən qalib ola bilməz! Bir gün mütləq məğlub olacaqlar, bu ölkənin və bu xalqın da önünün açlacağı şəksizdir. Şübhəniz olmasın!