Avropa çempionu Renad Əliyevin ömründən YAP hakimiyyəti 5 il ogurladı.


Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ikiqat Avropa çempionu Renad Əliyevin işi üzrə məhkəmə iclası yekunlaşıb.


Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Renad Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Renad Əliyev karatenin şotokan və vado ryu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir. Renad Əliyev ötən il oktyabrın 18-də həbs olunub. Ona satış məqsədilə narkotik maddələri saxlamaq ittihamı irəli sürülüb.

Renad Əliyev hazırda xaricdə olan Təfəkkür Universitetinin müəllimi  Riyad Əliyevin qardaşıdır.

R. Əliyev ittihamları qəbul etmir. O, qardaşına görə, həbs edildiyini, saxlanıldıqdan sonra əlinə qandal vurularaq Bakı şəhər Baş Polis İdarəsinə aparıldığını, oradakı liftdə arxa cibinə narkotik vasitə qoyulduğunu, istintaq zamanı ailə üzvləri ilə hədələnərək, istənilən formada ifadə verməyi tələb etdiklərini deyir. 

Renad Əliyev qardaşı Riyad Əliyev uzun müddət həbsdə olub, daha sonra Almaniyaya gedib.