Almaniyadan Türkiyəyə “İncirlik” həmləsi –Müdafiə naziri İordaniyadan mühüm mesajlar verdi


Almaniyalı deputatların “İncirlik” hərbi bazasında olan hərbçilərinə baş çəkmələrinə Türkiyənin icazə verməməsi, rəsmi Berlini hərəkətə keçirib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, Almaniya Türkiyə ilə aralarında yaranmış yeni gərginliklə bağlı alternativ yollara əl atmağa başlayıb. Artıq Almaniyanın müdafiə naziri Ursula von der Leyen “İncirlik”dəki alman hərbçilərinin İordaniyaya köçürülməsi üçün “qolunu çırmalayıb”. O, dünən adıçəkilən ölkəyə səfər edib.

6000

 

Səfər zamanı İordaniya kralı Abdullahla görüşün ardından “Azraq” hərbi hava bazasına gedən alman nazir deyib ki, bazaya heyran qalıb:

“Bu hərbi hava bazasının olduqca böyük potensialı var. Burada isti qarşılandıq, böyük dəstək gördük. Bundan çox şadıq. İraqla Suriyanın sərhədində yerləşən İordaniyanın ABŞ-ın liderliyində olan İŞİD-ə qarşı koalisiyaya daxil olması da, “Azraq”ı Almaniya üçün cəlbedici edib”.

Almaniyanın qadın naziri “İncirlik” hərbi bazası ilə bağlı Türkiyə ilə aralarında yaranmış gərginliyə də toxunub:

“Hələlik Almaniya son qərarını verməyib. Türkiyə ilə danışıqlarımız davam edir. Ancaq eyni zamanda, hərbçilərimizin köçürülmə ehtimalına da hazır olmaq məcburiyyətindəyik. Bizim üçün alman deputatlarının xaricdəki hərbçilərimizi ziyarət edə bilmələri kritik əhəmiyyət daşıyır”.

Xatırladaq ki, bu, Türkiyə ilə Almaniya arasında “İncirlik” bazası ilə bağlı yaşanan ikinci böhrandır.

Ötən il Bundestaqın uydurma “erməni soyqırımı”nı tanımasından sonra da Türkiyə alman millət vəkillərinin “İncirlik”i ziyarət etməsinə icazə verməmişdi.

Ankaranın son qadağasının səbəb kimi isə, Almaniyanın “Fətullahçı Terror Təşkilatı”na üzv olmaqda ittiham edilən türk hərbçilərə sığınacaq verməsi göstərilir.

Qeyd edək ki, “İncirlik” hərbi bazası Türkiyənin Adana vilayəti ərazisində yerləşir və həm Suriyaya, həm də İraqa yaxındır.