Xankəndindən (Stepanakert) Şuşaya təyyarə reysi açılıb


 AZ.XİN: ”Bu Ermənistanın növbəti təxribatıdır”

Xankəndindən (Stepanakert) Şuşaya təyyarə reysi açılıb. Virtualaz.org yazır ki, bu barədə “Novosti Armeniya” məlumat yayıb.

 

Layihə rəhbəri Tiqran Çibuxçyanın sözlərinə görə, turizm hava gəzintiləri keçən həftədən ikiyerlik təyyarələr vasitəsilə həyata keçirilir: “Uçuş müddəti 20-25 dəqiqədir. Səfərin qiyməti isə 35 min dramdır (təxminən 70 dollar”.

“Yell Extreme Park” tərəfindən həyata keçirilən layihənin ümumi maliyyələşdirilməsi 35 min dollar edib.

Uçuşları həyata keçirən şirkətin planlarında, həmçinin Azərbaycanın işğal edilmiş başqa əraziləri, məsələn, Qandzasar monastr kompleksi də var. Əsas baza Xankəndi aeroportunda yerləşir.

“Biz turizmi inkişaf etdirməyə çalışırıq, amma bütün turistlərimizə təklif edirik ki, A nöqtəsindən B nöqtəsinə çox yaxşı vəziyyətdə olan avtomobil yolları ilə gəlsinlər. Bu gün bizdə istər daxili, istərsə də xarici bazar üçün yeni və nadir turizm məhsullarını yaratmaq imkanı var”, – deyə Çibuxçyan vurğulayıb.

O həmçinin əlavə edib ki, hazırda Azərbaycanla sərhəd rayonlarda Ermənistanın kiçik aviasiyası üçün Yerevandan uçuşların təşkili məqsədi ilə aeroportun yaradılması haqda məsələ müzakirə edilir. İndiki halda söhbət əsasən Tavuş vilayətinin Yenokavan kəndi haqda gedir.

Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb. Bildirilir ki, işğal olunmuş ərazilərindəki Xocalı hava limanından turizm səyahətləri adı altında Ermənistana uçuşların həyata keçirilməsi planları növbəti təxribatıdır.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, bu, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə zərbə vurur:

“Azərbaycanın işğal olunmuş əraziləri üzərindəki hava məkanı bizim suveren ərazilərimizdir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycanın mülkiyyəti kimi təsbit olunub. İşğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib . Azərbaycanın bu mövqeyini Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı dəstəkləyir”.

H.Hacıyev vurğulayıb ki, bu təxribatın önləmək məqsədilə Azərbaycan Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcək.

Bu günlərdə Ermənistan tərəfi Dağlıq Qarabağdakı Xocalı hava limanına turist səfərləri təşkil etmək niyyətində olduğunu bildirib. Xocalı şəhərinin işğalından sonra oradakı hava limanı təmir edilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Xocalı şəhəri isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal edilib.