Prezidenti ‘ləkələmə’nin cəzası artdı


Ölkə parlamenti Azərbaycan prezidentinin şərəf və ləyaqətini ləkələməyə və ya alçaltmağa görə cəzaları sərtləşdirib.

Bununla bağlı bu gün, mayın 31-i Milli Məclisdə Cinayət Məcəlləsinin 323-cü maddəsinə dəyişiklik edilib.
Həmin maddə prezidentin şərəf və ləyaqətini ləkələməyə, alçaltmağa görə 5 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Belə cinayətlərə görə cərimə də nəzərdə tutulan cəzalardan biridir.
Cinayət Məcəlləsinin 323-cü maddəsinə edilən dəyişiklik cərimələrin məbləğinin artırılması ilə bağlıdır. Bundan sonra prezidentin şərəf və ləyaqətini kütləvi informasiya vasitəsində, internetdə ləkələməyə, alçaltmaya görə cərimə cəzası 1500 manatdan 2500 manata kimi olacaq.
Qeyd olunan əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan edildikdə, cərimənin məbləği 2000 manatdan 3000 manata qədər olacaq.
İndiyədək cərimənin məbləği 500 manatdan 1000 manata kimi idi. Saxta istifadəçi adlar, profil və ya hesabların cərimə cəzası isə 1000 manatdan 1500 manata kimi nəzərdə tutulurdu.
Azadliq radiosu