“Zakir Qaralov gedib hakim ailәyә məxsus şirkәtlәri araşdırsın


Qəpik-quruşun izinə düşən baş prokuror, milyardları niyə görməzdən gəlir?

Hər dəfə səlahiyyət sahibləri dilə gələndə məlum olur ki, bu ölkədə qanunlara yalnız müxalifətçilər əməl etməlidir. Şəffaflıq, hesabatlılıq hökumət komandası üçün keçərli deyil. Hətta vəzifəli şəxslər barəsində dəhşətli faktlar güllə kimi yağsa da, bunu dilə gətirmək, icitmailəşdirmək olmaz. Çünki, vəzifəli şəxsin cinayətlərini ifşa etmək anti-Azərbaycançılıqdır, erməni dəyirmanına su tökməkdir. Ümumiyyətlə, bu ölkədə müxalifətin qəpik-quruşu aidiyyatı qurumları həyəcanlandırsa da, məmurların milyardları qətiyyən həyəcan yaratmır.

Zakir-Qaralov-imzalama

Belə bir həyəcanlı açıqlama bu dəfə də baş prokuror Zakir Qaralovdan gəldi: “Özünü müxalifət adlandıran, heç bir hüquqi qeydiyyatdan keçməyən həm QHT-lər, həm də siyasi partiyalar aldığı qrantlar barədə məlumat vermirlər. Biz də məcbur olduq ki, bir sıra tədbirlər görək. Gələcəkdə də bu halların qarşısı alınacaq.

Bunada bax – Zakir Qaralovun sərvətləri

Həmin yoldaşlara sual olunur – onlar 10 illərlə hər hansı bir qurumda işləməyərək cangüdənləri necə saxlayır? Müxtəlif avtomobilləri hansı pulla alırlar? Xarici səfərləri nəyin hesabına edirlər? Həmin qüvvələr maliyyə hesabatları vermirlər. Nümunə kimi deyə bilərəm ki, hakim Yeni Azərbaycan Partiyası həm Maliyyə Nazirliyinə, həm də Ədliyyə Nazirliyinə hesabat verir. Bəziləri qanundan danışırlar, amma özləri bu cür qanunsuz qrant korrupsiyasına qoşulublar. Hesab edirəm, artıq vaxt çatıb ki, bu qurumların tam geniş şəkildə maliyyə mənbələrinin ciddiliklə yoxlanılmasını təmin edək”-deyə Zakir Qaralov bildirib.

Bunada bax Azərbaycanı idarə edən mafiya

Əslində, baş prokurorun suallarına təbəssümsüz reaksiya vermək mümkün deyil. Bu vəziyyətdə “öz gözündə tiri görməyib, özgəsinin gözündə qıl axtarmaq” deyimi çox yerinə düşür.
Əvvəla, bugünə qədər ortaya çıxan faktlar, dünyanın reaksiyası sübuta yetirdi ki, xaricdən pul gətirmək ittihamıyla həbs olunmuş adamlar siyasi şərin qurbanıdırlar. Məsələn, Gürcüstan hökuməti Əfqan Muxtarlının Tbilisidən oğurlandığını etiraf etdiyi halda, bizim prokurorluq bu adamı sərhəddi pozmaqda ittiham edir. Bəli, Zakir Qaralov Əfqan Muxtarlı, Gözəl Bayramlı rüsvayçılığıyla bağlı suallara cavab vermədiyi halda, başqalarına sual ünvanlamaq eşqinə düşüb .
İkincisi, Zakir Qaralov kimdən və nəyin hesabatını istəyir? İllərdi qərargahsız qalan, 10-dan artıq üzvü şərlənərək həbs edilən, sədrinə xarici posport verilməyən partiyadan maliyyə hesabatı istəyir? Adamların müxalifətçi olduğuna görə işdən çıxarıldığı, doğmaları ilə şantaj edildiyi ölkədə baş prokuror hansı şəffaflığı tələb edir? Əgər prokurluğun əlində daşdan keçən faktlar varsa, niyə illərdi bu faktlar ortaya qoyulmur? Niyə adamların cibinə narkotika, pul, silah atıb şərləmək zərurəti yaranır? Deməli, bütün ittihamların qondarma olduğu, müxalifətin fəaliyyətində hər hansı qanunpozuntusunun olmadığı etiraf edilir.
Üçüncüsü, biz də Zakir Qaralova sual edirik. Yeni Azərbaycan partiyasının üzvü Tağı Əhmədovun 3 milyon manatı hansı yola qazandığını sübuta yetirə bildimi? 1500 manat maaş alan məmurun, 150 milyonluq holdinqləri necə yaratdığnı sübuta yetirdimi? Son 15 ildə ölkədən offşor hesablara çıxarılan 95 milyardın izinə düşə bildimi? Avropalı deputatlara 2.4 milyon avro rüşvət verən deputatları qandalladımı? Dubay mülklərinin, Çoxdar qızıl yataqlarının həqiqi sahiblərini üzə çıxara bildimi? Müxalifət liderinin hansı pulla avtombil aldığını öyrənməyə çalışan baş prokurur, onlarla avtomobil salonuna sahib olan məmurların qanunsuz fəaliyyətini niyə üzə çıxarmır? Çeşidli cinayətlərdə ittiham olunan Eldar Mahmudovu niyə məsuliyyətə cəlb edə bilmir? Müxalifət liderinin cangüdənlərinin partiya üzvləri olduğunu Zakir Qaralov da yaxşı bilir. Amma qoçu dəstəsi saxlayan nazirlərə “mıkk” edə bilməyən prokuror, müxalifət liderinin cangüdəni hansı pulla saxlamasını öyrənməyə çalışır. Hesablama Palatasının hesabatlarından görünür ki, bütün strukturlarda külli miqdarda yeyiniti aşkarlanıb. Zakir Qaralov bu strukturların rəhbərlərini məsuliyyətə cəlb edə bilibmi? Təhsildəki, səhiyyədəki korrupsiyanı aşkara çıxarıbmı?
Bütün beynəlxalq hesabatlara Azərbaycan “korrupsiya çempionu” olub, amma Zakir Qaralov müxalifətçilərin necə dolandığından narahat olub. Bu ölkədə hansı məhsulun hansı məmurun inhisarında olduğunu balaca uşaq da bilir, amma böyük prokuror bu haqda bir dəfə də danışmağa cəhd etməyib.
Hüquqsuzluğun, talançılığın, korrupsiyanın tüğyan etdiyi ölkədə baş prokuror müxalifətçi ovuna çıxmalı deyil. Günahsız adamların fəaliyyətini araşdırıb, günahkarlara “yaşıl işıq” yandırmaq da analoqsuzluq siyasətinin tərkib hissəsidir.
Yaxşı olar ki, Zakir Qaralov əvvəlcə YAP-çı milyarderlərdən hesabat tələb etsin, sonra müxalifətçilərin 5-10 manatını sayar. Çünki, 123 milyard neft pulunu mənimsəyən, dünyanın müxtəlif ölkələrində biznes imperiyası quran, çirkli əməkdaşlıqlarda adı hallanan müxalifətçilər deyil.
Zakir Qaralov şəffaflığı, hesabatlılığı hardan və kimdən tələb etmək lazım olduğunu gözəl bilir. Sadəcə olaraq bu ölkədə bütün qurumlar rejimin əl oyuncağı olduğuna görə, prokurorluq səhv ünvanda araşdırma aparır.
Müxtəsər, Zakir Qaralovun sualları bumeranq effekti verir və rejimin başına çırpılır. Şərləyib həbs etmək, belə biabırçı suallar verməkdən abırlı görünür. Əslində, bu ölkədə xeyli suala cavab verməli olan adamlardan bri də Zakir Qaralovdur. Ona görə də məsləhət görürük ki, baş prokuror sual ünvanlayanda ehtiyatlı olsun.