Sumqayıt və ətraf qəsəbələrdə kütləvi zəhərlənmə FOTO VİDEO


“Azərsu” ASC Sumqayıtda baş verən kütləvi zəhərlənmə ilə əlaqədar açıqlama yayıb. ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəhbəri Anar Cəbrayıllı “APA-Economics”ə açıqlamasında bildirib ki, hadisənin baş verməsi barədə məlumat daxil olduqdan sonra dövlət müəssisəsinin ekspertləri hadisə yerinə cəlb olunub və araşdırmalara başlayıb: “Hadisənin baş verdiyi Zeynalabdin Tağıyev qəsəbəsi və ətraf ərazilərdən bir neçə nümunə götürülüb. İlkin araşdırmalar suyun tərkibində heç bir dəyişikliyin olmadığını, mayenin norma və standartlara cavab verdiyini üzə çıxarıb. Buna baxmayaraq, araşdırma və təhlillərimiz davam edir”.

https://youtu.be/BHdotp6gOs8


A.Cəbrayıllı əlavə edib ki, Z.Tağıyev qəsəbəsinin su təchizatı Xaçmazdan çəkilən boru ilə təmin olunur. “Əhali arasında belə bir fikir var ki, həmin əraziyə su Ceyranbatan su anbarından verilir. Lakin bu belə deyil. Adıçəkilən qəsəbəyə su Xaçmazdan çəkilən boru vasitəsilə verilir. Bununla yanaşı, Sumqayıt şəhərinin, Ceyranbatan qəsəbəsinin, Abşeron rayonunun bir hissəsinin su təchizatı məhz da bu boru vasitəsilə həyata keçirilir. Buna görə, hadisənin məhz bir ərazidə baş verməsi maraqlıdır”, 

***

Belə şaiyələr yayılıb ki, Sumqayıt və ətraf qəsəbələrdə kütləvi zəhərlənmə Ceyranbatan su anbarına nəsə zəhərli maddənin qarışması səbəbindən baş verib. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, təkcə Sumqayıt və ətraf qəsəbələrdə yox, Bakıda da eyni problemlə xəstəxanalara müraciət edənlər var.

Sumqayıt xəstəxanasına aparılan uşaqlar və onların valideynləri də bildirirlər ki, xəstəlik onların su içməsindən sonra baş verib.

Gün ərzində bu hadisə ciddi ictimai rezonans doğursa da, yükəsk səviyyəli rəsmi qurumlardan hər hansı açıqlama verilməyib. Yalnız Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayevin belə bir açıqlaması yayılıb ki, Sumqayıtda son 3 gündə 119 nəfər uşaqda infeksiya ehtimalı ilə xəstəxanaya müraciət edilib, müraciət edənlər 2-5 yaş arası uşaqlardır,əksəriyyətinə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub, hazırda şəhər Uşaq Xəstəxanasında 54 uşağın müayinəsi davam edir.

Eyni əlamətlə kütləvi xəstələnməyə nəyin səbəb olduğu haqda dəqiq açıqlama və xəstəliyin genişlənməsinin qarşısını almaq üçün hansısa izahat verilməyib.

İ.Abdullayev isə kütləvi zəhərlənmənin səbəbini hələ bilmədiklərini deyib. “Bütün uşaqlardan nümunələr götürülüb. Bu nümunələrin nəticələri məlum olandan sonra biz dəqiq səbəbləri biləcəyik. Hazırda bizim işimiz bu infeksiyanın mənbəyini axtarmaqdır. İnfeksiya sudan da düşə bilər, qidadan da. Ona görə də əməkdaşlarımız su idarəsində olacaq və içməli sudan da nümunələr götürüləcək”, – deyə mərkəz direktoru qeyd edib.


Sumqayıt şəhərində uşaqlar arasında yayılan xəstəliyin mədə-bağırsaq infeksiyası olduğu ehtimal edilir.
Ümumilikdə son üç gün ərzində Saray, Masazır, Corat, Hacı Zeynalabdin Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir. Onlardan 72 nəfəri təkcə Tağıyev qəsəbəsinin sakinləridir.
İnfeksiyanın sudan düşdüyü ehtimal edilir.


Sumqayıt şəhərində uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.
Ötən gündən başlayaraq şəhərin H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 60-dan çox uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Xəstaxanada bildirilib ki, əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəsatəxanaya kütləvi müraciət daxil olub: “Xəstəxanaya müraciət edən uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə olunur. Zəhərlənən uşaqlar əsasən iki və yeddi yaş arasıdır. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil. Lakin uşaqlardan götürülən analizlərin nümunələri labaratoriyaya göndərlib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri labaratoriyanın verdiyi rəydən sonra məlum olacaq”.

 

www.youtube.com/watch?v=BHdotp6gOs8&feature=youtu.be

Azadliq.info