Baş pediatr: Böyük şübhəmiz odur ki, su xəttinə hansısa mənbədən nə isə qarışır


images-cms-image-000034170

Respublikanın baş pediatrı Nəsib Quliyev deyib ki, Sumqayıtda uşaqlar arasında baş verən hadisədə ən böyük şübhə su xəttinə hansısa mənbədən çirkabın qarışmasıdır.
O bildirib ki, Sumqayıtda uşaqlar arasında ilk xəstələnmə halları iyunun 7-də baş verib. Həmin gün Səhiyyə Nazirliyində operativ qərargahın yaradıldığını deyən N. Quliyev qeyd edib ki, indiyədək qərargaha 136 müraciət olub: “Bu gün onlardan dörddə birinin müalicəsi davam edir, digərləri evə buraxılıb. Proses qısa müddətdə lokallaşdırılıb.

Bununla bağlı Xudatdan gələn Şollar su xəttində “Azərsu” və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, epidemik nəzarət şöbəsi tərəfindən müayinələr aparılır. İlkin müayinələrin nəticəsi göstərdi ki, bu hadisə su xəttindən baş verən çiy su ilə bağlıdır, törədici isə “rotavirus”lardır. Bu virus dünyanın hər yerində yayılıb, böyüklər və kiçiklərdə bu xəstəlik qusma, ishal və yüksək hərarətlə müşahidə olunur. Uşaqlar bu xəstəliyə daha çox həssasdırlar. Çünki yaşlılar həyatlarında bir və ya bir neçə dəfə bu xəstəliklə rastlaşdığı üçün immunitet formalaşır. Bir nəfər də olsun, ağırlaşma hadisəsi yoxdur. Yaxın günlərdə prosesi tamam dayandırıb, sonuna çatdıracağıq”.

N. Quliyev valideynlərə də tövsiyə verib. O qeyd edib ki, uşaqlara heç zaman çiy su vermək olmaz: “Ölkədə kifayət qədər təmizlənmiş su satılır, yaxud suyu qaynatdıqdan sonra uşağa vermək lazımdır. Yay mövsümündə qidalarla bağlı zəhərlənmələr ola bilər. Bunun qarşısını almaq üçün uşaqların qidalanması, davranışına, günün altında qalmamasına, su prossedurlarına riayət etməklə bağlı bütün tədbirləri yerinə yetirsinlər”.