Bəşəriyyət üçüncü Dünya Müharibəsindən qaça biləcəkmi?


Bazar günü Amerikan qırıcısı Suriya bombardmançı təyyarəsini vurub. Guya ki, suriyalı pilot İŞİD-ın paytaxtı Rakka uğrundakı döyüşlərdə Qərblə əməkdaşlıq edən “Demokratik Suriya Gücləri” (DSG) adlanan kürd-ərəb dəstələrinin mövqelərini bombalayıb.

1433972895909

Suriya və Rusiyanın rəsmi versiyasına görə, Suriya təyyarəsi əslində islam radikallarının mövqelərinə zərbə endirirmiş. Rusiya amerikanların bu hərəkətini aqressiya hesab edir. Ona görə də, Moskva öz mövqeyini sərtləşdirib. Suriya hökuməti tərəfində vuruşan Rusiya Federasiyasının silahlı qüvvələri xəbərdarlıqla bildiriblər ki, istənilən uçan obyekt mümkün zərbənin hədəfində olacaq. Onlar bu mövqelərini Suriyanın legitim hökuməti tərəfindən bu ölkəyə çağırıldıqları ilə əsaslandırırlar.

– Problem qaçınılmazdır!

Lakin yaranmış bu vəziyyət Rakka yaxınlığında fəaliyyətdə olan Rusiya və Amerika silahlı qüvvələri arasında birbaşa qarşıdurmaya gətirib çıxara bilər. Bu region əvvəlcə İŞİD-in nəzarətində olub, indi isə kürd-ərəb qruplaşmasından ibarət “Suriya Demokratik Qüvvələri” (SDQ) həmin əraziyə hücum edirlər. Son günlər “SDQ” onlara qarşı Rakka əyalətində Suriya ordusunun hücuma keçdiyindən şikayətlənir. Ona görə də, gec-tez onlar Suriya əsgərləri ilə döyüşəcəklər.

Onu da xatırlatmaqda fayda var ki, ruslar və amerikalılar Suriyadakı hərbi münaqişənin iki tamamilə bir-birinə zidd tərəfində yer alırlar. İki il bundan öncə Moskva sünnü müqavimət qüvvələrini məhv etmək üçün Əsədin köməyinə gəldi, amerikanlar isə Suriyada İŞİD-ə qarşı mübarizə aparır.

Son zamanlar Rusiya özünü cihadçılara qarşı mübariz kimi təqdim edərək, amerikanları islam radikallarına dəstək verməkdə günahlandırır. “Radikal” kəliməsi Rusiya və Suriya təbliğatında hökumət qüvvələri tərəfində vuruşmayanların üzərinə yapışdırılmış bir damğadır. Amma əvvəllər də Rusiya aviasiyası heç də cihadçı olmayan Suriya müxalifətini bombalayırdı. Bunu etməklə əslində onlar İŞİD-ə yardım göstərmiş olurdular.
Əgər İŞİD-ə qarşı həyata keçirilən hava hücumları zamanı amerikanlar rusların maraqlarına mane olarlarsa, onda Rusiya silahlı qüvvələrinin amerikanlara qarşı zərbə vura biləcəkləri təhlükəsi meydana çıxır. Belə olan halda isə münaqişə daha ciddi xarakter alacaq. Bu yaxınlara kimi tərəflər arasında qarşılıqlı koordinasiya mexanizmi fəaliyyət göstərirdi, ancaq indi ruslar birtərəfli qaydada bundan imtina ediblər. Amerikan tərəfi bildirir ki, əlaqə kanalından bazar günü də istifadə olunub. Əgər belədirsə, onda Rusiya vəziyyəti qəsdən gərginləşdirib.

– Daha bir müharibə

Bu onun nəyinə gərəkdir? Rakkaya hücum zamanı müharibənin yeni cəbhəsi formalaşır. İŞİD-in paytaxtı sayılan və Suriyanın şərqində yerləşən Rakka şəhərində Türkiyə də daxil olmaqla, bir neçə tərəfin gözü var. Düzdür, Türkiyə özünün Rakkanı ələ keçirmək planından vaz keçib. Bundan başqa şübhəsiz ki, şəhərin nəzarət altına alınmasını Suriya hökumətinin özü də istəyir. Hazırda şəhər uğrunda vuruşan Suriya Demokratik Qüvvələri Rakkanı da tutduqları ərazilərin içərisinə qatmaq niyyətindədirlər.

Beləliklə, İŞİD məğlubiyyətə uğradıqdan sonra Suriyanın bu hissəsinə kimin nəzarət edəcəyi məsələsi indi həll olunur. Amerika tərəfindən dəstəklənən kürdlərin və sünnü ərəblərin nəzarətində olan ərazilərin genişlənməsinə və möhkəmlənməsinə nəinki,Türkiyə, həmçinin Suriya hökuməti ilə birlikdə Moskva da qarşı çıxır. İŞİD-in tərk etdiyi Suriyanın şərq əyalətlərində İran da maraqlıdır. İran artıq öz sərhəddinin o biri tayındakı Mosul ətrafında regionları tədricən nəzarət altına keçirir.

Rusların amerikanları və kürdləri qorxutmağa cəhd göstərməsi, başqa bir fenomen kimi bu yeni müharibənin bir paçasıdır. Burada söhbət həm də Suriyadakı hədəflərin İran raketləri tərəfindən vurulmasından gedir. İraq ərazisindən keçərək, Suriyaya vurulan raket zərbələri amerikanlara, səudiyyəlilərə və ya israillilərə göndərilən mesajdır.

Gördüyümüz kimi, hər iki halda biz güc nümayişi ilə qarşılaşırıq. Ümumiyyətlə, güc məsələsində Moskva və Tehranın imkanları ABŞ-la müqayisəyə gəlməz dərəcədə azdır. Lakin onların hər ikisinin Tramp administrasiyasından fərqli olaraq, heç olmazsa orta müddətli planları var. Yekun uğur əldə edilməsi üçün bu cür plan daha mühüm ola bilər. Yəqin ki, biz Üçüncü Dünya Müharibəsindən qaça biləcəyik. Ancaq bunu xaotik davranan Vaşinqtonun, İran və ruslara məğlub ola biləcəyi barəsində söyləmək çətindir.

(“Cesky rozhlas”- Çexiya)