ABŞ Azərbaycanı insan alverində ittiham etdi


Dövlət Departamenti: “Azərbaycanda korrupsiya sistem problemi olaraq qalıb”

abs-usa

ABŞ Dövlət Departamenti 2017-ci il üzrə insan alveri hesabatını yayıb. Hesabatda dünya ölkələri təhlil edilib və onlar müxtəlif kateqoriyalar üzrə sıralanıb.

1-ci kateqoriya ölkələr insan alveri qurbanlarının qorunması qanununun minimum standartlarına tam əməl edən ölkələrdir. Qonşu ölkələrimiz Gürcüstan və Ermənistan bu kateqoriyaya daxil ediliblər.

Azərbaycanın da daxil olduğu 2-ci kateqoriya ölkələr isə nəzərdə tutulan qanunun minimum standartlarına tam əməl etməsə də, bu yöndə əhəmiyyətli cəhdlər göstərir.

3-cü kateqoriya ölkələr nə minimum standartlara tam əməl edir, nə də bu yöndə önəmli cəhdlər həyata keçirir.

Hesabatda bildirilir ki, Azərbaycan hökuməti insan alverçilərini cəzalandırmaqda və qurbanları müəyyənləşdirməkdə artan səylər nümayiş etdirib, qurbanların müdafiəsinə və dövlət sığınacaqlarına maliyyələşməni artırıb. Amma hökumət əsas sahələrdə minimum standartlara nail ola bilməyib. İnsan alveri qurbanının müəyyənləşdirilməsi və onların yönləndirmə mexanizminin rəsmi həyata keçirilməsində çatışmazlıqlar mövcud olub və hökumət QHT sığınacaqlarına lazımi maliyyələşməni təmin etməyib.

Dövlət Departamentinin hesabatında qeyd edilir ki, Azərbaycanda korrupsiya sistem problemi olaraq qalıb və hökumət vəzifəli şəxslərə qarşı hər hansı ittiham irəli sürülməsi barədə məlumat yaymayıb.

Son beş ilin məlumatına görə, Azərbaycan məcburi əmək və cinsi istismara məruz qalan kişi, qadın və uşaqlar üçün mənbə, tranzit ölkəsi və səyahət yeridir. Azərbaycanın kişi və oğlanları Türkiyə, Rusiya, BƏƏ və Azərbaycanda əmək istismarına məruz qalıb. Azərbaycanın qadın və uşaqları həm ölkə daxilində, həm də Malayziya, Türkiyə, Rusiya və BƏƏ-də cinsi istismara məruz qalıb.

Bildirilir ki, Ukrayna, əvvəlki illərdə Çin, Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistandan olan insan alveri qurbanları Azərbaycanda məcburi əmək və cinsi istismara məruz qalıb. Əvvəlki illərdə Mərkəzi Asiyadan tutmuş BƏƏ, Türkiyə və İrana qədər ölkələrin məcburi əmək və cinsi istismara məruz qalan qurbanları üçün Azərbaycan tranzit ölkə rolunu oynayıb. Ölkə daxilində bəzi uşaqlar, xüsusilə də qaraçılar dilənməyə, yol kənarında satıcılıq etməyə, çay evləri və şadlıq saraylarında işləməyə məcbur edilib. Filippinli qadınlar Azərbaycanda ev xidmətçiliyinə məcbur edilib.