“Mühacir alveri” qalmaqalı böyüyür


Axtarışa verilən Elnur Mirzəyev Almaniyada tapıldı; amma danışmaq istəmir

 

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə mühacirətə gedən şəxs barəsində cinayət işi başlanıb. APA-nın məlumatına görə, hazırda Avropada mühacir həyatı yaşayan, 1977-ci il təvəllüdlü Elnur Aydın oğlu Mirzəyev Azərbaycan Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma – eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilir.
O, ölkədə olmadığı üçün barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.
Qeyd edək ki, E.Mirzəyevin adı bir neçə il əvvəl Azərbaycanda gündəmə gələn “Mühacir işi”ndə hallanıb. Mətbuatın yazdığına görə, E.Mirzəyev Müsavat Partiyasından aldığı sənədlə mühacirətə gedib. Partiya isə E.Mirzəyevin sənədinin saxta olduğunu açıqlayıb.
“Yeni Müsavat” xatırladır ki, 2015-ci ilin aprel-may aylarında Avropadakı mühacirlərin həyatından silsilə yazı hazırlamaq üçün redaksiya tərəfindən ezam olunmuş əməkdaşımız da layihə çərçivəsində E.Mirzəyevlə görüşüb, ondan müsahibə almışdı. E.Mirzəyev həmin müsahibəsində əməkdaşımıza Gülağa Aslanlının, həmçinin partiya rəhbərliyində təmsil olunan şəxslərin onu yaxşı tanıdığını, amma hüquq müdafiəçisi Eldar Zeynalovun onun barəsində Belçika Miqrasiya İdarəsinə həqiqətə uyğun olmayan məlumatlar verdiyini bildirmişdi.

muhacir.jpg (40 KB)
Olaydan qısa müddət sonra Müsavat Partiyası rəhbərliyi tərəfindən E.Mirzəyevlə bağlı bəyanat yayıldı. Həmin bəyanatda bildirildi ki, Müsavat Partiyasının nüfuzundan istifadə edərək, bəzi işbazlar müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara, o ölkələrdə oturum almaqdan ötrü Müsavat Partiyası adından saxta sənədlər verirlər.

Image result for Müsavat Partiyası
“Belə hallar haqda bizə məlumat verildikdə partiya tərəfindən gərəkli addımlar atılmasına baxmayaraq, mühacirlərin təhlükəsizliyi naminə bu məsələlər bizim tərəfimizdən ictimailəşdirilməyib. Lakin son vaxtlar bu tipli məsələlərdən biri bizdən asılı olmayaraq ictimailəşdirildiyi, partiyanın və tanınmış hüquq müdafiəçilərindən birinin adı yersiz hallandırıldığı üçün biz məsələyə aydınlıq gətirməyi zəruri sayırıq” – deyə bəyanatda bildirilirdi.
Partiyanın yaydığı həmin sənəddə o da vurğulanırdı ki, Avropada olan mühacirlərdən Elnur Aydın oğlu Mirzəyevin adından Belçika ölkəsinin Miqrasiya İdarəsinə təqdim edilən Müsavat Partiyasının vəsiqəsinin, arayışın və “Elnur Mirzəyev barədə” sənədin Müsavat Partiyasına göndərilmiş surətləri tərəfimizdən araşdırılmış və saxta olduğu təsdiq olunmuşdur: “Müsavat Partiyası tərəfindən E.Mirzəyevin adına verilməsi iddia edilən Müsavat Partiyasının 1216 saylı vəsiqəsi Müsavat Partiyasına məxsus deyil və saxtadır”.
Partiya bəyan etmişdi ki, Müsavat Partiyası tərəfindən verildiyi iddia olunan 10 noyabr 2014-cü il tarixli 92 saylı arayış partiyanın son illərdə istifadə etdiyi xüsusi blankda yazılmayıb.
E.Mirzəyev isə elə həmin vaxt “Yeni Müsavat”a açıqlamasında partiyaya üzv olmaq üçün 1800 manat pul verdiyini demişdi: “Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə – 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq. Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər. Partiya tərəfindən alınan iki arayışın hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa sübutları da təqdim edəcəyəm. Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə”.
E.Mirzəyev “Yeni Müsavat”a verdiyi həmin müsahibəsində partiyaya başqan müavini Tofiq Yaqublu vasitəsilə üzv olduğunu da demişdi. T.Yaqublu həmin vaxt türmədə idi, amma vəkilləri vasitəsilə bunun iftira olduğunu açıqlamışdı.

 

Dünən “Yeni Müsavat” eyni məsələ ilə bağlı bir daha Tofiq Yaqubluya müraciət edib. T.Yaqublu bildirib ki, E.Mirzəyevin daha öncə səsləndirdiyi ittihamlar tam absurddur: “Belə bir adam tanımıram. Bu söhbətlər başlayanda mən həbsxanada olmuşam. Detallarını o qədər də bilmirəm. Partiya rəhbərliyində bu işlə xüsusi məşğul olmuş və bizə qarşı atılan böhtanları sübutlarla ifşa etmiş şəxslər var. Onlar daha məlumatlıdırlar. Biz də bilirik ki, Avropada saxta Müsavat Partiyası və AXCP vəsiqələri satmaqla məşğul olan cinayətkar işbazlar var. Onların ifşa olunmasında çox maraqlıyıq”.
T.Yaqublu onu da deyib ki, E.Mirzəyevi tanımır. O, sonuncunun onun adını çəkməsi ilə bağlı dediklərinə də aşağıdakı kimi reaksiya verdi: “Mən onu tanımıram. Amma saxtakar hər cür şey danışa bilər”.

big_1498644823_axtaris
T.Yaqublu daha sonra vurğulayıb ki, partiyaya qəbul olunmaq çox sadə bir işdir: “İddiaçılar ərizə yazırlar və çox rahatca partiyaya üzv olurlar. Müxalifət partiyaları yeni üzvlərin qəbuluna çox həvəs göstərirlər və mümkün qədər heç kimə rədd cavabı verilmir. Əlbəttə ki, bəzi hallar istisna olunmaqla. Bu adam da Bakıda olduğu müddətdə digərləri kimi ərizə yazıb partiya sıralarına qoşula bilərdi. Niyə kiməsə pul verməli idi ki? Sadəcə, saxtakarlığını ört-basdır etməyə çalışır”.
“Yeni Müsavat” mövzu ilə bağlı E.Mirzəyevdən də rəy öyrənməyə çalışıb. Hazırda Almaniyada olan E.Mirzəyev əməkdaşımızla sosial şəbəkə üzərindən yazışanda deyib ki, hazırda danışmağa vaxtı yoxdur, amma imkan tapanda danışacaq.