Azərbaycanın Xarici borcu 7 milyard dollara çatdı


Əliyev hakimiyyəti xalqı xarici borcla yükləməkdə davam edir

full-1472460521

2017-ci ilin aprelin 1-ə olan məlumatlarda deyilir ki, Azərbaycanın kredit sazişləri üzrə xarici dövlət borcu 7 milyard dollardır.

Bu borclar 11,1 milyard dollarlıq sazişlər üzrədir. Onlardan yeddi milyard dollar istifadə olunub, dörd milyard isə hələ ki, xərclənməyib.

Ölkənin hazırkı borcu ÜDM-nin 18,1 faizi deməkdir.

Bundan başqa, məlumatlarda deyilir ki, adambaşına düşən xarici dövlət borcunun məbləği ilin əvvəli ilə müqayisədə 1,2 faiz artıb və ya 713,5 dollar təşkil edib.

İqtisadçı təhlilçilər isə deyirlər ki, artım əsasən 2017-ci ilin ilk rübündə olub. Yanvarın 1-də borcun miqdarı 6 milyard 913 milyon dollar idisə, aprelin 1-ə qədər təxminən 87 milyon dollar artıb.

Ümumilikdə isə, 2016-cı ilin oktyabrına qədər kəskin artım var idi, amma IV rübdə borcların xeyli hissəsinin ödənilməsi artımın miqdarını “cüziləşdirdi”.

Təhlilçilər borcların ödənilməsi prosesini “qeyri-sabit” kimi dəyərləndirir.

Xarici borclar hansı səbəblə haradan alınıb?

Maliyyə Nazirliyinin saytında yazılır ki, borclar aşağıdakı qurumlardan cəlb edilib:

  • Dünya Bankı
  • Asiya İnkişaf Bankı
  • İslam İnkişaf Bankı
  • Avropa Yenidənqurma və İnkişaf Bankı
  • Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər.

Xarici dövlət borcu əsasən aşağıdakı valyutalarda götürülüb:

  • 76,7 faiz – ABŞ dolları
  • 11,8 faiz – avro
  • 2,4 faiz – Yaponiya yeni
  • 9,1 faiz – digər..

Onların 57,3 faizi 10 illik, 38,8 faizi 10-20 illik və 3,9 faizi isə 20 ildən artıq müddətə cəlb edilib. Kreditlərin 32,1 faizi stabil dərəcə ilə cəlb olunub.

Saytda həmçinin deyilir ki, bu vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və digər sahələrdə istifadə edilib.