Eldar Mahmudovun məhkəməyə gətirilməsi tələb edildi


Həbsdə olan MTN generallarının işindəkizərərçəkmişlərdən biri Maqsud Mahmudovun vaxtilə əlindən alınmış restoran Ali Məhkəmənin qərarı ilə geri qaytarılıb. Bu haqda Maqsud Mahmudov özü iyulun 7-də məhkəmədə məlumat verib.

img_0329

“Şərtim var, Eldar Mahmudov gəlsin…”

Maqsud Mahmudov MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyev və onun tabeliyində işləmiş Azər Mehdiyev haqqında ayrılmış cinayət işində zərərçəkəndir. Onların da işinə Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır

İyulun 7-də məhkəmədə zərərçəkmiş deyib ki, restoranı geri qaytarıldığına görə dəymiş ziyanı təqsirləndirilən şəxslərə bağışlayır. Amma bir şərti var, Eldar Mahmudov məhkəmədə dindirilsin.

“Elçin Quliyev və Azər Mehdiyevə qarşı şəxsi qərəzim yoxdur. Onlara göstəriş verilib, icra ediblər. Mən Eldar Mahmudovun göstərişi ilə MTN-ə çağrılmışam. Başçı bura gəlməyəndən sonra biz icraçıdan nə tələb edə bilərik? Badamdar qəsəbəsində Eldar Mahmudovla qonşuluqda sənədli torpaq sahəmi şumladılar. Bununla bağlı da məhkəməyə müraciət edəcəm”, – zərərçəkmiş belə deyib.

Mərdəkan qəsəbəsində Elçin Quliyevin, onun müavini, həbsindən iki ay sonra təcridxanada intihar edən İlqar Əliyevin və MTN-in Xəzər rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərovun yanaşı bağ evləri olub. Həmin evlərin yerləşdiyi torpağın sahibi Ələsgər Əliyev də zərərçəkən qismində tanınıb. Əliyevin sözlərinə görə, torpağı satandan sonra sənədlərdə problem yarandığını əsas gətirib onu hədələyiblər. Bu yolla 185 min pulunu əlindən alıblar.

Ələsgər Əliyevin bacısı Lalə Yavərova da məhkəmədə dindirilib. Deyib ki, Mərdəkanda pay torpaqları olub: “Həmin torpaqların bir hissəsi qardaşımın, bir hissəsi isə mənim adıma olub. Qardaşım həmin torpağı satandan sonra problemlə üzləşdik. Torpağı alanlar qardaşımı həbs etməklə hədələyərək, sənədlərin saxta olduğunu bildirdilər. Qardaşımı hədələyənlər Elçin Quliyevin adını çəkirdilər”.

“Mən özüm şantaja məruz qalmışam”

Elçin Quliyev isə deyir ki, Ələsgər Əliyev onun işində zərərçəkən kimi tanınsa da, əslində, özü bu adamın şantajına məruz qalıb. İki ildir heç bir səbəb olmadan həbsdə saxlandığını deyən MTN generalı haqsızlıqla üzləşdiyini bildirib: “Bu işdə hədə-qorxu gələnlər kənarda qalıb, məni həbs ediblər. Burada ifadələrdən də görünür ki, mən şantaj olunuram. İki ildir həbsdəyəm, amma bilmirəm ki, nəyə görə…”

Elçin Quliyev onu da söyləyib ki, Kürdəxanıdakı 1 saylı Bakl istintaq təcridxanasında ciddi nəzarətdə saxlanılır, qaldığı kameranın qarşısında 4 nəfər dayanıb nəzarət edir: “Həbs olunduğun ilk dövrdə 4-5 ay ailəmlə danışmağıma da icazə verilmədi. Sonradan telefonla danışsam da, bu danışıqlar dinlənilib. Mənim şahidləri öyrətmək imkanım yoxdur. Dövlətə sədaqətlə xidmət etmişəm, “Milli Qəhrəman”dan başqa bütün mükafatlarım var”.

Bu zaman zərərçəkmiş Mətləb Mustafayev MTN generalına etiraz edib: “Sən nə utanmaz adamsan. Həbs olunmağımda birbaşa rolun var, evimə tapança atmaq göstərişini də sən vermisən…”

Tərəflər arasında mübahisə hakimin müdaxiləsindən sonra kəsilib.

Zərərçəkmiş Mətləb Mustafayev MTN-nin Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin intihardan öncə verdiyi ifadənin məhkəmədə elan olunmasını istəyib. Vəsatət açıq qalıb.

Zərərçəkmişlər Sahib QurbanovZaur Əzimov onlara dəymiş maddi ziyanın ödənilməsi üçün mülki iddia qaldırıblar. Həmçinin bildiriblər ki, Prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovun qəbuluna yazılıb, onun köməkçisi ilə görüşüblər: “Başımıza gələnləri onlara danışdıq, MTN və vergilərin pullarımızı necə əlimizdən aldıqlarını bildirdik. Fuad Ələsgərovun köməkçisi bizi dinlədi və işin nəzarətə götürüldüyünü bildirdi”.

Elçin Quliyev və Azər Mehdiyevin məhkəməsi iyulun 21-də davam edəcək.