Avropaya sıgınmış müxalifətçilərin Azərbaycandakı qohumları incidilir


  • Fransada yaşayan mühacir, ictimai fəal Məhəmməd Mirzəli də Göyçayda yaşayan ailəsinə dəfələrlə təzyiqlər olunduğunu deyir

    20139830_1940407292864891_7618561131949954602_n

“Kommunist Diktator V.I.Stalin deyirdi , ata oğulun əməlinə görə məsuliyyət daşımır”

Fevralın 18-də Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın bacıları Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparılıblar. Polislər bloqqerin fəaliyyətinə son qoymasını tələb ediblər. Bloqqer Azərbaycan hakimiyyətinə qarşı xaricdə təşkil olunan aksiyaların fəal iştirakçısıdır. O, etiraz aksiyalarında eks prezident Heydər Əliyevin şəkliini aşırdıb.

Amma Suraxanı Rayon Polis İdarəsindən isə Meydan TV-yə idarəyə Orduxan Teymurxanın yaxınlarının gətirilmədiyi bildirilib. Daxili İşlər Nazirliyi isə zənglərə cavab verməyib. Hakimiyyəti tənqid edən digər fəalların da başına oxşar hadisələr gəlib.

NİDA Vətəndaş Hərəkatının üzvü Anar Abdullayev danışır ki, eks prezident Heydər Əliyevin postamentinə “Qul bayramınız mübarək” yazan Bayramla Qiyasın həbsindən sonra Nərimanov rayon 18-ci polis bölməsinin işçiləri onun və qohumlarının evində axtarış aparıblar. “Mən öz şəxsi təhlükəsizliyimə görə, rayona, dostumgilə getməli oldum.

Hadisədən bir gün keçdi və ailə üzvlərimlə əlaqə saxlayanda bacımın yoldaşının Nərimanov Rayon Polis İdarəsində girov olaraq saxlandığını öyrəndim. İdarədən bildirdilər ki, Anar Abdullayev təslim olacağı təqdirdə, qohumum azadlığa buraxılacaq. Mən məcburi şəkildə gecə 3 radələrində Nərimanov rayon 18-ci Polis Bölməsinə gedib təslim oldum. Elə həmin saat da bacımın yoldaşını azad etdilər”.

O deyir ki, qohumlarının incidilməməsi üçün təslim olmaqdan başqa yolu olmayıb: “Təslim olmayacağım təqdirdə xalamgilə gedəcəkdilər. Daha doğrusu, sahə müvəkkili onlara getmişdi. Dəfələrlə “Anar Abdullayevi siz gizlətmisiniz. O hardadır” kimi sullarla psixoloji təzyiq göstərmişdilər. Böyük ehtimalla mən bir az da geciksəydim və ya təslim olmasaydım, xalamgili polis bölməsində incidəcəkdilər”.

Qiyasla Bayramın həbsinə etiraz olaraq hazırlanan “Heykəl baba” adlı repdən sonra Camal Əlinin anası Sabunçu rayon Polis İdarəsinə aparılıb. 

Fransada yaşayan başqa bir mühacir, ictimai fəal Məhəmməd Mirzəli də Göyçay rayonunda yaşayan ailəsinə dəfələrlə təzyiqlər olunduğunu deyir. Baş verənlərlə bağlı Daxili İşlər Nazirliyi açıqlama verməyib.

Tarixçi alim professor Cəmil Həsənlinin sözlərinə görə, feodal pərəkəndəlik, padşahlıq zamanında belə nəsil davaları olub. O deyir ki, Kərbəla hadisəsində belə İmam Hüseyn tərəfdarlarının yalnız kişi qismi həlak olub, qadınlara toxunmayıblar.

“Amma indi biz nə görürük? Daxili İşlər Nazirliyinin Banditizm İdarəsində, ayrı-ayrı rayon idarələrində kütləvi şəkildə insanlardan saxta ifadələr almaqdan, istintaqa gəlməsini məcbur etməkdən və ya xaricdə yaşayanların ağzını yummaqdan ötrü onun burada yaşayan qohum-əqrəbalarını polisə aparırlar, işgəncə verirlər”.

Tarixçi Sovet dövrünü də misal çəkir. O, İosif Stalinin bəyənatından söz açıb. “Böyük Sovet diktatoru İosif Stalin o zamanlar – 30-cu illərdə xalq düşmənləri və onların ailəsinin təqibi geniş xarakter alanda xüsusi bəyənatla çıxış etdi. Dedi ki, ata oğulun əməlinə görə məsuliyyət daşımır. Oğul atanın əməlinə görə məsuliyyət daşımır. Bacı qardaşın əməlinə görə məsuliyyət daşımır. Və Sovet istintaq orqanlarını bu əməldən çəkindirməyə çalışdı”. Bəs Bakı sakinləri qanuni tələblərinə görə ailələri ilə təhdid olunsa, necə davranarlar? Bunu özlərindən soruşduq.