Yoldan yun qırxanlar — Tahir Kərimovun Prezidentə yalanı – ŞOK FAKTLAR


“Ölkə.Az”-ın məlumatına görə, sözügedən asfalt salınan vaxt ona 30 il istismar müddəti verilsə də, ancaq hazırda yolun vəziyyəti çox acınacaqlı haldadır. İndi Kürsəngi-Yolüstü avtomobil yolu 30-40 il əvvəl çəkilmiş asfaltı xatırladır.

h

Yolun üzərində yerləşən kəndin sakinləri də vəziyyətdən şikayətçidirlər. Onlar yolda yaranan çala-çuxurların əsas səbəbini işin keyfiyyətsiz görülməsində görürlər.

Sakinlər bildirirlər ki, 6 il öncə yolun salınması üçün Prezidentin Sərəncamı ilə ayrılan vəsait Salyan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimov tərəfindən mənimsənilib. Nəticədə isə keyfiyyətsiz yol istifadəyə verilib. Tahir Kərimov yolun açılış mərasiminə qatılan ölkə başçısına da yalan məlumat verib.

Açılışından cəmi bir il keçmədən yolda yaranmış çalaların və çatların çoxluğu ərazidən hərəkət edən avtomobillərin qəzaya uğramasına yol açır, böyük vaxt itkisi yaradır.

Kənd sakini olan mütəxəssis Namaz Əliyev bildirib ki, keyfiyyətli asfalt salınarkən, yolda yağış sularının axması mütləq nəzərə alınmalıdır:

“Ümumiyyətlə, yollar elə salınmalıdır ki, yağış, qar yağanda sular yolun ortasında qalmasın. Ancaq Kürsəngi-Yolüstü yolu salınan zaman işlər başdansovdu görülüb. Ona görə də asfalt örtüyü tez sıradan çıxıb, yolda iri yarğanlar, çatlar, dərələr əmələ gəlib. Normalda yol salınmadan öncə onun torpaq yatağı bərkidilməli, çınqılla möhkəmlənməlidir. Burada isə demək olar ki, torpağın üzərinə asfalt tökülüb. Asfalt döşəmələrin keyfiyyətsiz olması üzündən suyun asfaltın alt qatına keçməsi onun korlanmasına səbəb olub. Burada yol salma normativlərinə əməl olunmasından söhbət gedə bilməz. Böyük hissəsində isə köhnə yolların üzünü qaşıyıb yenidən asfalt ediblər. Nəticədə də 1-2 il keçməmiş yol bərbad vəziyyətə düşüb”.

Sakinlər də yolun tikintisinin başdansovdu görülməsində keçmiş icra başçısı Tahir Kərimovu təqsirli görürlər.

Yolüstü-Kürsəngi yolunun üzərində yerləşən Salyan rayonunun 6 kəndinin ümumilikdə 10 minə yaxın sakini hazırda yolsuzluq problemindən ciddi əziyyət çəkir.

Sakinlər sözügedən yolun keyfiyyətli təmir edilməsi üçün Salyan rayon İcra Hakimiyyətinin yeni başçısı Sevindik Hətəmovun məsələni ölkə başçısının diqqətinə çatdıracağına ümid edirlər.

Xatırladaq ki, uzunluğu 23.5 km, eni isə 7 metrə çatan Yolüstü-Kürsəngi yolunun əsaslı təmiri üçün 2011-ci ilin sentyabr ayında dövlət başçısının Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrılıb.

Onu da bildirək ki, üzərində 6 kəndin yerləşdiyi Yolüstü-Kürsəngi yolu Ələt-Astara magistral yolu ilə Salyan-Şirvan yolunu birləşdirir.