MTN polkovnikinə 4 il həbs verildi


Azadliq radiosunun məlumatında bildirilir ki, həbsdə olan MTN polkovniki, nazirliyin Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərov 4 il azadlıqdan məhrum edilib. Avqustun 7-də Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

098EDFA7-B489-4A20-9528-1AE6CDE606CB_cx0_cy7_cw0_w1023_r1_s

Hökmə əsasən, M.Əsgərov CM-nin 182 (hədə-qorxu ilə tələb etmə), 311 (rüşvət alma), 341-ci (hakimiyyətdən sui-istifadə) maddələri ilə təqsirli bilinib. Məhkəmə belə nəticəyə gəlib ki, M.Əsgərovun sahibkar Vidadi Əzizovu həbs etməklə hədələyib ondan 350 min manat pul alması haqda ittihamda yazılanlar sübuta yetirilib.

Amma verdiyi pulu geri istəyən zərərçəkmiş V.Əzizovun 1 milyon 200 min manatlıq mülki iddiası təmin olunmayıb. Həmçinin, məhkəmə qərar verib ki, M.Əsgərovun həbsindən sonra onun üzərinə həbs qoyulmuş əmlakı ailəsinə qaytarılmalıdır.

2015-ci ilin oktyabrında keçmiş MTN ətrafındakı qalmaqaldan sonra həbs olunan M.Əsgərov ümumiyyətlə, ittihamı qəbul etmir və özünü təqsirli bilmir. İttihama görə, zərərçəkmiş Əzizov ona göndərilmiş pulu bankdan götürərkən MTN əməkdaşları tərəfindən başına torba keçirilərək nazirliyə gətirilib. Orada M.Əsgərov ondan həbs olunmamasından ötrü üzərindəki pulun 300 min dollarını alıb. Bir müddət sonra isə biznesinə mane olmamaq adıyla daha 50 min dollarını da alıb.

Amma M.Əsgərov deyir ki, ittihamda yazılanlar yalandır, V.Əzizov indi ona qarşı cinayət işində pulu alınan zərərçəkmiş sahibkar kimi təqdim olunsa da, əslində onun özü həbs olunmalıdır. Çünki Əzizov işadamı deyil, İran və digər ölkələrlə bağlı çirkli pulların yuyulmasıyla məşğul olub, xarici xüsusi xidmət orqanlarına casusluq edib. Onun sözlərinə görə, MTN-də də bu haqda kifayət qədər sübutlar var.