Ilham Aliyev əsgər niyə ölməlidir?” – Hərbi xidmətini başa vurmasına 40 gün qalmış…


“Əzzamanı hərbi xidmətini başa vurmasına 40 gün qalmış öldürdülər. Kim öldürdü? Niyə? Nə səbəbə? Günahı nə idi?…”

Gənc əsgər oğlu Əzzaman Zeynalovun müəmmalı ölümü ilə bağlı Prezident İlham Əliyevə məktubunda Bakı sakini Mehman Zeynalovun sualları bitib tükənmir. Ata ali baş komandandan ötən ilin mayında ürəyindən aldığı güllə yarasından ölən oğlunun hesabını sorur.

1407264126_1

“ONA VAXTINDA YARDIM GÖSTƏRİLMƏYİB”

Əzzaman Zeynalov 2 il əvvəl – 2015-ci ilin yanvarında Bakının Sabunçu rayonundan hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində hərbi xidmətini başa vurmasına 40 gün qalmış ailəsinə ölüm xəbəri gəlib:

“… Ötən il mayın 21-də Əzzamanın ölüm xəbərini aldıq. Məlum oldu ki, oğlumu ürəyindən vurublar. İlk gündən hadisənin adını intihar qoydular. Ancaq biz də öz xəttimizlə araşdırma aparırdıq, oğlumun əsgər yoldaşlarını kənara çəkib dindirirdik. Onlardan öyrəndik ki, Əzzaman mühüm obyektləri qoruyurmuş, həmin obyektlərə basqın olub, o, avtomat silahından 3 dəfə atəş açıb, qarşı tərəfin açdığı atəşdən yaralanıb. Vurulandan sonra ona vaxtında yardım göstərilməyib, 3 saat o vəziyyətdə qalıb. Hadisə baş verən zaman obyektin digər hissəsində keşik çəkən hərbçilər də bizə etiraf etdilər ki, həmin gün Əzzamanın avtomat silahının darağında 60 güllədən 57-si qalıb. Atdığı 3 güllə bu günə qədər tapılmayıb. Hansı ki, Əzzamanın ürəyinə cəmi bir güllə dəyib, o, dərhal keçinib. Aydındır ki, ürək nahiyəsindən güllə yarası alan şəxs dərhal keçindiyi üçün avtomat silahından davamlı atəş aça bilməzdi. Deməli, Əzzaman keşik çəkdiyi obyektə basqın edənlərə tərəf əvvəlcə 2 ədəd təlim, sonra isə 1 ədəd döyüş gülləsi atıb, qarşı tərəf isə onun ürəyindən vuraraq qətlə yetirib”.

Əsgər atası: “Cənab prezident, əsgər niyə ölməlidir?”

Ancaq Qazax hərbi prokurorluğundan ailəyə bildirilib ki, əsgər avtomat silahla özünə qəsd edib. Atanın iddiasına görə, Əzzamanın özünü öldürməsinə heç bir səbəbi olmayıb:

“Evə qayıtmasına 40 gün qalmış əsgər özünü niyə öldürsün ki?.. Həm də avtomat silahdan öz ürəyinə atəş açması praktik mümkün deyildi. Bu zaman onun sinəsinin döş hissəsi yanar, barıt hisi ilə bulanardı və güllə bədənində ilişib qalardı. Oğlumuza atəş nisbətən uzaqdan açılıb, ona görə də güllə sinəsini dəlib keçib, bədənində qalmayıb”.

CİNAYƏT İŞİNƏ XİTAM VERİLİB

Qazax Hərbi Prokurorluğundan “Qaynar xətt”ə bildirilib ki, əsgərin ölümü ilə əlaqədar istintaqı Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparıb. İstintaq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə aparılıb. Hərbi hissənin komandirləri və əsgər yoldaşları dindirilib. Bu il martın 6-da İstintaq İdarəsində “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilib.

Hüquqşünas Vaqif Alıyev deyir, əsgərin ailəsi qərardan baş prokurora şikayət verə bilər.

Elə mərhum əsgərin ailəsi də prezidentə ona görə müraciət edib ki, ölkə başçısı Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin çıxardığı qərarın ləğvinə, istintaqın yenidən aparılmasının Baş Prokurorluğa həvalə olunmasına kömək etsin, istintaqı şəxsi nəzarətində saxlasın.