Şabranda icra başçısının boru “əməliyyatı” – Fotofakt


Kənd sakinləri: «Bakıdan gəlmiş Dövran adlı bir harın 4 km-lik su xəttini yerli məmurlarla birləşərək kəsib aparıb metalloma verib, qalmışıq sussuz…»
sabran-icra-bascisi
Əbəs yerə demirlər ki, «Su həyatdır!». Çünki su olmasa, həyat olmaz. Elmi mənbələr də təsdiqləyir ki, yer planetində həyatın işartıları suda əmələ gəlib və sudan da qidalanıb.
Məsələni islamla bağlasaq, kim bilməsə də, ən azı Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və Şabran RPŞ-nin rəisi Əli Mərdanov bilməmiş deyil ki, islam tarixində «Kərbəla müsibəti» kimi bir qara tarix var. Belə ki, 10 oktyabr 680-ci ildə İraqın Kərbəla şəhəri yaxınlığında Məhəmməd (ə.s.) Peyğəmbərin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi 1 Yezid arasında qanlı döyüş olmuşdur və nəticədə Peyğəmbərin qızı Fatimənin oğlu Hüseyn vəhşicəsinə öldürülür. Hüseynin qoşununun zəifləməsinə səbəb isə döyüşçülərinin isti səhrada su ilə imtahana çəkilməsi olmuşdur ki, nəticədə qoşun susuzluqdan əldən düşmüş, düşmənə məğlub olmuşdur
Bəs Şabranın Qalaaltı kəndinə qarşı yezitliyi kim edir???
1502271258_mg-20170809-wa0001
Bunları ona görə xatırlatdıq ki, indi də çoxsaylı ailənin yaşadığı Şabranın Qalaaltı kəndi bir qurup tamahlılar tərəfindən su ilə imtahana çəkilməkdədir. Kənd sakinlərinin «Təzadlar»a göndərdikləri şikayətdə deyilir: «…Bizə «Kərbəla müsibəti»ni yaşadan Bakıdan gəlmiş və özünü iş adamı kimi təqdim edən Dövran adlı bir nəfərdir ki, Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovla, Şabran rayon Polis Şöbəsinin rəisi Əli Mərdanovla əlbir olaraq kəndimizə hələ Sovet dönəmində «Siyəzənneft»in balansında olmaq şərtilə çəkilmiş 4 km-lik su xətti borularını kəsib aparmış, kəndi susuz qoymuşdur. Rayon İcra Hakimiyyətinə etdiyimiz müraciətlərin heç birinin xeyri yoxdur.
1502271319_mg-20170809-wa0004
Xahiş edirik, səsimizi cənab Prezident İlham Əliyevin diqqətinə çatdırın ki, Şabranda bizə «Kərbəla müsibəti» yaşadan məmurlara qarşı ölçü götürülsün. Biz kənd camaatı yayın bu istisində susuz qırılırıq. Belə zülm olar? Kimsə tamah dişini itiləyib nəsə qamarlamaq üçün bizim üstümüzə gəlməlidir? Cənab nazir Ramil Usubovdan xahiş edirik, kənd camaatının xəbəri olmadan, polis əməkdaşlarının müşaiyəti ilə bu borular niyə kəsdirilib? Etiraz edənləri, hay-küy salanları isə həbslə hədələyiblər. Cənab nazirimiz Şabranın polis rəisini cəzalandırsın ki, bu müsibəti bizə yaşadıb. Xahiş edirik kömək edin…».
Məsələyə aydınlıq gətirilməsi üçün Şabran rayon İcra Hakimiyyətinin (+994 2335)-3-25-00 telefon nömrəsinə dəfələrlə zəng etsək də suallarımıza cavab verəcək məsul şəxs tapa bilmədik. Həmçinin Şabran RPŞ-də növbətçi polis əməkdaşı bizi rəislə calaşdırmadı.
İcra Hakimiyyətinin və RPŞ-nin məsul şəxslərinin mövqeyini öyrənməyə çalışırıq.