Rəsul Quliyev:Müxalifətin ölməməsinin qarşısını almaq hökümətin strategiyasının tərkib hissəsidi


Hər zaman qeyri-adi fikirləri, analizləri gündəm yaratmağı bacaran eks-spiker Rəsul Quliyevlə budəfəki söhbətimiz də maraqlı alındı. Onunla birgə Azərbaycanın gələcək perspektivinə nəzər salmağa çalışdıq. Buna nə qədər nail olduq, olmadıq; qərarı Siz dəyərli oxuculara buraxırıq.


Rəsul Quliyevin Ovqat.com-a müsahibəsinin I hissəsini təqdim edirik:

-Rəsul müəllim, neftin qiymətlərinin ucuzlaşmasıyla başlayan iqtisadi böhran Azərbaycanda qəribə bir situasiya yaratdı. Neft gəlirləriylə ölkəni idarə etməyə öyrəşmiş mövcud hakimiyyət yeni situasiyaya uyğun yol xəritələri tərtib etsə də, görünən budur ki, qarşıya qoyduğu hədəfləri tam reallaşdıra bilmir. Xalqın da sosial vəziyyəti getdikcə ağırlaşır. Sizə elə gəlmir ki, proseslər Karl Marksın dediyi “aşağılar köhnə qaydayla yaşamaq istəmir, yuxarılar köhnə qaydayla idarə edə bilmirlər” mərhələsinə doğru gedir. Siz, ümumiyyətlə, Azərbaycanın gələcəyini necə proqnozlaşdırırsınız?

-Siz Karl Marksın məşhur “inqilabi situasiya” nəzəriyyəsinin bizdə də təzahür edib-etmədiyini soruşursunuz. Amma unutmayın ki, bütün marksistlər hər inqilabi situasiyanın inqilabla nəticələnə bilmədiyini də etiraf ediblər. Bunun ən bariz nümunəsini isə elə Azərbaycanda görürük. Azərbaycanda çoxdan bu cür şərait yaranıb. Amma inqilabi şəraitin qələbəylə nəticələnməsinin başlıca amillərindən biri prosesin avanqardına çevriləcək təşkilatdır. Azərbaycanda isə elə bir təşkilat yoxdur.

-O zaman siz perspektivimizi necə görürsünüz?

-Gələcək barədə hər hansı proqnoz verməmişdən öncə bugünkü ictimai-siyasi vəziyyətin nədən ibarət olduğunu dərk etmək lazımdır. Azərbaycanda 1998-ci ildən 2003-cü ilə qədər idarə olunan  və 2003-dən bu günə qədər qismən idarə olunan total korrupsiya və rüşvət rejimi mövcuddur. 1994-cü ildən start götürən totalitarizm addımbaaddım irəliləyib ölkənin bütün hüceyrələrini zəhərləmişdir. Bu gün Azərbaycanda ölkənin korrupsiya və rüşvətsiz yaşaya biləcəyinə inanan bir insan belə tapmaq mümkün deyil. Başqa sözlə, mövcud rejim insanların manqurtlaşma prosesini təntənə ilə başa çatdırıb, indi total mütiliyə doğru irəliləyir…

-Bu vəziyyətdə müxalif qüvvələrin öhdəsinə hansı vəzifələr düşür?

-Müxalifət öz aləmində bu rejimlə mübarizə aparmaq və yıxmaq məqsədini qarşısına qoyubdur. Ancaq əks proseslər baş verib. 10 ballı sistemlə hesablansa, 1996-cı ildə ölkənin demokratiya yaradaca biləcək imkanları, məsələn, 6 bal gücündə qəbul edilsəydi, bu gün həmin göstərici maksimum 1 səviyyəsində olar. Həmin 1 bal isə klassik müxalifətə görə yox, 2013-cü ildən hərəkətə başlamış gənclərin hesabınadır. Hakimiyyətin məqsədi və atdığı addımlar  mənim üçün çoxdan aydındır. Təəssüf ki, bu həqiqət ölkədə rejimə qarşı ‘’mübarizə’’ aparan müxalifətin liderlərinə, professorlu, generallı, elm namizədli “ziyalılardan” ibarət olan komandası ilə birlikdə,  məlum deyil. Və ən əsas məsələ hakimiyyətin məqsədini anlamadıqları üçün 20 ildən çoxdur onlara xidmət etdiklərini də başa düşmürlər və daha artıq güclə xidmətlərini davam etdirirlər. İstənilən mübarizədə opponentin üstün və zəif cəhətlərini dərindən bilməsən, qalib gəlmək şansın sıfıra bərabərdir. Opponentin məqsədi və onu həyata keçirmək yollarını dərindən öyrənməsən, analiz etməsən, ən yaxşı variant mübarizəni saxlamaq, rəqibin özünü güclü hiss etməsinə yol verməmək olardı.

-Yəni deyirsiniz ki, müxalifət tamamilə özünü buraxmalıdır? Bəs, bunun bizə nə xeyri var? Azərbaycan Türkmənistana və ya Şimali Koreyaya çevrilməzmi?

-Sizin bu fikirləriniz özünü “müxalifət” adlandıran qüvvələrin əsas tezislərindəndir. Halbuki, hakimiyyətin elə bir niyyəti olsa, bu gün mövcud müxalif qüvvələrlə onu dayandırmaq mümkün olmazdı. Azərbaycan xalqının bəxti onda gətirib ki, Əliyevlər hakimiyyətinin elə bir niyyəti yoxdur.

 Bildiyiniz kimi, qismən az saxtakarlıqla keçmiş 1995-ci ildən sonra 7 saxta seçki keçirilib və vaxtilə müəyyən gücü olan müxalifət bu gün təsirsiz toza çevrilib. Ancaq bu günə qədər saxtakarlığın qarşısına ala bilməməyin əsl səbəblərini analiz edən bir yazıya belə rast gəlmək mümkün deyil. Çoxsaylı məğlubiyyətlərin fonunda müxalifətin “biz olmasaydıq, indi ölkədə Türkmənistan rejiminə bənzər bir rejim yaradılmışdı” və ya “biz İlham Əliyevə Azərbaycandan Şimalı Koreya düzəltmək imkanı verməyəcəyik” kimi şüarları olduqca gülünc görünür. Anlamaq olmur, bu zavallılarda belə bir təkəbbür hansı fundamentin əsasında yaranıb?

 Hörmətli bəylər və xanımlar, əgər Azərbaycan xalqının öz gələcəyinə sahib olub xoşbəxt yaşamısını istəyirsinizsə, bu tipli və daha ifrat yalanları buraxın, siyasi səhnədən gedin! Siz yaxşı aktyor ola bilmədiniz, tamaşalarınıza insanlar gəlmir.

 Mübarizə aparmaq istəyənlərin isə nəzərinə çatdırıram; istəyirsiniz, bunu dərslik kimi qəbul edin. İlk növbədə sizə mövcud rejimin mahiyyəti, planı və strateji hədəfinin nədən ibarət olduğunu izah etmək istəyirəm. Ata Əliyev kifayət qədər ağıllı (təqdir edib-etməməyimizdən asılı olmayaraq) adam idi. Onun Azərbaycandan nə Orta Asiya rejimləri, nə də Şimalı Koreya düzəltmək fikri yox idi. Əksinə, o, Azərbaycanı yaradacağı total korrupsiya rejimi ilə sivil Avropanın üzvü etmək fikirində idi və apardığı bütün siyasət bu istiqamətdə ildən-ilə güclənərək, davam edirdi. 1994-cü ildə imzalanmış Neft kontraktı ilə bu strateji plana start verildi.

 Bu illər ərzində Əliyevlər yaratdıqları totalitar rejimi qat-qat gücləndirib, beynəlxalq təşkilatlar və ölkələr tərəfindən isə dekorativ tənqiddən başqa heç bir konkret sərt bəyanatla qarşılaşmayıblar…

-Bəs, bunun səbəbini nədə görürsünüz?

-Əliyevlər bizim düşüncələrimizdən fərqli olaraq, beynəlxalq qurumlara sivil hakimiyyət olduqlarını sübut edə biliblər. Bunu isə bir neçə metodla həyata keçiriblər.

Əvvəla, bütün qanunlarını Vena komisiyasına ekspertizaya göndərib və özlərinə uyğun olanda tövsiyyələri qəbul ediblər.

İkincisi, Yunesko xətti ilə muzeylərin, şəkil qalareyalarının restovrasiya edilməsinə pul ayırıblar.

Üçüncüsü, Evrovizyon musiqi müsabiqəsi və Avropa oyunları çempionatını Bakıda təşkil edib və triumf keçirib.

Dördüncüsü, İslam oyunlarını təşkil edib.

Beşincisi, 10-larla qlobal problemlərinə həsr edilmiş beynəlxalq konfranslar məhz Bakıda keçirilib. Formula 1 yarışlarını təşkil ediblər

 Bunları qeyd etməkdə məqsədim özündənrazı, təkəbbürlü şəxslərə bildirməkdir ki, əgər siz istəsəniz, yalvarsanız belə, bu rejim Azərbaycanda nə Türkmənistan rejimi, nə də Şimalı Koreya yaradan deyil. Varidatlarını, mülklərini sivil ölkələrdə yerləşdirən, övladlarını ABŞ və Avropa institutlarına oxutduran minlərlə Azərbaycan çinovliklərinə Qərb lazımdır,  izolyasiyaya düşmək yox.

Bu həqiqəti dərk etmək üçün tarix professoru olmaq lazım deyil, sadəcə, hadisələrin qismən xronikasına baxmaq kifayət edər. Əgər baxsanız, görərsiniz ki, xarici təzyiqin axırıncı damlaya çatdığını hiss edən ata Əliyev ölüm cəzalarını ləğv etdi, 10-larla siyasi məhbusu azadlığa buraxdı və yenidən Avropanın üzünü  Azərbaycana döndərə bildi. İndiki Prezident hiss edəndə ki, Leyla Yunus və Xədicə İsmayıla görə sanksiyalar tətbiq edilə bilər, hər ikisini, əlavə Mirqədirov, Cəfərov, Əliyev və başqalarını azadlığa buraxdı, Qərblə əlaqələri yenidən bərpa etdi. Əliyevlər sizləri sivil ölkənin bir deklorasiyası kimi saxlayır, bunu anlamaq həqiqətənmi çətindirmi?

-Çox maraqlı məqama toxundunuz. Belə çıxır ki, indiki müxalifət hakimiyyətə lazımdır. Bununla nəyə nail olmaq istəyir?

– Düzgün anlamısınız. Sivil dünyanın qismən üzvü olmaq istəyirsənsə, ölkədə müəyyən atributlar olmalıdır. Əsas atribut müxalifətin olması və onun seçkilərdə iştirak etməsidir. Azərbaycanda hər kəs müxalifətin müqəvva olduğunu bilir. Ancaq kənardan belə görsənmir. Müxalifətin qəzetləri və sosial şəbəkələrdə səhifələri vardır. İnternetdən istədikləri kimi istifadə edə bilirlər (Azərbaycan internet istifadə edənlərin sayına görə Ermənistan və Gürcüstandan yuxarı səviyyədədirlər). Əgər səhv etmirəmsə, son 10 ildə heç bir müxalifət lideri həbs edilməyib. Lideri yox, onun 2-ci, 3-cü dərəcəli komanda yoldaşlarını həbs etmək nə deməkdir? Bəzilərinin qələmə verdiyi “bizdən qorxurlar, ona görə həbs edirlər” kimi gülünc ideyalara inanmaq çətindir. Çünki qorxu varsa, lideri həbs edərlər.  Bu həbslər əsasən ölmüş müxalifətin can verməsinin qarşısını almaqdır, onlara diqqəti cəlb etməkdir. Bir sözlə, müxalifətin ölməməsinin qarşısını almaq hökümətin strategiyasının tərkib hissəsidir. Bu minvalla onlara yenidən (böyük ehtimalla, kiminsə şoferi səviyyəsində) 2020-ci il parlament seçkilərində deputat yeri vəd edəcəklər.  Prezident seçkisi şousuna cəlb edəcəklər, yenidən TV-lərdə “Əliyevin pulları haradadır?” fəryadını qopartdıracaqlar, Avropa və ABŞ-da “Əliyevdən başqa Azərbaycanda lider yoxdur” fikri təkrarlanacaqdır.

Başqa sözlə desək, beynəlxalq qurumlara Azərbaycanın demokratik ölkə olduğunu sübut etməyin ən yaxşı forması müxalifətli rejim yaratmaqdır. Bu gün özünü demokratik qüvvə adlandıranlar da hakimiyyətə o şansı verirlər.

-Amma zaman-zaman hakimiyyət Qərbin sərt qınaqlarıyla da üzləşir. Bunu necə izah edərsiniz?

-Hansı qınaqlardan, təzyiqlərdən danışırsınız? Hansısa qeyri-hökumət təşkilatının verdiyi bəyanat hələ Qərbin rəsmi mövqeyini ifadə etmir. Rəsmi qurumlar isə hələ də sərt, prinsipial mövqe sərgiləməyiblər. Hər halda mən indiyədək belə bir mövqeyə rast gəlməmişəm. Mövcud rejim Qərbdən gələcəyi gözlənilən təzyiqləri məharətlə dəf etməyi bacarır. Bunun üçün isə bəzi metodlardan istifadə edir. Məsələn, bütün seçkilərdə istənilən partiyadan namizəd verməyə şərait yaradır, Avropanın tərifini qazanır. Seçkiləri saxtalaşdıranda isə Qərbi “səsvermə prosesi azad keçmədi” kimi dekorativ  bəyanat verməyə vadar edib yeni “zirvələrə”, yəni “bu ölkəni Əliyevlərdən başqa heç kim idarə edə bilməz” nöqtəsinə doğru gedirlər.

-Belə olan halda, Siz müxalifətə, yaxud Sizin təbirinizlə desək, müxalifət adına iddia edənlərə nə tövsiyyə verərdiniz?

-İlk növbədə hadisələrə real yanaşmaq, prosesləri düzgün analiz etmək lazımdır. Necə ki, diaqnozu düzgün verilməyən xəstəliyi uğurlu müalicə etmək mümkün deyil, səhv analizlə də doğru nəticə çıxarmaq olmaz. Müxalifət hər şeydən öncə rejimin xalqın yaşayış səviyyəsini heç bir təbii sərvəti olmayan Ermənistan və Gürcüstandan aşağı vəziyyətə salmasını real, obyektiv analiz etmək və həqiqətləri xalqa çatdırmaq yollarını düşünmək əvəzinə, hakimiyyətin əleyhinə “ildə 50 milyard dollar mənimsədilər” kimi mübahisəyə açıq arqumentlərdən əl çəkməlidir. Fikrimcə, demokratik qüvvələr adına iddialı olan təşkilatlar 24 ildən bəri davam etdirdikləri siyasətlərinin mənasız olduğunu anlamalı, estafeti gənclərə buraxmalıdır.

-Rəsul müəllim, sözsüz ki, mövcud rejimin indiki qədər güclü olmasında xarici faktorlar da az rol oynamayıb. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər naziri Lavrov bu yaxınlarda etdiyi çıxışlarından birində Qarabağ, Dinestryani  problemlərin ortaya çıxış səbəbinin Qərbin post-sovet ölkələrinə müdaxiləsinin qarşısını kəsmək üçün olduğunu etiraf etdi. Sizcə, bu etiraf Rusiyanın əsas hədəflərindən birinin Azərbaycan olduğunu göstərmirmi? Demokratik qüvvələr rus əngəlinə qarşı nə etməlidirlər?

(ardı var)

Söhbətləşdi: Heydər Oğuz

Ovqat.com