Fikrət Hüseynli Kiyevdə saxlanılma səbəbləri məlum oldu YENİLƏNİB


Ukrayna sərhəd xidməti rəsmi açıqlama yayıb. Jurnalist Fikrət Hüseynlinin İnterpol vasitəsilə axtarışda olduğu və Kiyev hava limanında saxlanıldığı təsdiqini tapdı. Fikrət Hüseynli Azərbaycan CM-nin 178 (dələduzluq) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

***

Ukraynada yaşayan azərbaycanlı fəallardan biri Yalçın Qəhrəman Borispol hava limanının polis bölməsində Fikrət Hüseynli ilə görüşüb. Y.Qəhrəman bildirir ki, oktyabrın 16-da Borispol məhkəməsində F.Hüseynli ilə bağlı məsələyə baxılacaq. F.Hüseynli özünü yaxşı hiss edir.

Oktyabrın 14-də səhər saatlarında “Turan TV”-nin əməkdaşı jurnalist Fikrət Hüseynli Ukraynanın paytaxtı Kiyev şəhərindən Almaniyanın Düsseldorf şəhərinə səyahət edən zaman Ukrayna Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Jurnalistə bildirilib ki, o, Azərbaycan tərəfinin tələbi ilə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Fikrət Hüseynli Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Ukrayna polisinə təhvil verilib. Hal-hazırda sənədləşmə işləri aparılır. Bu barədə Ukrayna Sərhəd Xidmətinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

get_img.jpeg

Fikrət Hüseynli Kiyevdə bir neçə gün olub və Ukrayna ərazisini tərk edərkən saxlanılıb. Kiyevdə olarkən o, izlənildiyini hiss edib. Bu barədə onun özü məlumat çatdıra bilib.

***

Fikrət Hüseynlinin Kiyevdə saxlanması ilə bağlı əldə olunan yeni məlumata görə, ona qarşı ittihamlardan biri də mühacirətə getdiyi zaman Azərbaycan sərhəddini qanunsuz keçməkdən ibarətdir.

Sərhədsiz Reportyorarın Ukraynadakı nümayəndəliyi hadisəni dərhal nəzarətə götürüb və nümayəndə Oksana Romaniuk bu məsələ ilə bağlı öz facebook profilində də məlumat yayıb.

Ukraynanın kütləvi informasiya vasitələri də hadisə barədə ətraflı məlumat alaraq, yayıb.

Holandiyanın xarici işlər Nazirliyi məsələ ilə bağlı məlumatlandırılıb və yaxın saatlarda Hollandiyanın Kiyevdəki səfriliyinin nümayəndəsi Fikrət Hüseynli ilə saxlandığı yerdə görüşəcək.

Məsələ ilə bağlı AŞ PA-dakı Ukrayna nümayəndəliyi və rəhbərliyi də məlumatlandırılıb.

Ukraynada qeyri hökumət təşkilatları ilə əlaqə saxlayırıq və yaxın saatlarda onu vəkillə təmin edə biləcəyik.