Fikrət Hüseynli 18 günlüyə həbs edilib


Bu gün, oktyabrın 17-də Ukraynada Borispol Şəhər Məhkəməsinin Niderland vətəndaşı olan jurnalist Fikrət Hüseynlibarəsində 18 günlük həbs-qətimkan tədbiri seçdiyi bildirilir.


Bu haqda «Turan» agentliyinə onun vəkiliDmytro Mazurok məlumat verib. Jurnalistin müdafiəsini Ukrayna Helsinki İnsan Haqları Birliyi təmin edir.

Vəkilin bildirdiyinə görə, F.Hüseynli 18 gün boyunca Kiyevdəki müvəqqəti saxlama təcridxanasında tutulacaq.

F.Hüseynlinin müdafiə tərəfi Borispol məhkəməsinin qərarı ilə razılaşmır. Onlar hesab edirlər ki, F.Hüseynli dərhal azadlığa buraxılmalı, onun vətəndaşı olduğu ölkəyə getməsi təmin edilməlidir.

Vəkil bildirib ki, qərardan ən qısa zamanda apellyasiya şikayəti veriləcək.

«Müdafiə tərəfi F.Hüseynli barəsində çıxarılmış qərardan apellyasiya şikayəti hazırlayır. Onun Niderlanddan jurnalist fəaliyyətinə görə basqılara məruz qalması ucbatından, siyasi mülahizələr üzrə sığınacaq alması haqda gərəkli bilgilər də bu gün keçirilən prosesdə təqdim edilmədi. Niderland Krallığının Ukraynadakı konsulluğu apellyasiya məhkəməsinədək həmin məlumatları da təmin edəcək», – vəkil qeyd edib.

Azadliq radiosu